Xəzər Aslanov Xızını kimə tapşırıb? » Memur.az

Xəzər Aslanov Xızını kimə tapşırıb?

Xəzər Aslanov Xızını kimə tapşırıb?

Azər Əlizadə və Arzu Əzizov cütlüyünün "subidarəçi" formatı rayon camaatını narazı salıb

Xızıda bəzi bələdiyyələrin hələ də sədrsiz qalması barədə ötən saylarımızda təqdim etdiyimiz qeydlərdən sonra maraqlı məlumatlar əldə etdişik. Məlum olub ki, faktiki olaraq rayonu Azər Əlizadə və Arzu Əzizov cütlüyünün subidarəçiliyinə tapşırmış Xəzər Aslanovun tapşırığı ilə Tıxlı kənd bələdiyyəsinə yeni sədr tapılıb.

Bu, Tıxlı kənd ümumi orta məktəbində müəllim işləyən Tıxlı bələdiyyəsinin sədr müavini Nəzakət İsmayılovadır. Yeni sədr Ermənistanın Basarkeçər rayonunda anadan olub. H.B.Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunun "Fizika -Riyaziyyat" fakultəsini bitirib. Xızını faktiki idarə edən "duetin" seçiminin məhz Nəzakət xanımın üzərinə düşməsi deyilənə görə, həm Arzu Əzizovu, həm də Azər Əlizadəni qane edir. Belə ki, vaxtilə Arzu müəllimin peşə məktəbində işçi olmuş yeni bələdiyyə sədrinin Azər Əlizadə ilə qohumluğu barədə informasiyalar var. Tərəfləri ortaq məxrəcə gətirən də bu amildir. Lakin Nəzakət xanımın bu təyinatla bağlı razılığını almaq da heç də asan olmayıb. Tıxlı kənd məktəbində müəllimə kimi çalışmasının onu tamamilə qane etdiyini önə çəkən N.İsmayılova bələdiyyə sədrliyindən imtina etsə də, tərəflər kompromisə gələrək yeni bələdiyyə sədrinin həm də məktəb müəlliməsi işləməsinə razılıq verməli olub. Qeyd edək ki, bu təyinat Tıxlı kənd camaatı tərəfindən də birmənalı qarşılanmayıb. Kənd ağsaqqallarının bir qismi bələdiyyə işlərinə rayon icra aparatı rəhbərlərinin müdaxiləsinin yolverilməz olduğunu önə çəkib. Həmçinin bildirilib ki, Tıxlı kəndində ali təhsuilli xanım ziyalılar heç də az deyil. Formal keçirilmiş seçkilərdə kənd camaatına onların sırasından seçim imkanı niyə verilməyib? Bu təyinatın bəzi gizlinlərini də diqqəti cəlb edən məqamlardan hesab etmək olar. Məlumat üçün bildirək ki, Xızının cəmi 2-3 kilometrliyində yerləşən Tıxlı kəndinin torpaq fondu yüksək qiymətləndirilir. Xızı şəhərinin torpaqlarının icra başçısı tərəfindən tamamilə hərraca qoyulduğunu nəzərə alsaq, cütlüyün Tıxlıya marağının əsas səbəblərini üzə çıxarmış olarıq. Bu baxımdan Həm Azər Əlizadə, həm də Arzu Əzizov üçün elə bir bələdiyyə sədri lazımıydı ki, "icranın" göstərişlərini qeyd-şərtsiz yerinə yetirsin. Bununla belə Tıxlı bələdiyyəsinin yeni sədrinin özünü sadəcə göstəriş icraçısı kimi aparacağına inam da azdır. Lakin o da məlumdur ki, rayon icra aparatının başçısı Xəzər Aslanovun bələdiyyə torpaqlarına xüsusi "məhəbbəti" var. Başçı və onun müavinləri Arzu və Azər müəllimlərin rayonda ələ keçirdiyi torpaq sahələrinin ümumi həcmi artıq düşündürücü həddi çoxdan aşıb.

Mahir Sevdimalıyev