"Münasibətlərimiz hər iki ölkənin strateji hədəflərinə çatmasında mühüm rol oynayacaq” - Novruz Məmmədov » Memur.az

"Münasibətlərimiz hər iki ölkənin strateji hədəflərinə çatmasında mühüm rol oynayacaq” - Novruz Məmmədov

"Münasibətlərimiz hər iki ölkənin strateji hədəflərinə çatmasında mühüm rol oynayacaq” - Novruz Məmmədov"Hazırda dünyada bir-birinə bu qədər yaxın olan iki dövlət tapmaq çətindir".

Bunu Azərbaycanın Baş naziri Novruz Məmmədov Türkiyə Cümhuriyyətinin 95-ci ildönümü münasibətilə Bakıda keçirilən rəsmi qəbulda bildirib.

O, Türkiyə xalqını Azərbaycan hökuməti adından 29 oktyabr - Respublika günü münasibətilə təbrik edib: "Azərbaycan-Türkiyə münasibətləri milli-mənəvi və mədəni dəyərləri ilə bir-birinə bağlı olan xalqlarımızın iradəsindən qaynaqlanır".

N.Məmmədov deyib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra onu tanıyan ilk dövlət Türkiyə olub: "Türkiyə Azərbaycanın dövlət quruculuğu yolunda atdığı addımları daim dəstəkləyib, həmişə Azərbaycanın haqq işi ilə bağlı səsini ucaldıb. Ölkəmizin ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycan xalqının yanında olub. Bu da dostluğumuzu, qardaşlığımızı nümayiş etdirir".

Baş nazir vurğulayıb ki, bu gün Azərbaycanla Türkiyə arasında siyasi, iqtisadi, hərbi, təhlükəsizlik və digər sahələrdə əməkdaşlıq yüksək səviyyədədir: "Münasibətlərimizin möhkəmlənməsində dövlət başçılarının şəxsi əlaqələrinin və qarşılıqlı səfərlərinin xüsusi əhəmiyyəti var. Əminəm ki, Azərbaycanla Türkiyə arasında tarixin sınaqlarından çıxmış dostluq və qardaşlıq münasibətləri hər iki ölkənin strateji hədəflərinə çatmasında mühüm rol oynayacaq”.