Ulu öndər Heydər Əliyev: Müstəqil Azərbaycan naminə » Memur.az

Ulu öndər Heydər Əliyev: Müstəqil Azərbaycan naminə

Ulu öndər Heydər Əliyev: Müstəqil Azərbaycan naminə
Məhərrəm Quliyev
Goranboy Rayon İcra Hakimiyyətinin başçısı


İstər bir azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, istərsədə onun rəhbəri, Prezident kimi mənim həyat amalım yalnız Sizə - bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olmuşdur.
Heydər ƏLİYEV


Zaman məfhumu fəlsəfi cazibədarlığı ilə seçilən anlayışdır. Onu nə geriyə döndərmək, nə dayandırmaq, nə də dəyişmək mümkündür. Zamanı duymaq, anlamaq, qiymətləndirmək və hətta itirmək olar. Yalnız müdrik və dahi şəxsiyyətlər zamanı özününküləşdirməyə, tarix yaratmağa, yaşadıqları dövrü öz irsi ilə gələcək nəsillərə ötürmək qabiliyyətinə malik olurlar.
XX əsrin ikinci yarısı - XXI əsrin əvvəli Azərbaycan tarixinə Heydər Əliyev epoxası kimi daxil olub. Ölkənin ən mürəkkəb, gərgin vəziyyətində xalqına dayaq olan, liderliyi ilə çıxış yolu tapa bilən, insanların həm bugünkü, həm də gələcək xoşbəxtliyini təmin edən dahi insan - HEYDƏR ƏLİYEV...
Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, türk dünyasının böyük oğlu, ümummilli lider Heydər Əliyev bütün şüurlu həyatını canından artıq sevdiyi xalqının xoşbəxt yaşamasına, Azərbaycanın tərəqqisinə həsr etmişdir.
Azərbaycan tarixinin son qərinəsində xalqımızın həyatın bütün sahələrində nail olduğu uğurlar Heydər Əliyevin adı ilə bağlıdır. Dağılıb məhv olmaq təhlükəsi ilə üz-üzə qalan ölkəmizi də məhz bu dahi şəxs təlatümlər burulğanından xilas edərək, ictimai-siyasi sabitlik yaratmış və Azərbaycanı hərtərəfli inkişaf yoluna çıxarmışdır.
Tarixin səhifələrini vərəqləyərkən görürsən ki, dünyada mövcud olan bütün xalqlar və millətlər müəyyən mərhələlərdə “nə etməli” sualı qarşısında qalırlar. Bu yerdə yalnız ağıl, zəka, iradə, uzaqgörənlik rol oynayır. Elə o zaman ortaya tarixi şəxsiyyət çıxır və mənsub olduğu xalqın problemlərini həll etmək üçün meydana atılır.
Hər dəfə ümummilli liderimiz Heydər Əliyev və onun tarixdəki yeri barədə düşünərkən anlayırıq ki, Azərbaycan dövləti öz taleyini etibarlı əllərə tapşırmışdır. Müstəqil Azərbaycan dövləti, bu gün artıq əsasları kifayət qədər möhkəm olan dövlətçiliyimiz, dünyaya açılmış qapılar, millətimizi uğurlu gələcəyə doğru aparan aydın, işıqlı yol - bu reallıqların hər birində Heydər Əliyevin imzası var. Heydər Əliyev Tanrının hər xalqa min ildə yalnız bir dəfə bəxş etdiyi nadir şəxsiyyətlərdəndir. Heydər Əliyev, özünün də söylədiyi kimi, milli mənsubiyyəti, onu yetişdirmiş millətlə fəxr edən ən böyük azərbaycanlı idi. Onun ideyaları bu həqiqətdən qida alırdı. Ulu öndər arzularında yaşatdığı Azərbaycanı hələ respublikaya birinci rəhbərliyi dönəmindən qurmağa başlamış, Azərbaycan dövlətinin rəhbəri kimi işə başladığı ilk illərdən bütün fəaliyyətini bu istiqamətə yönəltmişdi. Respublikaya rəhbərlik missiyasını üzərinə götürdüyü ilk günlərdən Azərbaycan elminin, mədəniyyətinin, iqtisadiyyatının inkişafı üçün son dərəcə əhəmiyyətli qərarlar qəbul etmişdi. Dahi dövlət xadiminin Azərbaycanın milli mənəvi dəyərlərinə ruhən bağlılığının sirrlərini də, görünür, elə bu məqamda axtarmaq lazım gəlir. Heydər Əliyevin milli-mənəvi dəyərlər məsələsində irəli sürdüyü prinsiplər, bu problemin həlli ilə bağlı müəyyənləşdirdiyi aydın xətt, atdığı addımlar göz qabağındadır. Əgər ulu öndərimiz Heydər Əliyevin hələ respublikamıza birinci rəhbərliyi dövründə Azərbaycanın sosial-iqtisadi, mədəni yüksəlişi üçün həyata keçirdiyi tədbirlər, milli şüurun oyanışı istiqamətində istər açıq, istərsə də gizli şəraitdə görülən işlər olmasaydı, bu gün Azərbaycanın müstəqil xəttə malik, heç bir dövlətdən asılı olmayan respublika kimi mövcudluğu şübhə altında qalardı. Heydər Əliyevin istər elm, təhsil, səhiyyə, kadr hazırlığı, sosial-iqtisadi sahələrdə həyata keçirdiyi məqsədyönlü tədbirlərin uğurlu nəticələri bir neçə on ildən sonra Azərbaycanın müstəqil dövlət kimi mövcudluğuna zəmin hazırlayırdı. Məhz belə bir zəmin üzərində SSRİ-də yaranmış tarixi şəraitdən bəhrələnərək öz haqları uğrunda mübarizəyə qalxan xalqımızın mübarizə