Baxış Abdullayev istintaqa niyə çağırılıb? » Memur.az

Baxış Abdullayev istintaqa niyə çağırılıb?

Baxış Abdullayev istintaqa niyə çağırılıb?

Bir neçə gün əvvəl işdən çıxarılan məmurun yaxın adamının həbsinə hazırlıq gedir

"Fəqan-Xidmət" MMC-də yoxlamalara start verilib, Fəyyaz Məmmədovun başı dərddədir

Xəbər verdiyimiz kimi, Goranboy Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Baxış Abdullayev bir neçə gün əvvəl işdə yol verdiyi ciddi nöqsanlara görə, tutduğu vəzifədən kənarlaşdırıldı. İcra hakiminin birinci müavininin işdən çıxarılması rayonda bəzi söz-söhbətlərin yaranmasına səbəb olub. Bəziləri onun yuxarıların göstərişi ilə, bəziləri isə səhhətində yaranan problemlərə görə görəvdən alındığını iddia edirlər. Amma birinci variant daha inandırıcıdır.

Çünki icra başçısı Nizaməddin Quliyevin sabiq birinci müavininin adı son günlər bir sıra cinayət hadisələrində, xoşagəlməz işlərdə və büdcə vəsaitlərinin mənimsənilməsində çəkilirdi. Dünən əldə etdiyimiz məlumatlara görə, işdən çıxarılan məmur bir neçə gün əvvəl Ağır Cinayətlərə Dair İstintaq İdarəsinə çağırılıb. Onun idarədə bir neçə saat dindirildiyi bildirilir. Verilən məlumata əsasən, Baxış Abdullayevin adı Goranboy rayonunda baş vermiş son intihar olaylarından dolayı istintaqın diqqətinə düşüb. Amma bunun konkret olaraq hansı məqamlardan ibarət olduğu məlum deyil. Sabiq məmura yaxın çevrələr onun istintaqa çağırılması xəbərini təkzib etsələr də, Baxış Abdullayevin üzləşdiyi vəziyyət heç də yaxşı deyil. Apardığımız qısa araşdırmalar zamanı məlum oldu ki, Baxış Abdullayev Goranboyda baş verən son hadisələrin əsas iştirakçılarından, hətta təşkilatçılarından biri kimi göstərilir. İstər iş adamı Müqayis Verdiyevin həbsində, istərsə də ötən il və bu il ərzində baş vermiş intihar hadisələrində Nizaməddin Quliyevlə yanaşı, günahkar kimi onun da adı hallandırılıb. Diqqətinizə çatdırmaq istəyirik ki, bir müddət əvvəl Bəxtiyar adlı şəxs özünü yaşadığı binanın 5-ci mərtəbəsindən ataraq intihar edib. Onun həyat yoldaşı Goranboydakı musiqi məktəblərindən birinin direktoru işləyir. İntiharın səbəblərinə gəlincə, saytların yazdığına əsasən, rayon icra başçısının sabiq birinci müavini Baxış Abdullayev Bəxtiyar adlı şəxsin müdir işləyən həyat yoldaşını yanına çağıraraq ondan 5000 min manat pul istəyib. Səbəb kimi isə rayonda abadlıq-quruculuq işlərinin aparılması üçün pul lazım olduğu göstərilib. Baxış Abdullayev bildirib ki, tapşırıq icra başçısı Nizaməddin Quliyev tərəfindən verilib. Bu qədər pulu düzəldib verə bilməyəcəyini görən xanım direktor baş verənləri həyat yoldaşı Bəxtiyara danışıb və onu icra başçısı ilə görüşə göndərib. İcra başçısı ilə görüşən Bəxtiyar onlarda bu qədər pulun olmadığını deyib. Lakin başçı ona ağır sözlər deyərək otaqdan qovub. Nəticədə Bəxtiyar adlı şəxs özünü öldürüb. İcra başçısının keçmiş birinci müavini Baxış Abdullayev isə intiharla bağlı bunları deyib: "İntihar edən şəxs Goranboy şəhər sakini olsa da, Qarabağ qazisi deyil. Bəli, intihar edib, araşdırma gedir. Ancaq məndə intiharın səbəbi barədə məlumat yoxdur. Nə həmin xanım, nə həyat yoldaşı qəbula gəlməyib.