Ramil Usubov prezidenti Avropa Oyunları ilə bağlı əmin etdi » Memur.az

Ramil Usubov prezidenti Avropa Oyunları ilə bağlı əmin etdi

Ramil Usubov prezidenti Avropa Oyunları ilə bağlı əmin etdi

Aprelin 16-da Daxili İşlər Nazirliyində «Vətəndaşların şəxsiyyət vəsiqələri ilə təmin edilməsi»nin və « I Avropa Oyunları ilə əlaqədar ictimai qaydanın qorunması, ictimai təhlükəsizliyin təmin edilməsi və texniki vasitələrlə təminat sahəsində görülən işlər»in vəziyyətinə və qarşıda duran vəzifələrə həsr olunmuş geniş Kollegiya iclası keçirilib. Lent.az-ın nazirliyin saytına istinadən məlumatına görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubov müzakirəyə çıxarılan hər iki məsələnin aktual olduğunu, daxili işlər orqanlarının fəaliyyəti ilə bağlı mühüm sahələri əhatə etdiyini bildirib. Nazir vətəndaşların şəxsiyyəti təsdiq edən sənədlərlə təmin edilməsi işinin düzgün təşkilinin mühüm əhəmiyyətə malik olduğunu, son aylar Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin təşəbbüsü ilə əhaliyə şəxsiyyət vəsiqələrinin verilməsi və vətəndaş məmnunluğunun təmini məqsədilə paytaxtda və ölkəmizin bir sıra rayonlarında səyyar xidmətlərin keçirildiyini, belə tədbirlərin ictimaiyyət tərəfindən də razılıqla qarşılandığını, lakin göstərilən sahədə hələ xeyli görüləsi işlərin olduğunu diqqətə çatdırıb.

İlk Avropa Oyunlarının ölkəmizin son illər artan beynəlxalq nüfuzunun və iqtisadi gücünün, regionda lider dövlətə çevrilməsinin, prezident İlham Əliyevin rəhbərliyi ilə respublikada həyata keçirilən geniş quruculuq, abadlıq işlərinə, köklü demokratik, hüquqi islahatlara verilən yüksək qiymətin əyani göstəricisi olduğunu xatırladan daxili işlər naziri bu mötəbər beynəlxalq idman yarışlarına hazırlıq işlərinin sürətlə getdiyini, planlaşdırılan tədbirlərin ardıcıllıqla yerinə yetirildiyini və ciddi nəzarətdə saxlanıldığını qeyd edib. Sözügedən ümumdövlət əhəmiyyətli tədbir ərəfəsində respublikada ictimai asayişin və daxili təhlükəsizliyin etibarlı qorunması və I Avropa Oyunlarına hazırlıqla bağlı dövlətin, hökumətin dəstəyi sayəsində böyük bir fəaliyyətin ortaya qoyulduğu xüsusi vurğulanıb.

Mövcud kriminogen duruma toxunan nazir əvvəlki illərdə olduğu kimi cari ilin birinci rübündə də cinayətkarlığa qarşı mübarizə, ictimai təhlükəsizliyin təmin edilməsi, insan hüquq və azadlıqlarının qorunması üzrə kompleks tədbirlərin uğurla davam etdirildiyini, bütövlükdə qarşıda duran vəzifələrin layiqincə yerinə yetirildiyini bildirib.

Gündəlikdəki birinci məsələ ilə bağlı Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin rəisi, polis general-mayoru Ərziman Əliyev məruzə ilə çıxış edib.
Qeyd olunub ki, cari ilin dekabr ayından yeni nəsil şəxsiyyət vəsiqələrinin tətbiqinə başlanılacağı nəzərə alınaraq qarşıda duran məsələlərin operativ həlli məqsədilə DİN-in müvafiq əmri ilə rəhbər vəzifəli əməkdaşlardan və mütəxəssislərdən ibarət Xüsusi Komissiya yaradılıb.

Komissiya tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində biometrik şəxsiyyət vəsiqələrinin çap olunacağı 9 regional mərkəzin infrastrukturu yenilənib, «Giriş-çıxış və qeydiyyat» İdarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin şəxsiyyət vəsiqələri üzrə alt sisteminin təkmilləşdirilməsi ilə bağlı texniki layihə hazırlanıb.

