Çinin Mienyen şəhəri koronavirusla mübarizə üçün Sumqayıta tibbi yardım göndərib » Memur.az

Çinin Mienyen şəhəri koronavirusla mübarizə üçün Sumqayıta tibbi yardım göndərib

Çinin Mienyen şəhəri koronavirusla mübarizə üçün Sumqayıta tibbi yardım göndəribÇin Xalq Respublikasının Mienyen şəhəri COVID–19 pandemiyası ilə mübarizə çərçivəsində Sumqayıt şəhərinə tibbi humanitar yardım göndərib.

Sumqayıt Şəhər İcra Hakimiyyətindən APA-ya verilən məlumata görə, humanitar yardıma xüsusi qoruyucu vasitələr daxildir.

Mienyen şəhərindən göndərilən tibbi ləvazimatlar bu gün Azərbaycan Hava Yollarının Karqo Terminalına çatıb. Tibbi ləvazimatlar dezinfeksiya olunduqdan sonra Sumqayıt şəhərinə gətirilib. Sumqayıt şəhər 1 nömrəli şəhər xəstəxanasında humanitar yardım qəbul olunub. Tibbi ləvazimatlar şəhərdəki tibb müəssisələrinə paylanılacaq və koronavirusla mübarizədə istifadə olunacaq.

Humanitar yarımın qəbulu zamanı vurğulanıb ki, Çin ilə münasibətlər Azərbaycan üçün prioritet istiqamətdir və ölkə başçıları tərəfindən əsası qoyulmuş siyasi dialoq ikitərəfli əlaqələrin daha da möhkəmlənməsinə şərait yaradıb. Dövlət başçılarının dostluq münasibətləri və qarşılıqlı etimadı ölkələrimizin müxtəlif istiqamətlərdə əməkdaşlığının dərinləşməsinə böyük imkanlar açır.

Qeyd edək ki, Sumqayıtla dostluq və əməkdaşlıq əlaqələri olan Çinin Mienyen və Sian şəhərlərindən Sumqayıt şəhər İcra Hakimiyyətinə müvafiq köməkliyin göstərilməsi ilə bağlı daxil olmuş müraciətlər əsasında bu şəhərlərə tibbi ləvazimatlar göndərilmişdi. Humanitar yardıma görə Mienyen sakinləri və şəhər rəhbərliyi Sumqayıt şəhər İcra Hakimiyyətinə təşəkkür məktubu da ünvanlamışdı.