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov isə hadisə ilə bağlı bildirib ki, Goranboy sakini Bəxtiyar Əhmədovun yanvarın 6-da intihar etməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanıb. İş üzrə məhkəmə-tibbi ekspertiza təyin edilib, şahidlər, o cümlədən mərhumun arvadı və oğlu dindirilib: "B.Əhmədovun hər hansı konkret şəxs tərəfindən özünü öldürmə həddinə çatdırması barədə istintaqa hazırkı vaxtadək məlumat daxil olmayıb. Eyni zamanda bildirirəm ki, hadisə baş verən gün meyitin üzərinə baxış keçirilərkən şalvarının cibindən yaxın qohumlarına ünvanlanmış "ölümümdə özüm günahkaram" sözləri ilə başlayan məktub aşkar edilib. B.Əhmədovun ölümünün səbəblərinin müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir". Bu hadisəyə qədər isə Goranboyda daha bir dəhşətli intihar faktı qeydə alınıb. Belə ki, Goranboy rayon Dəlməmmədli şəhərində fəaliyyət göstərən uşaq musiqi məktəbinin direktoru 1945-ci il təvəllüdlü Məmişov Yolçu Məmiş oğlu borcu olduğu üçün özünə qəsd edib. Onun yazdığı məktub isə polis tərəfindən araşdırılır. Məlumatınız olsun ki, həm Bəxtiyar Əhmədov, həm də Yolçu Məmişov intihar etməmişdən əvvəl məktub yazıb qoyublar. Maraqlıdır ki, onların yazdıqları məktubların tam mətni hələ də ictimaiyyətə açıqlanmayıb. Başqa sözlə desək, adı çəkilən insanların özlərini hansı səbəbdən öldürdüyü bu günə kimi qaranlıq qalır. Deyilənə görə isə, onların yaxın qohumları intihar hadisələrində rayon rəhbərliyini, xüsusilə olaraq Nizaməddin Quliyev və Baxış Abdullayevi günahkar biliblər. Baxış Abdullayevin məhz bu səbəbdən istintaqa çağırıldığı vurğulanır. Özəl qaynaqlardan aldığımız məlumatlara görə, hazırda Goranboyda vəziyyət olduqca gərgindir. Mənbə deyir ki, Baxış Abdullayevin işdən azad edilməsi bütün rayonu qarışdırıb: "Fəyyaz Məmmədovun formal rəhbəri olduğu, əslində Nizaməddin Quliyevin oğlu Ramal Quliyevə məxsus olan "Fəqan-Xidmət" MMC-də maliyyə, vergi yoxlamalarına start verilib. Fəyyaz Məmmədov Baxış Abdullayevin ən yaxın adamlarından biridir. Şirkətin fəaliyyətinin araşdırılması bir sıra ilginc məqamlardan xəbər verir. Baxış Abdullayevin "vurulmasından" dərhal sonra şirkətdə yoxlamaların başlanması Fəyyaz Məmmədovun həbsinə hazırlıq kimi başa düşülür. Ümumiyyətlə, keçmiş məmurun özünü də həbs təhlükəsi gözləyir. Bundan başqa, icra başçısının işdən çıxarılması məsələsi gündəmdədir". Gələn saylarımızda Baxış Abdullayevin yerinə keçmək istəyən şəxslər və Nizaməddin Quliyevin Qulam Əkbərovla əlaqələri haqda şok faktları dərc edəcəyik. Bizi izləməyi unutmayın.

Qarşı tərəf münasibət bildirmək istəsə, şərait yaradarıq.

Kənan Eyvazoğlu