Ceyhun Bayramov tacikistanlı həmkarı ilə görüşüb  » Memur.az

Ceyhun Bayramov tacikistanlı həmkarı ilə görüşüb 

Ceyhun Bayramov tacikistanlı həmkarı ilə görüşüb Bu gün MDB Xarici İşlər Nazirləri Şurasının Düşənbə şəhərində keçirilən iclasında iştirakı çərçivəsində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov tacikistanlı həmkarı Sirociddin Muhriddin ilə görüşüb.

Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Tacikistan xarici işlər naziri, Azərbaycan ilə münasibətlərin inkişafına əhəmiyyət verildiyini və ikitərəfli əlaqələrin möhkəmləndirilməsi üçün addımların atıldığını qeyd edib. Bu xüsusda, qarşılıqlı səfərlərin vacib rolunu qeyd edən nazir Sirociddin Muhriddin Tacikistan Ali Məclisinin yuxarı palatasının sədrinin bu yaxınlarda Azərbaycana etdiyi səfərə istinad edib.

Ceyhun Bayramov səmimi qarşılamaya və qonaqpərvərliyə görə həmkarına təşəkkür edib. MDB Xarici İşlər Nazirləri Şurasının iclasına ev sahibliyini yüksək səviyyədə təşkil etdiyinə görə qarşı tərəfi təbrik edən Ceyhun Bayramov, bu iclasın üzv ölkələr arasında gündəlikdəki çoxsaylı məsələlərin müzakirəsinə əlverişli şərait yaratdığını söyləyib.

Ceyhun Bayramov Azərbaycan və Tacikistan arasında siyasi dialoqun yüksək səviyyədə olduğunu, ölkəmizin dost ölkə Tacikistanla ikitərəfli əlaqələrin inkişafına dəyər verdiyini qeyd edib.

Nazirlər bu yaxınlarda iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd ediləcəyi, XİN-lərarası məsləhətləşmələrin davam etdirilməsi, habelə iqtisadi-ticarət sahəsində əlaqələrin inkişafı perspektivləri, o cümlədən Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə birgə Hökumətlərarası Komissiyan növbəti iclasının keçirilməsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Görüşdə, həmçinin iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı faydalı əməkdaşlığı məsələləri müzakirə edilib.