Prezident Administrasiyasında yaradılan yeni sistem icra orqanlarına nəzarəti gücləndirir » Memur.az

Prezident Administrasiyasında yaradılan yeni sistem icra orqanlarına nəzarəti gücləndirir

Prezident Administrasiyasında yaradılan yeni sistem icra orqanlarına nəzarəti gücləndirirDövlət başçısı İlham Əliyevin imzaladığı sərəncamla Prezident Administrasiyasında yaradılacaq yeni sistem ölkədə həyata keçirilən genişmiqyaslı islahatlar dalğasına təkan vermək, ictimai nəzarəti gücləndirmək və idarəçilikdə səmərəliliyi artırmaq üçün effektiv rol oynayacaq. 

Sərəncama əsasən, Administrasiyada Prezidentin fərman, sərəncam və tapşırıqlarının icra vəziyyətinə nəzarətin elektron qaydada həyata keçirilməsi üçün yeni informasiya sistemi yaradılmalı, eləcə də, yerli icra hakimiyyəti orqanlarının fəaliyyətinin səmərəliliyi mütərəqqi dünya təcrübəsinə uyğun göstəricilər üzrə qiymətləndirilməlidir. 

Bu məsələ ilə bağlı Baku TV millət vəkillərinin rəyini öyrənib.

Millət vəkili Aydın Mirzəzadə bildirib ki, bu addım qərarların icra vəziyyətini yaxşılaşdıracaq, eyni zamanda, məsul şəxslərin vəzifələrinə çox məsuliyyətlə yanaşmalarına kömək edəcək:

“Görülən işlər barədə məlumatlar elektron qaydada yayımlanacaq. Sərəncam idarəçiliyin təkmilləşdirilməsi istiqamətində mütərəqqi addım və icra başçılarına nəzarətin daha da sərtləşdirilməsi kimi qiymətləndirilir”. 

Millət vəkili Arzu Nağıyev isə deyib ki, fəaliyyətin çevikliyi, operativliyi arzu olunan səviyyədə deyildi: 

“Operativliyi yenidən tənzimləmək üçün cənab Prezidentin imzaladığı bu sərəncam çox mühüm əhəmiyyət kəsb edir. Bu tək icra başçıları deyil, ümumiyyətlə icra orqanları ilə bağlı sənəddir. Plan tərtib olunarkən qarşısında müddəti və icraçısı göstərilir. Bu müddətə riayət olunmalı, icraçı isə birbaşa cavabdehlik daşımalıdır”. 

Qeyd edək ki, dövlət başçısının ötən gün imzaladığı sərəncama əsasən, Prezident Administrasiyası beynəlxalq məsləhətçi şirkət cəlb etməklə, təkliflərini altı ay müddətində Azərbaycan Prezidentinə təqdim etməlidir.

Həmçinin, Nazirlər Kabinetinə dövlət orqanları və qurumları tərəfindən icra intizamına əməl olunması vəziyyətini təhlil etmək, icra intizamının pozulması halları, onlara yol verən dövlət orqanları və qurumları barədə ölkə başçısına ildə iki dəfə məlumat vermək tapşırılıb.