Baş İdarənin nəzarəti altında keçirilmiş tədbirlərlə səyyar qruplar tərəfindən etibarlılıq müddəti bitmiş 200 minədək şəxsiyyət vəsiqəsi dəyişidirlib, xarici ölkələrdə yaşayan vətəndaşların siyahıları dəqiqləşdirilib. Respublikanın ümumtəhsil müəssisələrinin 9-cu və 11-ci sinif şagirdlərinin şəxsiyyət vəsiqələri ilə təmin edilməsi işinin sürətləndirilməsi üçün ötən il orta məktəblərdə məqsədli tədbirlər təşkil olunub, ölkə üzrə 197.723 şagird şəxsiyyət vəsiqəsi ilə təmin edilib.

I Avropa Oyunları ilə əlaqədar ictimai qaydanın qorunması, ictimai təhlükəsizliyin təmin edilməsi və texniki vasitələrlə təminat sahəsində görülən işlər barədə Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi, polis general-mayoru Cavanşir Məmmədov, Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov və Baş İnformasiya-Kommunikasiya İdarəsinin rəisi, polis general-mayoru Dilqəm Aslanov məruzələrlə çıxış ediblər.

Qeyd olunub ki, qarşıya qoyulan vəzifələrin tam və vaxtında yerinə yetirilməsi üçün hələ 2013-cü il fevral ayının 4-də Nazirlikdə əməliyyat müşavirəsi keçirilib. Müşavirənin qərarına əsasən texniki vasitələrə, əşya və ləvazimatlara olan tələbat müəyyən edilib, xüsusi komissiya yaradılıb, təşkilati iş, şəxsi heyətin hazırlığı, profilaktik tədbirlər, ictimai qaydanın qorunması, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi sahələrində qarşıda duran vəzifələrə dair tədbirlər planı təsdiqlənərək icraya yönəldilib.
Təhlükəsizlik məsələlərinin həlli ilə bağlı Avropa Oyunları Əməliyyat Komitəsi tərəfindən yaradılmış işçi qrupun tərkibində Nazirliyin əməkdaşları da iştirak edirlər.
Oyunlar zamanı ictimai qaydanın, ictimai təhlükəsizliyin etibarlı təmini, yarış və qeyri-yarış obyektlərinin mühafizəsi məqsədilə Dislokasiya Planı hazırlanaraq təsdiqlənib. Nazirliyin xidmətlərinin, ərazi polis orqanlarının, nizami polis hissələrinin və Daxili Qoşunların hərbi qulluqçularının fəaliyyətinin koordinasiyası, tədbirin təşkilatçıları, aidiyyəti dövlət qurumları ilə qarşılıqlı əlaqələrin təşkili, əməliyyat şəraitinin fasiləsiz izlənilməsi, vəziyyətin dəyişməsinə operativ reaksiya verilməsi, hüquq qaydasına nəzarətin həyata keçirilməsi məqsədilə müvafiq əmrlə Əməliyyat Qərargahı və əlavə köməkçi qərargahlar yaradılıb.

Kollegiya iştirakçılarının nəzərinə çatdırılıb ki, Oyunlar zamanı asayişin qorunması sahəsində təcrübə mübadiləsinin səmərəliliyinin artırılması üçün cari ilin martın əvvəllərində Avstriya Federal Daxili İşlər Nazirliyinin və Vyana Polis Departamentinin ictimai təhlükəsizlik bölməsinin əməkdaşları Azərbaycanda səfərdə olub. Baş İctimai Təhlükəsizlik İdarəsində, «Təhlükəsiz şəhər», «102» xidməti-zəng mərkəzində görüşlər, Çevik Polis Alayında seminar-məşğələlər keçirilib, təhlükəsizlik məsələlərinə dair fikir mübadiləsi aparılıb.

Bununla yanaşı, martın 10-da I Avropa Oyunları zamanı ictimai qaydanın qorunması, ictimai təhlükəsizliyin təmin edilməsi, cinayətlərin qarşısının alınması, ərazinin mühafizəsi və nəzarət-buraxılış tədbirlərinə cəlb ediləcək qüvvə və vasitələrin ümumi sayını və funksiyalarını müəyyən edən plan-hesab hazırlanaraq köməkçi qərargahlara təqdim olunub. O da qeyd olunub ki, martın 27-də daxili işlər naziri, general-polkovnik Ramil Usubov tərəfindən Bakı Olimpiya Stadionunda, Milli Gimnastika Arenasında, Atletlər və Media kəndlərində, Bakı İdman Zalında, Avropa Oyunları Parkında, BMX Veloparkında, Bakı Atıcılıq Mərkəzində xidmətin təşkilinin vəziyyəti yoxlanılıb.

