Prezidentə yazırlar: “O xəbər yaralarıma məlhəm, yorğunluqdan bükülən dizlərimə güc oldu” - MƏKTUBLAR » Memur.az

Prezidentə yazırlar: “O xəbər yaralarıma məlhəm, yorğunluqdan bükülən dizlərimə güc oldu” - MƏKTUBLAR

Prezidentə yazırlar: “O xəbər yaralarıma məlhəm, yorğunluqdan bükülən dizlərimə güc oldu” - MƏKTUBLARAzərbaycanda aparılan quruculuq işləri, iqtisadi inkişaf göstəricilərinin ilbəil yüksəlməsi, dövlətin koronavirus pandemiyasına qarşı apardığı mübarizə əhali tərəfindən təqdir edilir. Bu məqsədlə ölkənin bütün bölgələrindən Prezident İlham Əliyevə təşəkkür məktubları ünvanlanır.

Həmin məktubların bir qismini təqdim edirik:

Şəmkir rayonunun Bayramlı kəndinin sakini Mətanət Quliyeva yazır:

“Möhtərəm cənab Prezident.

Həyatımı dəyişən xəbəri və o günü xatırladıqca ilahi ədalətin var olduğuna bütün ruhumla təkrar-təkrar inanıram. Həyat qayğılarımın hökm sürdüyü və ömrümün eniş dövründə, bütün bunlardan əlavə, sağlamlığımın mənimlə savaşa qalxdığı vaxtda bir xəbər oxudum: Prezident mükafatçısı olmuşam. Həmin anı və o anın yaşatdığı hissləri ifadə etməyə nə mənim, nə də qələmimin gücü çatar. Təkcə onu deyim ki, o xəbər yaralarıma məlhəm, yorğunluqdan bükülən dizlərimə güc oldu, məni həyata bağladı, mübarizəyə səslədi. Bütün bunlara görə sizə minnətdaram, cənab Prezident!

Əlilliyi olan şəxslər üçün yaratdığınız çoxşaxəli imkanlar və bu istiqamətdə aparılan işlər imkan yaradır ki, bu qəbildən olan hər bir şəxs cəmiyyətdə öz yerini tutsun. Ürəklə deyə bilərəm ki, bu gün mənim kimi gənclərin hədəflərinə doğru addımlaması üçün heç bir əngəl yoxdur. Bizim Sizə, Sizin qayğınıza hər zaman ehtiyacımız var”.

Bakıda yaşayan, Xocalıdan olan məcburi köçkün Vaqif Behbudov bildirir:

“Hörmətli cənab Prezident.

Ulu öndərimiz Heydər Əliyevin əsasını qoyduğu müasir Azərbaycanımız gündən-günə inkişaf edir. Bu inkişaf məhz Sizin zəhmətinizin, siyasi iradənizin sayəsində gerçəkləşir.

Mən şəhid oğluyam, atamın şəhid olmasından üç ay sonra dünyaya gəlmişəm. Atamın adını mənə qoyublar və bununla fəxr edirəm. Həm də ona görə fəxr edirəm ki, dünyanın heç bir ölkəsində şəhid ailəsinə bu qədər diqqət və qayğı göstərilmir. Bu qayğını Sizin yürütdüyünüz uğurlu sosial siyasətin məntiqi nəticəsi kimi qiymətləndirmək olar. Şəhid ailələrinin hər birinə göstərilən diqqət və qayğı bizlərdə qürur, fərəh hissi yaradır.

Siz çıxışlarınızda hər bir şəhidin və onun ailəsinin Azərbaycan dövləti və xalqı üçün son dərəcə dəyərli olduğunu qeyd edirsiniz. Sizin şəhid ailələri ilə görüşləriniz bu qayğının tükənməz olduğunu göstərir. Buna görə də bizim - şəhid ailələrinin yaşayışı ildən-ilə yaxşılaşır.

Biz şəhid ailələrinin problemlərinin aradan qaldırılması üçün həyata keçirilən tədbirlərdən məmnunluq hiss duyuruq və əhatə olunduğumuz qayğıya görə Sizə minnətdarlığımızı bildiririk”.

Sumqayıtdan Rasim və Səidə Məmmədovlar qeyd edirlər:

“Zati-aliləri cənab Prezident.

