"Ağstafa Aqroservis" MMC-nin rəhbərliyi vergidən yayınır? » Memur.az

"Ağstafa Aqroservis" MMC-nin rəhbərliyi vergidən yayınır?

"Ağstafa Aqroservis" MMC-nin rəhbərliyi vergidən yayınır?

Direktor Fikrət Həbibovun icra başçısı Məhərrəm Quliyevə arxayın olaraq qanunsuz əməllər törətdiyi vurğulanır

Heç kimə sirr deyil ki, son illər ərzində kənd təsərrüfatı sahəsində canlanma müşahidə olunmaqdadır. Ölkə rəhbərliyi səviyyəsində həyata keçirilən tədbirlərin nəticəsində bu sahədə ciddi nailiyyətlər əldə olunub. Fermerlərin rahat fəaliyyət göstərə bilməsi, o cümlədən kənd təsərrüfatı texnikaları ilə təmin olunması məqsədilə "Aqrolizinq" ASC yaradılıb.

Təəssüf ki, qurumun bəzi yerli filliallarında, eləcə də bir sıra özəl aqroservis müəssisələrində özbaşınalıq baş alıb gedir. Bunun nəticəsində fermerlər əlavə problemlərlə üzləşmək məcburiyyətində qalırlar. Etibarlı mənbələrdən əldə etdiyimiz məlumatlara görə, "Ağstafa Aqroservis" MMC-nin fəaliyyətində də müxtəlif nöqsanlar mövcuddur. Qeyd edək ki, bu müəssisə rayonda aqrotexniki xidmətlərin müasir standartlara uyğun qurulması, məhsuldarlığın artırılması və torpaq ehtiyatlarından daha səmərəli istifadə edilməsi məqsədilə yaradılıb. Eyni zamanda, müəssisə kompleks aqrotexniki xidmətlər, o cümlədən əkilməsi məqsədəuyğun olan bitki növü və sortlarının, istifadəsi zəruri gübrə və digər preparatların müəyyənləşdirilməsi, düzgün əkin metodunun seçilməsi, şum, səpin və suvarma işlərinin aparılması, məhsulun yığımı və aqronom xidmətləri göstərməklə fermerlər və torpaq sahibləri üçün "vahid pəncərə" rolunu oynamalı idi. Redaksiyamıza daxil olan məlumatlara görə, MMC-nin direktoru Fikrət Həbibov yerli fermerlərin qarşısında ağır şərtlər qoyaraq onların fəaliyyətinə süni əngəl yaradır: "Məlumat üçün bildirmək istəyirəm ki, MMC Almaniyanın kənd təsərrüfatı texnikasının istehsalçıları olan "Class", "Lemken", "Grimme", "Fligl", "Rauch", "Schmotzer", "Fantini" kimi texnikalarla təchiz edilib. Ümumi sahəsi bir hektardan çox olan "Ağstafa Aqroservis" MMC-də ümumilikdə 75 traktor, qoşqu və digər texnika var. Müəssisə 14 min hektar sahəyə xidmət göstərmək gücünə malikdir. Yəni cəmiyyət əsasən iri fermer təsərrüfatlarına xidmət göstərir. Yaradılan şəraitə baxmayaraq, MMC-nin rəhbərliyi və işçiləri üzərlərinə düşən işin öhdəsindən layiqincə gələ bilmirlər. Məhdud Məsuliyyətli Cəmiyyətin fermerlərə icarə əsasında təklif etdiyi texnikanın və xidmət sahələrinin qiyməti həddən artıq bahadır. Məsələn, kəndlilər aqroservis müəssisəsindən icarəyə texnika götürmək istəyəndə direktor onların qarşısında konkret tələblər qoyur. MMC rəhbərinin dediyi qiymət əksər hallarda fermerlərin ürəyincə olmur. Buna görə də əkin işlərinin aparılması, şum altına mineral gübrələrin verilməsi, sahənin birinci və ikinci dəfə şumlanması, toxumun sahəyə səpilməsi, su şırımlarının açılması, sahənin ilkin suvarılması, sahənin zərərvericilərə qarşı dərmanlanması və sair işlər yüksək keyfiyyətlə həyata keçirilmir. Arxasında adamı olmayan fermerlər "Ağstafa Aqroservis" MMC-nin xidmətlərindən lazımi qaydada istifadə edə bilmir. Müəssisə rəhbərliyi müqavilə üçün tələb olunan sənədləri toplayan şəxsləri əsassız yerə get-gələ salır. Bu işdə əsas məqsəd həmin insanların rəsmi rüsumdan başqa "tarif"lərə cəlb edilməsidir". Bu arada, xüsusi qeyd etmək istəyirik ki, prezident İlham Əliyev 2008-ci il 25 avqust tarixində 3004 saylı sərəncamı ilə "Əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair" Dövlət Proqramı imzalayıb. Məlumatlı mənbənin sözlərinə görə, "Ağstafa Aqroservis"in rəhbərliyi bu proqramdan irəli gələn müddəaları istənilən səviyyədə icra etmir: "Məhz bu səbəbdən Ağstafa rayonunda kənd təsərrüfatı sektorunda məhsuldarlıq hər il bir qədər də aşağı düşür. Rayonda "Aqrolizinq" ASC-nin filialı olsa da, aqrotexniki xidmət sahəsində "Ağstafa Aqroservis" MMC hegemonluq edir. Cəmiyyətin direktorunun arxasında icra başçısı Məhərrəm Quliyevin dayandığı deyilir. Başçıya arxayın olan müəssisə rəhbəri fermerləri incitməklə məşğuldur. İl ərzində fermerlərə icarəyə verilən texnikalardan və digər xidmət növlərindən külli miqdarda vəsait əldə olunur, amma həmin məbləğin müəyyən hissəsi vergidən yayındırılır. Yerli vergi orqanının rəsmiləri bundan xəbərdar ola-ola heç bir tədbir görmürlər".

İrəli sürülən ittihamlara aydınlıq gətirmək məqsədilə MMC-nin direktoru Fikrət Həbibovla əlaqə saxladıq. O isə deyilənlərlə razılaşmayaraq dəstəyi asdı. Yəqin ki, əlaqədar dövlət qurumlarının rəsmiləri sözügedən müəssisədə cərəyan edən neqativ hallara tezliklə münasibət bildirəcək və qanunları pozan şəxslər layiq olduğu cəzanı alacaq.


Hafiz Məmmədli