Hacıbala Abutalıbova məxsus olduğu iddia edilən bazar da "çökür" » Memur.az

Hacıbala Abutalıbova məxsus olduğu iddia edilən bazar da "çökür"

Hacıbala Abutalıbova məxsus olduğu iddia edilən bazar da "çökür"

Suraxanı rayonu ərazisində yerləşən "Günəş" Ticarət Mərkəzi son günlərini yaşayır. Vaxtilə bu ticarət mərkəzində bütün dükanlar və piştaxtalar ticarətçilər tərəfindən icarəyə götürülərək, işlədilirdi. İndi isə bazarın yarısı boşdur. Buna səbəb isə müştəri qıtlığıdır.

Adıçəkilən ticarət mərkəzinin sahibinin Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov olduğu deyilir. Hazırda isə obyektin onun bacısı oğlu tərəfindən idarə edildiyi bildirilir.

Deyilənə görə, H.Abutalıbov bu ərazini Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı olduğu zamanlarda özəlləşdirib. Bakı meri olduqdan sonra isə ticarət mərkəzini bacısı oğluna həvalə edib. Həmin zamanlarda ticarət mərkəzi böyük pullar qazandırsa da, hazırda obyekt özünün son günlərini yaşayır.

Belə ki, devalivasiyadan sonra alıcılıq qabiliyyətinin aşağı düşməsi bazara gələnlərin sayına ciddi şəkildə təsir edib. İcarə haqları isə dəyişilməz olaraq qalıb. Bu haqda əməkdaşımıza satıcılar məlumat veriblər.

Ticarət mərkəzinin "çökməsi" xəbərini alan kimi oraya yollandıq. İçəri daxil olan kimi qarşımıza çıxan ilk görüntü boş dükanlar oldu. Normalda ticarət mərkəzlərində boş dükan tapmaq çətin olur. Burada isə əksinədir, dolu dükan tapmaq çətindir.

Öyrəndik ki, burada alver olmasa da, qiymətlər heç də ucuz deyil. Misal üçün qapalı dükanların aylıq icarəsi 200-300 manat arasında dəyişir. Meyvə və tərəvəz satılan piştaxtaların qiyməti isə yerinə görə fərqlənir.

Uzun zamandır ki, burada işləyən ticarətçilərlə də söhbətləşdik. Onların hər biri ticarət mərkəzinin müştəri baxımından bərbad durumda olduğundan gileyləndilər.

Tacirlərin sözlərinə görə, bir dönəm burada müştəri əlindən tərpənmək mümkün deyilmiş: "Əvvəllər həftənin istənilən günündə buraya müştəri axını var idi. Yaxşı da qazanırdıq. Amma indi o günləri daha görmürük. Nə gələn var, nə də gedən... Yalnız həftənin şənbə və bazar günləri bir az hərəkətlilik olur. O da kimsə meyvə, tərəvəz almağa gələndə... Başqa vaxtlarda isə milçək ovlayırıq".

"Deyirik ki, alver yoxdur. Batırıq... Siz də fikirləşirsiniz ki, əgər alver yoxdursa, niyə oturmusan, burada..? Çünki məcburam. Burada mənim kimi qalıb, işləyənlərin hamısı nisyə dəftəri ilə dolanırlar. Daimi müştərilərimiz var. Gəlirlər, nisyə alırlar. Ayın axırı maaş alanda qaytarırlar. Onlar da olmasa, lap batarıq. İcarə haqqını güclə ödəyirik. Alver oldu-olmadı, məcburən veririk. Endirim edilmir" - deyərək, tacirlərdən biri şikayətləndi.

Başqa bir satıcı isə deyir ki, belə getsə, onların hamısı iflasla üzləşəcəklər: "Deyilənlərə görə, manat bir az da ucuzlaşacaq. Əgər belə olsa, hamımız, təkcə burada işləyənlər yox, bütün bazarda, ticarət mərkəzlərində işləyənlər iflas olacaq. Biz özümüz də alıcıyıq. Bu, hər kəsə böyük ziyan vuracaq. Qardaşımın "Binə" Ticarət Mərkəzində dükanı var idi. Bir həftə öncə bağlamağa məcbur oldu. Çünki işləyə bilmirdi. Müştəri yoxdur. İndi özünə iş axtarır. Belə getsə, mən də özümə iş axtarası olacağam".