Sizin rəhbərliyinizlə korrupsiya hallarına qarşı həyata keçirilən sərt tədbirlər bizi çox sevindirir. Bu işləri diqqətlə seyr edir, ulu öndər Heydər Əliyevin vaxtında olduğu kimi, sağlam ab-havanın yarandığını duyuruq. Əsas odur ki, Siz bu yolda qətiyyətli və dönməzsiniz, eynilə atanız kimi... Sizin bu iradəniz bir çoxlarının yuxusuna haram qatıb. İstər xaricdə, istərsə də daxildəki düşmənlərimiz Azərbaycanın bu uğurlarını həzm edə bilmir, edə də bilməzlər. Çünki Sizin rəhbərliyinizlə qazanılan uğurlar onların boğazına sanki bir sümük kimi tıxanıb.

Bilin ki, bütün xalq Sizə inanır. Bu xalq ümummilli liderimiz Heydər Əliyevin bir kəlməsi ilə 1994-1995-ci illərdə Azadlıq meydanına toplaşıb onunla bir olduğunu bütün dünyaya göstərdiyi kimi, Sizin də bir kəlmənizlə meydana çıxıb arxanızca getməyə hər zaman hazırdır. Allah Sizi qorusun”.

Bakı sakini Füzuli Hacıyev yazır:

“Çox hörmətli cənab Prezident.

Mən Sizin “Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun yaradılması haqqında 2020-ci il 8 iyun tarixli Sərəncamınızı oxuyarkən qəlbim çox böyük fərəh və qürur hissi ilə doldu. Çünki nəinki Qafqazda və Azərbaycanda, habelə bütün dünyada çox nadir tarixi mədəniyyət nümunəsinə yeni həyat vermək ancaq Sizin kimi torpağını, tarixini sevən böyük şəxsiyyətlərə qismət olur.

Möhtərəm cənab Prezident, Beşbarmaq dağı çox böyük tariximizin möhtəşəm parçasıdır. Bu müqəddəs məkanda Musa və Xızır peyğəmbərlərin görüşdüyü yer, eramızın əvvəllərində tikilmiş Beşbarmaq səddi və saymaqla bitməyən digər tarixi abidələr yatır. Sizə çox böyük minnətdarlığımı bildirirəm, əziz Prezidentim! Tarixə münasibətin möhtəşəm nümunəsi budur”.

Mingəçevir şəhərindən Əvəz Haqverdiyev bildirir:

“Möhtərəm Prezident.

Ümummilli liderimiz Heydər Əliyevin daimi diqqət və qayğısı ilə inkişaf edən Mingəçevir bu gün Sizin həyata keçirdiyiniz siyasət nəticəsində özünün yüksəliş dövrünü yaşayır. Ölkə energetikasının flaqmanı olan “Azərbaycan” İES-in yenidən qurulması barədə verdiyiniz tapşırıq uğurla yerinə yetirilir. Artıq əsaslı təmir və bərpa işləri yekunlaşmaq üzrədir. “Azərbaycan” İES-in indiki görkəmi, orada aparılan işlər təqdirəlayiqdir.

Görülən bu işlərə görə, cənab Prezident, Sizə minnətdarlığımızı bildiririk. Allah Sizi qorusun”.

Tərtərdən Emin Pənahov qeyd edir:

“Cənab Prezident.

Rayonumuzda gənclərin və idmançıların uzun illərdən bəri həsrətində olduğu möhtəşəm Olimpiya İdman Kompleksinin tikilib istifadəyə verilməsi bizə sonsuz sevinc hissləri yaşatdı. Bu Olimpiya İdman Kompleksi tərtərli gənclərin sağlam həyat tərzi sürmələrində, onların idmana marağının artmasında mühüm rol oynayacaq. Kompleksdə olan müxtəlif idman yarışlarının keçirilməsi üçün universal zal, üzgüçülük hovuzu, sauna, güləş, boks, basketbol və trenajor zalları, tennis kortu gənclərimizin ölkə daxilində və beynəlxalq arenada keçirilən idman yarışlarında uğur qazanmalarına zəmin yaradır. Biz idman yarışlarına ev sahibliyi də edəcəyik, idmanın kütləviliyini təmin edərək, gənclərimizin fiziki və mənəvi sağlamlığını qoruyacağıq.

Cənab Prezident, cəbhə bölgəsində yaşayan gənclərə göstərdiyiniz diqqət və qayğıya görə Tərtər rayonunun çoxsaylı gəncləri və idmançıları adından Sizə minnətdarlığımızı bildiririk. Gənclərimiz bütün sahələrdə Sizin diqqət və qayğınızı hiss edir və Sizi dəstəkləyirlər. Tanrı Sizi qorusun”.

