Əməlləri ilə yaşayan dahi şəxsiyyət » Memur.az

Əməlləri ilə yaşayan dahi şəxsiyyət

Əməlləri ilə yaşayan dahi şəxsiyyətBu gün Ümummilli Lider Heydər Əliyevin Anım Günüdür. Onun Azərbaycan rəhbərliyinə ikinci qayıdışı, mübaliğəsiz, ölkəmizin ən çətin dövrü ilə bağlı oldu. Xalqımız o zaman ağır, çıxılması mümkün görünməyən bir vəziyyətə düşmüşdü. Şuşanın işğalı ilə milli ruhumuza sarsıdıcı zərbə vurulmuşdu.

Bir tərəfdən Ermənistanın işğalı,o biri tərəfdən iqtisadi tənəzzül, üstəgəl ictimai-siyasi sabitliyin pozulmasının son həddə çatması Azərbaycanı ciddi sınaq qarşısında qoymuşdu. Vətəndaş müharibəsi və dövlət müstəqilliyimizin itirilməsi təhlükəsinin bütün əlamətləri üzdə idi.

Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müzəffər Ordumuzun düşmən üzərindəki hərbi qələbəsindən sonra Ermənistan bu gün hansı vəziyyətə düşübsə, 1993-cü ildəki Azərbaycanda vəziyyət təxminən eyni idi. Xalqımız öz müdrüklüyünü o zaman da göstərdi, düşdüyü ağır durumdan xilasın yolunu Heydər Əliyevi yenidən ali hakimiyyətə gətirməkdə gördü və öz tarixinin ən düzgün seçimini etdi. Ciddi təzyiqlərə, xarici və daxili təhdidlərə baxmayaraq, Heydər Əliyevin dərin zəkası və fitri siyasi bacarığı hesabına Azərbaycan vətəndaş müharibəsi təhlükəsindən qurtuldu. Ulu Öndərin təşəbbüsü ilə imzalanmış XX əsrin Müqaviləsi ilə ölkəmizin iqtisadi müstəqilliyinin təməli qoyuldu.O kontraktı əngəlləməyə çalışan bir çox xarici güclərin ciddi səyləri, daxildən olan maneələr böyük zəhmət hesabına dəf edildi. Heydər Əliyev iqtisadi müstəqilliyimizin təməlini qoymaqla, siyasi müstəqilliyimizin də bərqərar edilməsinə, qorunub-saxlanılmasına imzasını atdı. Ulu Öndərimiz tərəfindən o Azərbaycanın təməli qoyulmasaydı, bugünkü Azərbaycan da olmayacaqdı.

28 il sonra, 2020-ci il noyabrın 8-də Ümummilli Lider Heydər Əliyevin siyasi varisi Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan xalqı, müzəffər Azərbaycan Ordusu qədim Şuşamızı düşmənin əsarətindən azad etdi. Həmin gün Ali Baş Komandanımız qürur və iftixar hissi ilə bildirdi: “Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim, Şuşanı azad etdik”.

Dekabrın 10-da Azadlıq meydanında Prezident, Ali Baş Komandan İlham Əliyev müzəffər Ordumuzun Zəfər paradını qəbul etdi və dünyaya göstərdi ki, Qarabağ Azərbaycandır! Bu möhtəşəm törən işğalçı Ermənistana hərbi məğlubiyyətindən sonra mənəvi məğlubiyyətinin də layiq olduğu acısını yaşatdı. Zəfər paradında iştirak edən qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan tarixi bir çıxış etdi və bildirdi ki, Azərbaycanın həm hərbi,həm də diplomatiya sahəsində əldə etdiyi bu uğurda ən böyük paylardan biri şübhəsiz ki, əziz qardaşım cənab Prezident İlham Əliyevə aiddir: “Qardaşım İlham Əliyev bununla mərhum Heydər Əliyevin ona vəsiyyət olaraq etdiyi arzusunu da yerinə yetirmişdir. Fürsətdən istifadə edərək güclü Azərbaycanın əsasını qoyan Ümummilli Lider Heydər Əliyevi də burada rəhmətlə yad edirəm.Azərbaycan qardaşım İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə,inşallah,dastan yazmaqda davam edəcək”.

Dünya xalqlarının və millətlərinin imzası cərgəsinə xalqımıza və millətimizə aid qürurlu imzanın səbəbkarı olan və bu imzanın əsasını qoyan Heydər Əliyev Azərbaycanın Ümummilli Lideridir,eyni zamanda, bütöv Türk dünyasına mənsub olan dahi şəxsiyyət və dünya siyasətinin ən nəhənglərindəndir. Allah ona rəhmət eləsin, ruhu şad olsun.

Şəhidlər kimi bütöv bir xalqın xilaskarı olan dahilər də ölmürlər, əməlləri ilə daim öz xalqının və tarixin yaddaşında yaşayır, hər zaman ehtiramla anılırlar!

Milli Məclisin deputatı

Ülvi Quliyev