Prezidentin köməkçisi: “Böyük dövlətlərin əksəriyyəti Azərbaycanı idarə etmək istəyir” » Memur.az

Prezidentin köməkçisi: “Böyük dövlətlərin əksəriyyəti Azərbaycanı idarə etmək istəyir”

Prezidentin köməkçisi: “Böyük dövlətlərin əksəriyyəti Azərbaycanı idarə etmək istəyir”

“Heç kim bizi anarxiya, xaos yaratdığı dövlətlərlə eyniləşdirə bilməz”


“Avropa Oyunlarında başımıza nə oyunlar açmaq istədilər? Ancaq xarici ölkələrdə Azərbaycan əleyhinə keçirilən tədbirlərə qatılanların sayı 60-70-dən o yana keçmədi”.

APA-nın məlumatına görə, bu sözləri Bakı Dövlət Universitetində “Azərbaycan milli mətbuatı - 140: “Əkinçi” ənənələri və müasir jurnalistika” mövzusunda keçirilən elmi-praktik konfransda çıxışında Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.

Ə. Həsənov bildirib ki, müstəqillik tarixi qısa olan Azərbaycanda belə gözəl tolerant mühitin formalaşmasını həzm edə bilməyən qüvvələr var: “Qəbul edə bilmirlər ki niyə prezident İlham Əliyevin reytinqi yüksəkdir, Azərbaycan inkişaf edir. Ona görə də mediamız bu cür anti-Azərbaycan fəaliyyətlərini ifşa etməlidir. Biz milli mediamızın 140 illik tədbirlərini keçirərkən müasir dünyanın tendensiyalarını da diqqətdən qaçırmamalıyıq Bəzi böyük güclər dünyanı, o cümlədən Azərbaycanı da idarə etmək istəyirlər. Azərbaycanın maraqları var və bu maraqları reallaşdırmaq üçün kimlərinsə hansısa planlarına yox deməliyik. Böyük dövlətlərin əksəriyyəti Azərbaycanı idarə etmək istəyir, prezident İlham Əliyevin müstəqil siyasəti onların çoxuna sərf etmir. Qarşıdan parlament seçkiləri, Şahmat Olimpiadası, İslam Həmrəylik Oyunları və digər yarışlar gəlir. Azərbaycan ambisiyasını ortaya qoyub və bunun əsası var. Xalqımızın bacarığı, qonaqpərvərliyi göz önündədir. Heç kim bizi anarxiya, xaos yaratdığı dövlətlərlə eyniləşdirə bilməz”.

Medianın rolundan bəhs edən Ə. Həsənov bildirib ki, media ən yaxşı həkim, müəllim, vətənpərvər nümunəsini ekrana və efirə çıxarmalı, kənardan gələn təzyiqləri neytrallaşdırmalıdır.