Bakı sakini Səxavət Məcnunov yazır:

“Hörmətli cənab Prezident.

Azərbaycanın gündən-günə inkişaf etməsi, dünya dövlətləri arasında nüfuzunun artması istiqamətində gördüyünüz işlər, apardığınız daxili və xarici siyasət, habelə ölkədaxili genişmiqyaslı islahatlar cəmiyyət tərəfindən minnətdarlıqla qarşılanır.

Dünyada yayılmış koronavirus pandemiyası ölkəmizdən də yan keçmədi. Sizin apardığınız tədbirlərin nəticəsində ölkəmizdə epidemiyanın geniş yayılmasının qarşısının alınması ilə bağlı verdiyiniz tapşırıqlar əhali tərəfindən müsbət qarşılanır və layiqincə yerinə yetirilir. Görülən bütün işlər Sizin tərəfinizdən vətəndaşlara göstərilən diqqət və qayğıdan irəli gəlir. Bir hərbçi olaraq əminəm ki, Sizin müdrik rəhbərliyinizlə tezliklə torpaqlarımız düşmən tapdağından azad olacaq və dünyanı cənginə alan bu bəladan da qurtulacağıq.

Sizin sayənizdə Böyük Vətən Müharibəsi iştirakçılarının ailələrinə verilən birdəfəlik müavinətə görə Sizə təşəkkürümüzü bildiririk. Ölkə vətəndaşlarının sağlamlığını, rifahını, ölkəmizin güclü iqtisadiyyata, ordumuzun dövlətlər arasında nüfuzlu yerə yüksəlməsində gördüyünüz işlərə görə Xəzər rayonunun sakinləri, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı adından Sizə və ailənizə xoşbəxtlik, can sağlığı, yeni-yeni uğurlar arzulayıram. Biz həmişə Sizinləyik”.

Mingəçevirdən Humay Baxışova və başqalarıbildirirlər:

“Hörmətli cənab Prezident.

Sizin tapşırıq və tövsiyələrinizə uyğun olaraq, “Azərbaycan” İstilik Elektrik Stansiyasında aparılan yenidənqurma işləri uğurla davam etdirilir. Sizin rəhbərliyinizlə ölkəmizdə energetika sənayesi sürətlə inkişaf edərək, yeni mərhələyə qədəm qoyub. Azərbaycan enerjini ixrac edən ölkəyə çevrilib. Dövlətimizin davamlı inkişafının göstəricisi olaraq görülən işlər biz gəncləri sevindirir və qürurlandırır.

Cənab Prezident, Mingəçevir gəncləri gördüyünüz misilsiz işləri bütünlüklə dəstəkləyir. Göstərdiyiniz diqqət və qayğıya görə Sizə dərin minnətdarlığımızı bildirir, uğurla irəlilədiyiniz yolda yeni müvəffəqiyyətlər arzulayırıq. Ulu Tanrıdan Sizə möhkəm can sağlığı, işlərinizdə nailiyyətlər diləyirik”.

Sabirabadın Xəlfəli kəndinin sakini Yavər Şükürov qeyd edir:

“Azərbaycan xalqının sevimli Prezidenti, cənab Ali Baş Komandan.

Bu ağır dövrdə Sizin vaxtında atdığınız addımlar, xalqın sağlamlığının qorunmasına yönəlmiş siyasət sayəsində koronavirus bəlasının caynağından tezliklə xilas olacağımıza böyük inam bəsləyirik. Hər bir işinizə görə şəxsən öz adımdan və ailəm adından Sizə minnətdarlığımızı bildirirəm.

Ulu öndərimiz Heydər Əliyevin layiqli davamçısı olaraq, Siz daim xalqın yanındasınız. Bəzi şəxslər özlərini xalqa canıyanan kimi göstərməyə çalışsalar da, əslində xalqımız onlardan heç vaxt bir xeyir görməyib. Sizi ona görə çox istəyirik ki, sözünüzlə əməliniz vəhdət təşkil edir. Fəaliyyətiniz əhalinin qayğı ilə əhatə olunmasında öz əksini tapır.

Allah Sizi və ailənizi, bütün yaxınlarınızı qorusun. Biz Sizinlə fəxr edirik və hər zaman yanınızdayıq”.