Problemlər populistlərin pafosu ilə deyil, praqmatik siyasətlə dəf olunur - MÜSAHİBƏ » Memur.az

Problemlər populistlərin pafosu ilə deyil, praqmatik siyasətlə dəf olunur - MÜSAHİBƏ

Problemlər populistlərin pafosu ilə deyil, praqmatik siyasətlə dəf olunur - MÜSAHİBƏMilli Məclisin deputatı Ülvi Quliyev Oxu.Az-a müsahibə verib:

- Prezident İlham Əliyevin yanvarın 11-də iştirak etdiyi Moskva görüşü və orada imzalanan üçtərəfli bəyanat ölkəmiz adına nələrin ifadəsidir?

- Obyektiv təhlillərə söykənməyən qənaət ədalətli və qalıcı ola bilməz. Mövqeyim obyektiv reallığa əsaslandığı və illüziyalardan tam uzaq olduğu üçün, əminliklə deyə bilərəm ki, 11 yanvar Moskva bəyanatı döyüş meydanındakı hərbi qələbəmizin diplomatiya müstəvisində növbəti təsdiqi deməkdir. Bu sənəd 10 noyabr tarixli üçtərəfli birgə bəyanatın bənd-bənd reallaşdırılmasına xidmət edir.

Onilliklərlə ölçülən həsrətdən sonra torpaqlarımızı işğaldan azad edə bilmişiksə, üstəlik, Naxçıvanı blokadadan çıxarmaq üçün tarixi fürsət əldə etmişiksə, Ermənistan məğlub tərəf kimi Qalib Azərbaycanın şərtlərini qəbul etmək məcburiyyətində qalıbsa, təbii ki, 10 noyabr və 11 yanvar bəyanatları Ermənistan cəmiyyətini məmnun edə bilməz, necə ki, etmir. Çünki, həmin sənədlər erməni ictimaiyyəti tərəfindən hərbi məğlubiyyətlərinin nəticələrini təsbit edən təslimçilik aktları kimi dəyərləndirilir. Ermənistan cəmiyyəti dəyərləndirməsində yanılmır.

27 il ərzində səbrlə istinad etdiyimiz BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri işğalçıdan onların qeyd-şərtsiz icrasını tələb edirdi. Qətnamələrə əməl etməməklə Ermənistan tarixi səhvə yol verdi. Yalnız hərb meydanında uduzduğuna əmin olduqdan sonra, Ermənistan öz məğlubiyyətini etiraf etməyə məcbur oldu, Ağdam, Kəlbəcər və Laçını döyüşsüz Azərbaycana qaytardı. 10 noyabr və 11 yanvar bəyanatları həmin etirafın diplomatik-siyasi müstəvidə təsbiti deməkdir. Bu, təkzibolunmaz bir gerçəklikdir.

- Sizcə, narahatlığımız üçün heçmi əsas yoxdur?

- Ölkəmiz elə coğrafi məkanda yerləşir ki, regionun tarixi mürəkkəbliyini və gerçəkləri gözardı etmək ciddi yanlışlıq olardı. Ermənistanda revanşist qüvvələrin və bu meylləri xaricdən qızışdıran rəsmi siyasi dairələrin varlığını unutmamalıyıq. Təsir dairələri kifayət qədər geniş olan erməni lobbi mərkəzləri məğlubiyyətdən sonra sarsılsalar da, yoxa çıxmayıblar. Regionda strateji maraqlarını gizlətməyən daha böyük siyasi oyunçular, o cümlədən imperiya keçmişi olan qüvvələr var.

Lakin sonunculardan həm hakimi-mütləq obrazını yaratmaq, həm də bu mövzu ətrafında ifrat emosionallığa, xüsusən, populizmə uymaq zərərli və təhlükəlidir. Bu cür təhlükələri dəf etməyin yolu Prezident İlham Əliyevin ortaya qoyduğu praqmatik, ölçülü-biçili, strateji müttəfiqlərimizlə müntəzəm şəkildə əlaqələndirdiyi siyasətdən keçir. İmkanımız çatırsa, hərəmiz öz sahəmizdə bu işdə ona yardımçı olmalıyıq, imkan və bacarığımız yetmirsə, populist açıqlama və davranışlarla Prezidentə mane olmamalıyıq.

Nəzərə alsaq ki, Qərb-Rusiya, Qərb-İran qarşıdurmasının yaxın gələcəkdə dərinləşməsi ehtimalı kifayət qədər yüksəkdir, regional sabitliyə təhlükələrin arta biləcəyini indidən obyektiv dəyərləndirməliyik. Bu qarşıdurmada Azərbaycan kimlər üçün isə platsdarma çevrilməməlidir. Dövlətimizin başçısı tərəfindən diqqətə alınan strateji hədəflərdən biri məhz budur, yürüdülən siyasət həm də bu məqsədə xidmət edir. O da diqqətdən yayınmamalıdır ki, mütərəqqi hesab etdiyimiz Avropa ölkələrindən bəziləri islamofobiya və türkfobiyadan aşırı dərəcədə əziyyət çəkirlər. Hətta bir sıra siyasi qərarlarının arxasında elə bu amil dayanır. Gördüyünüz kimi, problemlər az deyil.

- 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə Prezident ilham Əliyev sülhməramlıların fəaliyyəti ilə bağlı cəmiyyətimizi də narahat edən iradlarını açıq şəkildə səsləndirdi. Onları Moskva görüşündə də ifadə etdi. Bunlar bizi narahat etməməlidirmi?

- Bayaq söylədiyim fikrə bir daha qayıtmaq məcburiyyətindəyəm. Problemi görüb, ondan adekvat nəticə çıxarmaq, qarşı tərəfin hesablaşacağı tədbirləri ajiotajsız, təmkinlə həyata keçirmək praqmatik siyasət deməkdir, populizm və yersiz, ifrat emosiyalar isə ziyanlıdır. Moskva görüşündən iki gün sonra, yanvarın 13-də Azərbaycan, Pakistan və Türkiyə xarici işlər nazirlərinin imzaladıqları bəyannamə regionda marağı olan siyasi dairələrin nəzərə almalı olduqları real siyasətin yalnız görünən hissəsidir.

Anadolu Agentliyinin yaydığı məlumat da susqunluğun və passivliyin deyil, əksinə, diplomatik fəallığın göstəricisidir. Məlumata əsasən, Türkiyə və Rusiya prezidentləri arasında məxsusi olaraq Dağlıq Qarabağa dair telefon danışığının baş tutması, 10 noyabr və 11 yanvar tarixli üçtərəfli bəyanatların üç rəqəmi ilə ölçülmədiyinə açıq işarədir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın telefon danışığında bildirdiyi Qarabağda azərbaycanlıların və ermənilərin sülhməramlı qüvvələrə və Monitorinq Mərkəzinin fəaliyyətinə ehtiyac duymadan dinc birgəyaşayışını təmin edəcək şərtlər yaratmaq istəyi ilə bağlı fikirləri məhz real və praqmatik siyasətin başqa bir nümunəsidir. Yüksək təqdirə layiq olan bu cür diplomatik-siyasi davranış nümunəsi, heç şübhəsiz ki, Prezident İlham Əliyevin mövqe və iradəsindən qaynaqlanır. Problem və narahatlıqlar populistlərin pafoslu ritorikaları ilə deyil, yalnız müşahidə etdiyimiz, əhəmiyyətli hissəsi pərdə arxasında qalan praqmatik siyasətlə dəf olunur.