Tarix : 13-05-2015, 12:15 | Bölmə: Sosial

Leyla Əliyeva bir milyonuncu ağacı əkib

Mayın 12-də “Yaşıl Marafon” layihəsi çərçivəsində Xəzər rayonunun Zirə qəsəbəsində bir milyonuncu ağac əkilib.

Lent.Az-ın Heydər Əliyev Fondunun mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva tədbirdə iştirak edib.

Əvvəlcə Leyla Əliyeva IDEA İctimai Birliyinin dəstəyi ilə Zirədə tikilmiş müasir istixana kompleksi ilə tanış olub.

Kompleksdə Azərbaycanda nadir rast gəlinən və idxal olunan ağac və bitki növləri yetişdirilir. Sahəsi 20 hektar olan kompleksdə 100 nəfərdən artıq işçi çalışır. Hər il burada 2-3 milyon bitki və gül kolu yetişdirilir.

500 gül növünün yetişdirildiyi istixana 6 bölmədən ibarətdir. Bu bölmələrdə toxumlar və şitillər becərilir, o cümlədən xəstə bitkilər müalicə olunur.

Sonra Leyla Əliyeva ağacəkmə aksiyasında iştirak edib. O, “Yaşıl Marafon” layihəsi çərçivəsində bir milyonuncu ağacı əkib.

Ağacəkmə aksiyası çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə ümumilikdə bu ərazidə IDEA İctimai Birliyinin 100-ə yaxın könüllüsü tərəfindən 5 min ağac əkilib.

Leyla Əliyeva yaradılmaqda olan IDEA ekoparkı ilə də tanış olub, burada Azərbaycanda nəsli kəsilməkdə olan heyvanlar üçün yaradılmış şəraitlə maraqlanıb.

Oxşar xəbərlər