İcra başçısı sakinlərin səbr kasasını daşdırıb » Memur.az

İcra başçısı sakinlərin səbr kasasını daşdırıb

İcra başçısı sakinlərin səbr kasasını daşdırıb

Razim Məmmədovun razılığı ilə həyata keçirilən "yaşıl soyqırım"a nə vaxt son qoyulacaq?

Məmur ağaclara qarşı sərgilədiyi aqressiv münasibətdən əl çəkmək fikrində deyil

Ekologiya məsələsi və paytaxtda ağacların kəsilməsinə qarşı mübarizə şəxsən ölkə başçısının nəzarətindədir. Prezident İlham Əliyevin Bakıda ağacların qanunsuz kəsilməsi ilə bağlı dəfələrlə sərt çıxışlar etdiyi məlumdur. Dövlət başçısı belə çıxışlarının birində ayrı-ayrı iş adamlarının yerli məmurlarla əlbir olaraq Bakıda gecələr xəlvəti olaraq ağacları kəsdiyi, yerində binalar, ticarət obyektləri inşa etdirdiklərini demişdi. Prezident belə halları "vicdansızlıq" adlandıraraq onların qarşısının qətiyyətlə alınması, qanunsuz olaraq ağac kəsənlərin cinayət məsuliyyətinə cəlb olunmasını tələb etmişdi. Ölkə başçısının məlum iradlarından sonra həm paytaxtda, həm də bölgələrdə yaşıllıqların məhv edilməsi halları bir qədər səngidi. Ancaq bəzi icra başçıları yenə də öz bildiyini edir. Həmin məmurlardan biri də Xətai Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Razim Məmmədovdur. Sakinlər arasında yaşıllıqlara qənim kəsilən icra başçısı görüntüsü yaradan məmurla bağlı yuxarılara ünvanlanan şikayətlərin ardı-arası kəsilmək bilmir.

Xətai rayonu, Köhnə Günəşli qəsəbəsi İnqilab İsmayılov (keçmiş Qulam Yəhya) küçəsindəki 24, 26, 28 və 30 saylı evlərin arasında, sakinlərin istirahəti üçün nəzərdə tutulan torpaq sahəsində üçmərtəbəli yaşayış evinin tikilməsi haqda dünənki sayımızda xəbər vermişdik. Qeyd edək ki, bu ərazidə indiyə kimi üç belə bina tikilib (kimin icazəsi ilə, məlum deyil). Sakinlər etiraz etdikdən sonra tikinti dayandırılsa da, aparılan tikintinin söküntüsü həyata keçirilmir. Bu isə onu göstərir ki, hazırda saxlanılmış tikinti işləri nə vaxtsa davam edəcək. Buna görə də həmin yarımçıq tikintiyə dəyib-toxunulmur. Əldə etdiyimiz məlumata görə, orada ev tikən şəxs bir nazirin qohumudur. Və bildirilir ki, əslən Qax rayonundandır. Onu da qeyd edək ki, Xətai rayonunda yaşıllığın vandalcasına qırılması, vətəndaşların narazı salınması, onların şikayətlərinin eşidilməməsi adi hal alıb. İcra başçısı Razim Məmmədov rayon ərazisində necə bilir elə də hərəkət edir. Sanki toxunulmazlıq statusuna malikdir. Elə buna görədir ki, yuxarı instansiyalara edilən şikayətlər cavabsız, yaxud baxılmamış qalır. Cəzasız qaldığını görən başçı qanunsuz əməllərinin sayını hər gün bir az da artırır. Xatırladaq ki, ötən ilin noyabr ayında Xətai rayonu, İnqilab İsmayılov küçəsi 3, 4 və 5-ci binaların sakinləri ağacların kəsilməsinə kəskin şəkildə etirazlarını bildirmişdilər. Belə ki, sakinlər gecə səhərə qədər yatmamış, çoxillik ağacların ekskavatorlarla kökündən çıxarılmasına etirazlarını bildirmişdilər. Etiraza qalxan sakinlərə polis müdaxiləsi olub. Vətəndaşların ayağa qalxmasından sonra Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndələri dərhal məsələyə müdaxilə edərək ərazidə parkın salınacağını bildirdilər. Aparılan araşdırmalardan sonra qeyd olunan ərazinin iş adamı, "Xalqlar Dostluğu" yarmarkasının sahibi, "Qozbel İman" kimi tanınan iş adamı İman Quliyev tərəfindən satın alındığı məlum oldu. Yayılan məlumatlara görə, ərazi iş adamına icra başçısı Razim Məmmədov tərəfindən satılıb. Sakinlərin etirazının üstündən bir müddət keçəndən sonra Xətai rayonu ərazisində növbəti ağac qətliamlarının qeydə alınması barədə etiraz səsləri eşidilməyə başladı. Belə ki, Xətai rayonu, Məzahir Rüstəmov küçəsi 21-də yerləşən binanın sakinləri yaşıllıqların məhv edilməsinə sərt formada təpki göstəriblər. Təxminən 50 nəfərə yaxın sakinin qatıldığı etirazda iştirak edənlər binalarının qarşısında yeni salınan parkın dağıdılmasına etiraz ediblər: "2 aydır gecə-gündüz bu parkda keşik çəkirik. 30-a yaxın şam ağacını kəsmişdilər. Bakı Şəhər İcra Hakimiyyəti həmin ağacların yerinə yenisini əkəndən sonra öz pulumuzla bu parka su çəkdik ki, ağacları vaxtlı-vaxtında sulayaq tez böyüsünlər. Yaşar adlı biznesmen bizim başımıza bəla kəsilib. Təzə əkilmiş 30-a qədər şam ağacını kökündən çıxarıb aparıblar. Tikilən hasarı traktorla uçurub, əraziyə girib tikiləcək obyektə özülünü qazıblar. Belə vəhşilik heç yerdə görünməyib. Adam qanunları saya salmır. Məsuliyyətdən yayınmaq üçün bütün imkanlarını səfərbər edir". Razim Məmmədovun razılığı ilə həyata keçirilən "yaşıl soyqırım"la bağlı kifayət qədər fakt göstərmək mümkündür. Amma buna qəzet səhifəsi çatmaz. Maraqlıdır ki, icra başçısının şərait yaratdığı yaşıl vandalizmlə bağlı müxtəlif KİV-lərdə dəfələrlə məlumatlar verilsə də, Razim Məmmədovun qanunsuz hərəkətlərinin qarşısını alan tapılmır. Nə də ki, icra başçısı özbaşına əməllərindən əl çəkir. Məmurun səbəb olduğu ağır fəsadlar göz qabağındadır. Xətai rayonunda ağacların sayı tükənmək üzrədir. Deyirlər ki, icra hakimi harda boş torpaq sahəsi görürsə, dərhal müxtəlif iş adamları ilə danışığa girib həmin ərazidə göydələn, yaxud obyekt tikintisinə şərait yaradır. Fikrimizcə, Razim Məmmədov artıq Xətai sakinlərinin səbr kasasını çoxdan daşdırıb. Başçı yaşıllıqlara qarşı aqressiv münasibətindən əl çəkməyəcəyi təqdirdə sakinlər onun haqqında birbaşa ölkə rəhbərliyinə şikayət məktubu ünvanlaya bilər. Ki, bu da icra başçısının gələcək karyerası üçün yaxşı heç nə vəd etmir.

Yazı ilə bağlı qarşı tərəfin də mövqeyini işıqlandıra bilərik.

Kərim Cəfərli