MİLLƏT VƏKİLİ Nəriman Əliyevin SAXTA DİPLOMU barədə YENİ ŞÜBHƏLƏR » Memur.az

MİLLƏT VƏKİLİ Nəriman Əliyevin SAXTA DİPLOMU barədə YENİ ŞÜBHƏLƏR

MİLLƏT VƏKİLİ Nəriman Əliyevin SAXTA DİPLOMU barədə YENİ ŞÜBHƏLƏRAzərbaycanda saxta diplomla vəzifə tutmaq adi hala çevrilib

Masallının deputatı Nəriman Əliyevin saxta diplomu ilə bağlı yeni yeni məlumatlar daxil olub. Qeyd edək ki, bir müddət əvvəl mediada deputatın diplomunun saxta olması barədə məlumatlat yayılmışdı. Məlumatlarda bildirilirdi ki, deputat 1985-ci ildə Bakı Ticarət Texnikumuna daxil olub və 1988-ci ildə hərbi xidmətdən tərxis olduqdan sonra təhsilini davam etdirərək, adıçəkilən təhsil qurumunun məzunu olub.
Tərcümeyi-halında yazıldığına görə, Nəriman Əliyev 1998-2003-cü illərdə Rostov Dövlət Universitetinin hüquq fakültəsində təhsil alıb və oranı bitirib. Həmçinin o da məlum olub ki, millət vəkili 1999-cu ildə "Nur-M” MMC adlı şirkəti təsis edib.

2010-cu ildən Milli Məclisin deputatı olan Nəriman Əliyev YAP-ın üzvüdür və hazırda parlamentdə hüquq komissiyasında təmsil olunur.

Millət vəkili rus dilini bilmir?

Məlumata görə, Nəriman Əliyev Rostov Dövlət Universitetində oxumayıb və aldığı diplom da saxtadır. Hətta bu iddianı irəli sürənlər onun ümumiyyətlə rus dilini bilmədiyini deyirlər.

Deputat Nəriman Əliyevin diplomunun saxta olması isə yeni-yeni suallar doğurur. Məsələnin nə dərəcədə ciddi olmasını araşdırmaq üçün Rostov Dövlət Universitetinə sorğu göndərilib. Əslində Rostov Dövlət Universitetinin adı artıq 2006-cı ildən Cənub Federal Universitetinə dəyişib. Redaksiya universitetin hazırkı rektoru Borovskaya Marina Aleksandrovnaya ünvanladığı sorğuda 2003-cü ildə sözü gedən universitetin hüquq fakultəsini bitirmiş Əliyev Nəriman Əlibala oğlunun Rostov Dövlət Universitetinin məzunu olub olmaması barədə məlumat almağa çalışıb. Sorğunun göndərilməsindən kifayət qədər vaxt keçməsinə baxmayaraq universitet rəhbərliyindən cavab almaq mümkün olmayıb.

Şübhələrə yol açan DİPLOM

Universitetin rəsmi saytında məzunlarla bağlı bölümdə müxtəlif illərdə ali təhsil ocağını bitirmiş məzunların siyahısı dərc edilib. Amma həmin siyahıda Əliyev Nəriman Əlibala oğlunun adına rast gəlmək mümkün olmayıb. Bundan əlavə Rostovda yaşayan və hazırda Cənub Federal Universitetində (keçmiş adı Rostov Dövlət Universiteti) çalışan, əslən azərbaycanlı olan ziyalı soydaşlarımızdan bir neçəsinin redaksiyamıza verdiyi məlumata görə, onlar uzun illərdir ki, sözü gedən universitetdə işləyirlər və həmin ali təhsil ocağını bitirmiş azərbaycanlıları da yaxşı xatırlayırlar. Amma məzunu olmuş hər hansı Əliyev Nəriman Əlibala oğlunu nədənsə yada sala bilmirlər.

Azərbaycanda saxta diplomlular

Bu məsələnin bizlər üçün maraq kəsb edən məqamları ondan ibarətdir ki, Azərbaycanda saxta diplomlular kifayyət qədərdir, onların əksəriyyəti isə vəzifə başında oturublar. Bu isə ölkədəki "əlverişli siyasi mühitin" göstəricisidir ki, Azərbaycanda saxta diplomla vəzifə tutmaq adi hala çevrilib.xalqxeber.az

Məsələ ilə bağlı qarşı tərəfi dinləməyə hazırıq.