əzmi nəticəsində Azərbaycan nəhayət ki, dövlət müstəqilliyinə qovuşdu. Ulu öndərimiz Heydər Əliyev belə bir zamanda xalqın təkidli tələbi ilə ölkənin siyasi rəhbərliyinə qayıdaraq dövlətçiliyimizi təhlükələrdən xilas etdi. Azərbaycanda vətəndaş qarşıdurmasını dayandırdı. Qeyri-qanuni silahlı birləşmələri zərərsizləşdirdi. Cəmiyyətimizdə ictimai-siyasi sabitlik yaradıldı. Xarici dövlətlər, beynəlxalq təşkilatlarla münasibətlər qaydaya salındı. Azərbaycan iqtisadiyyatının ən müxtəlif sferalarına xarici sərmayə axını başladı. Ölkəmizdə, ümumən dünyadakı iqtisadi-siyasi proseslərə yeni istiqamət verən yeni neft strategiyasının əsası qoyuldu. Azərbaycan mühüm qlobal layihələrin ən fəal iştirakçısına və regionda əsas söz sahibnə çevrildi. Əldə edilmiş bütün bu nailiyyətlər ümumi halda Azərbaycanın dövlət müstəqilliyinin praktik müstəvidə özünü göstərməsi üçün əlverişli zəmin yaratdı. Ulu öndərimizin rəhbərliyi ilə dövlətimizin hüquqi və siyasi suverenliyinin təminatı prosesi sürətləndi. Demokratik islahatlar geniş vüsət aldı. Azərbaycan dövləti Avropa ailəsinin tam hüquqlu bir üzvünə çevrildi.
Qürur duyduğumuz ən vacib məqam budur ki, ulu öndərimiz həyata keçirdiyi inkişaf kursunun ardıcıllığını təmin etmiş, bu kursun ən layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyevin timsalında ölkəmizin taleyini etibarlı əllərə əmanət etmişdir.
Avratlantik məkana geniş inteqrasiya yolu tutmuş Azərbaycan öz mədəni və mənəvi nailiyyətləri ilə bu gün sivilizasiyalararası dialoqun fəal iştirakçısıdır. Ulu öndərimiz Heydər Əliyevin müəllifliyi ilə reallaşan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri layihəsi bu gün qlobal proseslərin ən əhəmiyyətli tərəflərindən biri kimi Azərbaycanın dünya üçün əhəmiyyətini daha da artırır. Ulu öndərimizin davamçısı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət Azərbaycanı Cənubi Qafqaz regionunun ən güclü dövlətinə çevirmiş, ölkəmiz iqtisadi inkişaf tempinə görə dünyada rekord göstəricilərə sahib olmuşdur. Bütün bu nailiyyətlər isə hələ sağlığında özünə müstəqil Azərbaycan dövləti kimi əzəmətli və əbədi bir abidə ucaltmış Heydər Əliyev siyasətinin təntənəsidir.
Azərbaycan müstəqillik əldə etdikdən sonra dövlət quruculuğu sahəsində təxirəsalınmaz vəzifələrdən biri də ölkənin iqtisadi maraqlarının və mənafelərinin qorunması, səmərəli xarici-iqtisadi fəaliyyət və idxal-ixrac əməliyyatlarına dövlət nəzarət sisteminin yaradılması, sərhədlərin iqtisadi təhlükəsizliyinin təmin edilməsi idi. Qısa zaman kəsiyində ölkənin milli gömrük xidmətinin yaradılması və formalaşdırılması bütün kəskinliyi ilə qarşıda dururdu. Azərbaycanın dövlət suverenliyinin mühüm atributlarından biri olan Dövlət Gömrük Komitəsi 1992-ci ildə yaradılsa da, lakin o zaman mürəkkəb ictimai-siyasi vəziyyət gömrük orqanlarının formalaşmasına imkan vermədi.
Həmin tarixi şəraitdə Naxçıvan MR Ali Məclisinin sədri Heydər Əliyevin 24 fevral 1992-ci il tarixli qərarı ilə Naxçıvan MR Dövlət Gömrük Komitəsinin yaradılması və əsl milli gömrük xidmətinin formalaşdırılması sahəsində görülən tədbirlər isə nəinki Naxçıvanı düşdüyü ağır blokada vəziyyətindən çıxarmaq və yerli iqtisadiyyatı möhkəmlətmək üçün əlverişli şərait yaratdı, eləcə də bütün Azərbaycanda siyasi münasibətlərə əhəmiyyətli dərəcədə təsir göstərmiş oldu.
Bu gün Azərbaycana Heydər Əliyev yolunun layiqli davamçısı İlham Əliyev başçılıq edir. Heydər Əliyev siyasəti Azərbaycanda yaşayır və qalib gəlir. Azərbaycan xalqının iradəsini ifadə edən İlham Əliyev müstəqil Azərbaycanın prezidenti, həm də dünya azərbaycanlılarının lideridir.
Azərbaycanın yeni prezidenti İlham Əliyev bütün dünya tərəfindən qəbul olunan görkəmli və müasir dövlət xadimidir. O doğma Azərbaycanda böyük hörmətə və nüfuza malikdir. İndi Azərbaycan prezidentinin siyasi portreti bütün dünyada məşhurdur.
2020-ci ildə Müzəffər Ali Baş Komandan, möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının başçılığı ilə şanlı ordumuzla 44 günlük zəfər yürüşü ilə bir daha bütün dünyaya sübut etdi ki, həqiqətən də Azərbaycan uğurlu siyasətin layiqli davamçısı olaraq möhkəm dayaqlar üzərində qərar tutmuşdur.

Memur.az