Pivə qonaqlığı ölümlə başa çatdı- MƏHKƏMƏ ZALINDAN » Memur.az

Pivə qonaqlığı ölümlə başa çatdı- MƏHKƏMƏ ZALINDAN

Pivə qonaqlığı ölümlə başa çatdı- MƏHKƏMƏ ZALINDAN

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Gürcüstan vətəndaşını qətlə yetirməkdə təqsirləndirilən Bakı şəhər sakini, 1983-cü il təvəllüdlü Emin Xudaverdiyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Lent.az-ın məlumatına görə, hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə Gürcüstanın Azərbaycandakı səfirliyinin gələn məktub elan edilib. Məktubda qətlə yetirilən Kençoşvili Zviad Varlamoviçinin hüquqi varisinin səhhəti ilə bağlı məhkəməyə gələ bilməməsi, təqsirləndirilən şəxsdən şikayəti olduğunu və Azərbaycan Respublikasının qanunvericiliyində olan cəzanın ən yüksək həddinin verilməsini istəyib.

Bundan sonra dövlət ittihamçısı ittiham aktını elan edib. E. Xudaverdiyev ona qarşı verilən ittiham üzrə özünü təqsirli bilib.

Hakim Rauf Əliyev təqsirləndirilən şəxsə sərbəst ifadə verməyi təklif edib. E. Xudaverdiyev məhkəmədəki ifadəsində gürcünü öldürmək məqsədi olmadığını bildirib:
“Hadisə günü saat 6-7 arası olardı. “Neftçilər” metrostansiyasının yaxınlığında parkda oturub pivə içib, istirahət edirdim. Bir nəfər gəldi. Rus dilində mənə dedi ki, birlikdə pivə içək. Birlikdə içdikdən sonra bildim ki, gürcüdür. Bir qədər içdikdən sonra mənə dedi ki, avtovağzal tərəfə getməliyəm. Amma yolu tanımırdı. Mən ona “20 Yanvar” metrostansiyasına qədər onu yola salacağımı dedim. “Neftçilər”dən 82 saylı avtobusa mindik. “Koroğlu” stansiyasında düşdük. Yenidən pivə içmək istədi. Razılaşdım. Bir müddət keçmişdi ki, bu özünü buraxdı. Mənə ədəbsiz təklif etdi. Qəzəbləndim. İçkinin də təsiri çox oldu. Onu öldürmək məqsədim yox idi, sadəcə onu cəzalandırmağa çalışdım. Birinci mişar daşının dördə bir hissəsi ilə onu vurdum. O, başını tutdu və ana söyüşü söydü. Özümdən çıxdım. Artıq gözümə heç nə görünmürdü. Onu cəzalandırmalıydım. Mişar daşı ilə 3 dəfə ona zərbə endirdim. Gördüm nəfəsi gedib gəlmir. Qorxdum. Hadisə yerindən qaçdım”.


Təqsirləndirilən şəxs ifadə verdikdən sonra hakimin, dövlət ittihamçısının və vəkilin suallarına cavablandırıb. O, elədiyi cinayətə görə, peşman olduğunu bildirib.

İttiham olunan şəxsdən sonra ifadə vermək üçün onun xalası Lalə Novruzova kürsüyə gəlib. O, ifadəsində bacısı oğlunun hələ də belə bir cinayət törədəcəyinə inanmadığını vurğulayıb: “ Gecə saat 1-2 olardı. Evə gəldi, üstü-başı batmışdı. Əl-ayağı da əsirdi. Məndən pul istədi. Soruşdum ki, nə baş verib. O, hadisəni danışdı. İnanmadım. Dedim, yəqin pul almaq üçün yalan deyir. Emin isə əsirdi. Çıxdı getdi. Atası polisə zəng eləyib oğlunun belə bir cinayət törətdiyini bildirdi”.


Şahid qismində ölən Kençoşvili Zviad Varlamoviçin iş yoldaşı Arzu Feyzullayev də məhkəmədə ifadə verib. O, ifadəsində qətlə yetirən şəxslə 5-6 ay birlikdə işlədiyini deyib: “ 2013-cü ildə Zviadla tanış olmuşuq. Pirşağida restoran tikintisində işləyirdik. Xarici vətəndaş olduğu üçün onunla tez-tez maraqlanırdım. Deyirdim ki, burda yaddır, darıxar. Onunla münasibətimiz çox yaxşı idi. Çox içirdi. Elə buna görə də, pasportunu mənə vermişdi. Deyirdi ki, “içkili olanda salıb itirərəm”. Hadisə günü ona zəng elədim. Götürmədi, narahat oldum. Bir daha zəng etdim başqa adam danışdı. Səhəri gün Nizami rayon Prokurorluğundan zəng eləyib dedilər ki, bura gəlməlisən. Orda öyrəndim ki, gürcü iş yoldaşımı öldürüblər”.


Məhkəmə prosesi iyunun 1-də davam edəcək.


Qeyd edək ki, Emil Xudaverdiyev 24 iyul 2014-cü ildə saat 13 radələrində Nizami rayonu, R.Rüstəmov küçəsi 54 saylı binanın qarşında yerləşən istirahət parkında Gürcüstan vətəndaşı Kençoşvili Zviad Varlamoviçlə təsadüfən rastlaşıb. Brlikdə pivə içdikdən sonra “Koroğlu” metrostansiyasının yaxınlığına gəliblər. Onlar həmin yerdə yenə pivə içiblər. Alkoqol sərxoşluğu vəziyyətində olan Kençoşvili Emil Xudaverdiyevə qeyri-təbii yolla cinsi əlaqədə olmaqla seksual xarakterli hərəkətlər etməyi barədə əxlaqsız təklif edib. Bundan hiddətlənən Emin Xudverdiyev qisas məqsədilə gürcü vətəndaşı amansızlıqla qətlə yetirib. O, mişar daşı (kubik) ilə Kençoşvilinin başına və bədəninə dəfələrlə zərbə endirib. Hadisəni törədən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş 1983-cü il təvəllüdlü Emil Xudaverdiyev isə respublikadan qaçmaq istəyərkən Gürcüstan sərhədində saxlanılıb.