Avropa Oyunları Əməliyyat Komitəsi ilə birgə aparılmış ilkin hesablamalara görə nəzarət-buraxılış yerlərində xüsusi yoxlama avadanlıqlarından istifadə ediləcəyi nəzərdə tutulur. Avropa Oyunlarına hazırlığın mühüm komponentlərindən olan yol hərəkəti təhlükəsizliyinin təşkili ilə əlaqədar 2014-cü ildə və cari ilin ötən dövründə 798 ədədi günəş enerjisi ilə qidalanan olmaqla 2377 yeni yol nişanı qoyulub və ya yenisi ilə əvəzlənib, 25 təkrarlanan işıqfor obyekti quraşdırılıb, küçə və yollarda 224 min paqonmetr cizgiləmə işləri aparılıb. Bakı şəhərində 290 nöqtədə videomüşahidə kameralarının quraşdırılması üzrə işlərin 65%-i artıq tamamlanıb. Hazırda «Təhlükəsiz Şəhər» sisteminin respublika üzrə (Metropoliten də nəzərə alınmaqla) 2039 nöqtədə 8085, o cümlədən paytaxtda 1356 nöqtədə 4224 kamerası quraşdırılıb.
İctimai asayişin qorunmasında iştirak edəcək bayır xidməti əməkdaşlarının peşə hazırlığının və vətəndaşlarla ünsiyyət səviyyəsinin yüksəldilməsi məsələlərinə də böyük önəm verilərək lazımi tədbirlər davam etdirilib. Belə ki, daxili işlər orqanlarında xidmətə qəbul zamanı xarici dil bilən namizədlərə üstünlük verilib, habelə «Polis əməkdaşının davranış qaydaları» adlı metodik vəsait hazırlanaraq öyrənilməsi üçün bütün orqan və hissələrə göndərilib, Çevik Polis Alayının və paytaxtın orqan və hissələrinin bayır xidmətinin ümumilikdə 1000 əməkdaşı üçün ingilis dili kursları təşkil edilib. Diqqətə çatdırılıb ki, Əməliyyat Komitəsi tərəfindən mütəmadi olaraq işçi qrupun iclasları keçirilir, yaranmış problemlərin aradan qaldırılması istiqamətində zəruri tədbirlər görülür.
Məruzə ətrafı çıxışlarda müzakirə olunan məsələlər üzrə görülmüş işlər barədə ətraflı danışılıb və qarşıda duran vəzifələr qeyd olunub.

İclasa yekun vuran nazir ucqar kənd və qəsəbələrdə səyyar qrupların fəaliyyətinin daha da gücləndirilməsinin, əhalinin bütün təbəqələrinin müvafiq sənədlərlə təmin edilməsinin ciddi nəzarətdə saxlanılmasının, eyni zamanda, bu sahədə süründürməçilik hallarının qarşısının tam alınmasının, bu işlərə ərazi polis orqanları rəislərinin, müvafiq xidmət rəhbərlərinin, habelə kurator rəis müavinlərinin nəzarəti artırmalarının vacibliyini bir daha qeyd edib. Həmçinin, şəxsiyyət vəsiqəsi almaq üçün edilən müraciətlərə ən qısa müddətdə baxılıb həll olunmasının, hazırlanmış sənədlərin dərhal sahiblərinə təqdim edilməsinin zəruriliyi nəzərə çatdırılıb.

Daxili işlər naziri adıçəkilən tədbirin ölkəmizin adına və nüfuzuna layiq təhlükəsizlik və əmin-amanlıq şəraitində keçirilməsinin, baş verə biləcək istənilən fövqəladə vəziyyətə hazırlıq məqsədilə vaxtaşırı təlim-məşqlərin təşkilinin, əməliyyat şəraitinin ciddi nəzarətdə saxlanılmasının, Nazirliyin müvafiq strukturlarının aidiyyəti dövlət orqanları ilə davamlı informasiya mübadiləsi aparmasının, şəxsi heyətin mənəvi, psixoloji və peşəkar hazırlığının daha da yüksəldilməsinin vacibliyindən danışıb.

Çıxışının sonunda nazir, general-polkovnik Ramil Usubov ölkə prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevi əmin edib ki, vətəninə, xalqına və dövlətinə sədaqətli olan daxili işlər orqanlarının şəxsi heyəti qarşıdan gələn I Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsi üçün üzərinə düşən bütün məsul vəzifələri əzmlə yerinə yetirəcək.