Ordumuzun 97-ci ildönümü NATO-da qeyd edildi » Memur.az

Ordumuzun 97-ci ildönümü NATO-da qeyd edildi

Ordumuzun 97-ci ildönümü NATO-da qeyd edildi

Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 97-ci ildönümü münasibəti ilə Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyi və onun tərkibində fəaliyyət göstərən Azərbaycan Silahlı Qüvvələrinin NATO-nun Hərbi Komitəsi yanında Hərbi Nümayəndəliyi tərəfindən Brüssel şəhərində yerləşən NATO Mənzil Qərargahında rəsmi ziyafət keçirilib.

Azərbaycanın NATO yanında Nümayəndəliyindən APA-ya daxil olan məlumata görə, tədbirdə dövlətlərin NATO yanındakı səfirləri, diplomatik korpusun digər üzvləri, NATO-nun Hərbi Komitəsinə akkreditə olunmuş ölkələrin Hərbi Nümayəndələri, NATO-nun Beynəlxalq Katibliyi, Beynəlxalq Hərbi Qərargahının nümayəndələri, NATO-nun idarə və agentliklərinin üzvləri, NATO-nun Avropa Ali Müttəfiq Qüvvələr Komandanlığı (SHAPE) Qərargahının hərbi rəsmiləri iştirak ediblər.

Tədbir zamanı qonaqlara Azərbaycan Silahlı Qüvvələrinin yaranması, inkişafı tarixi və beynəlxalq sülhməramlı əməliyyatlara töhfəsi barədə məlumat verilib. Azərbaycanın beynəlxalq sülh və təhlükəsizliyin qorunmasında inamlı tərəfdaş olması xüsusi qeyd edilib.

Qəbul zamanı Azərbaycan və onun Silahlı Qüvvələri barədə, həmçinin hazırda Bakıda keçirilən I Avropa Oyunlarına dair video materiallar nümayiş etdirilib, qonaqlara Azərbaycan mətbəxinin nümunələri və I Avropa Oyunları ilə bağlı simvolik hədiyyələr təqdim olunub.