Gövhər Baxşəliyeva: Təhqir, söyüş baş alıb gedir » Memur.az

Gövhər Baxşəliyeva: Təhqir, söyüş baş alıb gedir

Gövhər Baxşəliyeva: Təhqir, söyüş baş alıb gedirDaha bir millət vəkili, akademik, Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyeva son zamanlar sosial şəbəkələrdə gedən müzakirələrlə bağlı sərt mövqe sərgiləyib.

Oxu.Az-ın xəbərinə görə, millət vəkili mətbuata açıqlamasında bildirib ki, sosial şəbəkələr müasir dövrün ən mühüm yenilik və nailiyyətlərindən biridir, insan həyatı və münasibətlərinə ciddi təsir göstərən, hətta onların xarakterində dəyişikliklərə səbəb olan bir amildir.

“O mənada ki, sosial şəbəkələr insanlar arasında məkan və məsafə məfhumunu aradan qaldırır, bir-birindən minlərlə kilometr aralıda olan fərdlərə asanlıqla təmasa girmək, həm ictimai məzmunlu fəaliyyətdə olmaq və müzakirələr aparmaq, həm də şəxsi əlaqələr qurmaq üçün geniş meydan açır.

Bu baxımdan sosial şəbəkələri XXI əsrin unikal imkanı kimi dəyərləndirmək olar.

O da şübhəsizdir ki, sosial şəbəkələr məhz pozitiv niyyətlə-insanların ünsiyyətini asanlaşdırmaq, informasiya mübadiləsini sürətləndirmək hədəfi ilə yaradılıb.

Lakin hər bir müsbət imkandan özünün mənfi məqsədləri, çirkin niyyətləri üçün istifadə edənlər də tapılır”, - deyən millət vəkilinin sözlərinə görə, Azərbaycan hakimiyyəti sosial medianın qeyd olunan müsbət cəhətlərini nəzərə alaraq, bu sahədə tam azadlıq və sərbəstliyi təmin edib. Halbuki bu azadlıq heç də dünyanın bütün ölkələrində təmin edilmir, bir sıra ölkələrdə bu və ya digər səbəblərdən sosial şəbəkələrə çıxışa tam və ya qismən məhdudiyyətlər tətbiq olunur:

“Azərbaycanda da zaman-zaman bununla bağlı haqlı narahatlığa söykənən müəyyən çağırışlar səslənsə də, prezident İlham Əliyev azad internetin və sosial şəbəkələrin sərbəst fəaliyyətinin prinsipial tərəfdarı kimi çıxış edir.

Təəssüflər olsun ki, ölkə başçısının dövlətimiz və cəmiyyətimiz üçün böyük və strateji əhəmiyyət daşıyan bu mövqeyi heç də bütün vətəndaşlar tərəfindən düzgün qiymətləndirilmir, yaradılmış imkandan sui-istifadə edən fərdlər və qruplar müşahidə olunur.

Bir sıra hallarda isə bütün mənəvi-əxlaqi çərçivələrin aşılması ilə təhqirin, söyüşün baş alıb getdiyini görürük ki, buna heç bir vəchlə biganə qalmaq olmaz.

Hazırda sosial şəbəkələr informasiya müharibəsinin, ideoloji mübarizənin meydanına çevrilib. Müharibə şəraitində olan bir ölkə kimi Azərbaycanın sosial şəbəkə istifadəçiləri də bu istiqamətdə səmərəli fəaliyyət göstərməyə çalışmalıdırlar.

Lakin bəzi üzdəniraq sosial şəbəkə fəalları bunun əvəzinə, daxildəki ən kiçik problemləri belə şişirdərək ölkəmizi gözdən salmaqla, bu azmış kimi, dövlət və hökumət rəhbərliyini, ölkə parlamentini hədəfə almaqla, necə deyərlər, düşməni sevindirmək, onun əlinə bəhanə vermək xətti tutublar...”.

Millət vəkilinin dediyinə görə, əlbəttə, hər bir sosial şəbəkə istifadəçisinin istənilən dövlət qurumunun işində rastlaşdığı çatışmazlıqları tənqid etmək, qarşılaşdığı neqativ halları ictimaiyyətə çatdırmaq hüququ var və buna ölkəmizdə heç bir məhdudiyyət qoyulmur:

“Əksinə, çoxsaylı faktlar va ki, məhz sosial şəbəkələrdə bu və digər dövlət orqanının, vəzifəli şəxsin işindəki nöqsanlarla bağlı tənqidlərə adekvat reaksiya verilib və problemlər operativ surətdə aradan qaldırılıb.

Lakin bəziləri bu imkandan da yararlanmaq istəməyib, açıq təhqirlər yağdırmaq, qarşıdurma yaratmaq, ictimai aqressiyaya rəvac vermək yolu ilə getməyi üstün tuturlar.
Onlar bununla istər-istəməz Azərbaycanın düşmənlərinin maraqlarına xidmət etmiş olurlar, çünki sirr deyil ki, ölkəmizdəki sabitlik və davamlı inkişaf bir çox xarici qüvvələri, ilk növbədə bədnam qonşumuzu narahat edir.

Ona görə sosial şəbəkələrdən söyüş və təhqir maşını kimi istifadə edərək ölkəmizin adına xələl gətirənlər düşmənin onların hərəkətlərindən məmnunluğunu görməli, dayanıb düşünməli və öz davranışlarına yenidən baxmalıdırlar”.