Moskvada Azərbaycan milli mətbuatının 140 illiyi qeyd olundu » Memur.az

Moskvada Azərbaycan milli mətbuatının 140 illiyi qeyd olundu

Moskvada Azərbaycan milli mətbuatının 140 illiyi qeyd olundu

Rusiya paytaxtında Azərbaycan milli mətbuatının 140 illik yubileyinə həsr olunan tədbir keçirilib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, tədbirdə Ümumrusiya Azərbaycan Konqresinin icraçı direktoru İlqar Hacıyev, Azərbaycan kütləvi informasiya vasitələrinin müxbir məntəqələrinin nümayəndələri və “Azərbaycan Konqresi” qəzetinin jurnalistləri iştirak ediblər.

Rusiyada fəaliyyət göstərən azərbaycanlı jurnalistləri təbrik edən ÜAK icraçı direktoru, Konqresin Rəyasət Heyətinin üzvü İlqar Hacıyev çıxışında müxbirlərin vətəndən uzaqda öz ölkələrini uğurla təmsil etdiklərini söyləyib: “Siz yazdığınız xəbər və məqalələrlə Rusiyadakı Azərbaycan diasporunun imicini formalaşdırırsınız. Sizin sayənizdə bizim diasporun həyatı barədə həm Azərbaycanda, həm də Rusiyada məlumat alırlar. Sizə yeni yaradıcılıq uğurları və layiq olduğunuz yüksəklikləri fəth etməyinizi arzulayıram”.

ÜAK-ın Nijeqorod vilayəti üzrə regional bölməsinin icraçı direktoru Roman Ağayev Rusiyadakı azərbaycanlı jurnalistləri peşə bayramları münasibətilə təbrik edərək onları ÜAK-ın Nijeqorod vilayəti üzrə regional bölməsinin rəhbəri adından təşəkkür məktubu ilə təltif edib.

Tədbirin sonunda iştirakçılar bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparıblar.