İlham Əliyev Ermənistanın məhv edilən hərbi texnikasının siyahısını açıqladı » Memur.az

İlham Əliyev Ermənistanın məhv edilən hərbi texnikasının siyahısını açıqladı

İlham Əliyev Ermənistanın məhv edilən hərbi texnikasının siyahısını açıqladı“Sentyabrın 27-dən bu günə qədər düşmənin məhv edilən və qənimət olaraq götürülən hərbi texnikasının qiyməti azı 2 milyard dollar dəyərindədir. Ermənistanın büdcəsi də göz qabağındadır, bu büdcə ilə kasıb, yoxsul ölkədə bu qədər silah, texnika hardandır?”

Bu sözləri Azərbaycan Respublikasının prezidenti İlham Əliyev AzTV telekanalı vasitəsilə xalqa müraciətində deyib.

İlham Əliyev Azərbaycan ordusu tərəfindən düşmənin məhv edilən hərbi texnikasının bir hissəsini açıqlayıb:

“Düşmənin 234 ədəd tankı, 49 piyadaların döyüş maşını, 16 özü yeriyən artilleriya qurğusu, 190 müxtəlif çaplı topları, 2 “Uraqan” sistemi, bir ədəd TOS odsaçan, 2 ədəd əməliyyat taktiki raket kompleksi “Elbrus”, 1 ədəd “TOÇKA-U”, 35 ədəd OSA zenit raket kompleksi, 3 ədəd TOR zenit raket kompleksi, 5 ədəd KUB zenit-raket kompleksi, 9 radioelektron mübarizə sistemləri, iki ədəd “S-300” zenit raket kompleksi, 196 yük avtomobilləri məhv edilib”.

Prezident düşməndən qənimət götürülən hərbi texnikadan da danışıb:

“Düşməndən 36 tank, 24 piyadaların döyüş maşını, 98 yük maşını Azərbaycan silahlı qüvvələri tərəfindən götürülüb”.

Ölkə başçısı düşmənin böyük həcmdə hərbi texnikasının məhv edildiyini vurğulayıb:

“Mən sizə məhv edilən hərbi texnikaların bir hissəsini açıqladım. Bu əyani şəkildə göstərir ki, biz Ermənistanın hərbi texniki potensialını böyük dərəcədə sıradan çıxarmışıq. Hər kəs bu texnikaların qiyməti ilə maraqlana bilər. Bəs görəsən bu qədər silah, texnika onlarda hardandır? Onların dövlət büdcəsi, hərbi büdcəsi bəllidir. Ermənistan bankrot ölkədir. Bu ölkənin xarici dövlət borcu ölkənin ümumi daxili məhsulunun 60-70 fazini təşkil edir.

Ermənistanın sərbəst valyuta ehtiyatları 1,5 milyard dollardır. Bu da bank rezervləridir, sərbəst vəsait deyil. Onlar hansı pulla silah və texnika alır? Bu günə qədər məhv edilən və qənimət kimi götürülən texnikanın qiyməti ən azı 2 milyard dollar səviyyəsindədir. Amma onların həm işğal edilmiş torpaqlarda, həm də Ermənistan ərazisində hələ də texnikaları qalıb. Kim onları silahlandırır?

Yoxsul ölkəyə bu gün də qaçaqmalçılıq yolu ilə təhlükəli, böyük dağıdıcı gücə malik olan silah, texnika göndərilir. Biz bu suallara cavab istəyirik. Əminəm ki, bu suallarımıza da cavab alacağıq”.