Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir » Memur.az

Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir

Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir
“Azərbaycanın iqtisadi, elmi, mədəni, intellektual potensialı ilə yanaşı, daxili işlər orqanları sistemində də böyük potensial vardır. Qeyd edim ki, müstəqilliyi təmin etmək üçün bir neçə dövlət atributu mövcüddur. Əgər onların biri ordudursa, digəri müstəqil xarici siyasətdirsə, o birisi də Daxili İşlər Nazirliyi, polis orqanlarıdır ”
Ulu öndər Heydər Əliyev


Heydər Əliyev – müasir və müstəqil Azərbaycanın banisi, yaradıcısı, qurucusu, ümummilli lideri. Nə qədər söz desək də, Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin yaradılması, möhkəmləndirilməsi, inkişafı, qüdrətli ölkəyə çevrilməsi uğrunda göstərdiyi xidmətləri, fədakarlığı, mübarizliyi ifadə etməyə yetərsizdir.

Heydər Əliyev Azərbaycan xalqı, ölkəmizin müstəqilliyə qovuşması uğrunda canını, sağlamlığını belə əsirgəməyib, bu yolda nəinki özünün, hətta ailə üzvlərinin həyatını təhlükədə qoymaqdan çəkinməyib. Sadəcə bir faktı xatırlatmaq yetər. Azərbaycan xalqının qan yaddaşına daxil olan 20 Yanvar faciəsi zamanı xalqının səsinə hər kəsdən əvvəl səs verən məhz Heydər Əliyev oldu. O zaman ümummilli liderimiz Moskvada xüsusi nəzarət altında olsa da, hadisələrdən dərhal sonra, 1990-cı il yanvarın 21-də ölkəmizin Moskvadakı daimi nümayəndəliyinə gələrək təcavüzə kəskin etirazını bildirdi, faciəni törədənləri kəskin ittiham etdi, qoşunların Bakıdan çıxarılmasını tələb etdi.

SSRİ-nin hələ də mövcud olduğu bir vaxtda amansız, qəddar, xalqımızın qanına susamış rejimə açıq şəkildə, özü də mərkəzində etiraz etmək sözün əsl mənasında böyük hünər və cəsarət tələb edirdi. Məhz Heydər Əliyev özünün və ailə üzvlərinin həyatını açıq təhlükə qarşısında qoyaraq bu cəsarəti göstərdi, hər şeydən əvvəl Vətən, xalq qarşısında vətəndaşlıq və milli mövqeyini nümayiş etdirdi, bu yolda hətta canını əsirgəmədiyini ortaya qoydu.

Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin qurulması və inkişafı uğrunda gördüyü misilsiz işləri əsasən iki mərhələyə ayırmaq olar: 1. Əldə edilmiş müstəqilliyin qorunub saxlanması, möhkəmlənməsi; 2. Müstəqil Azərbaycanın inkişaf dövrü.

Müstəqilliyin qorunub saxlanması və möhkəmlənməsi

1991-ci ilin oktyabrında Azərbaycan müstəqilliyini yenidən bərpa etdi. Bu, çox böyük bir tarixi hadisə, xalqımızın həyatında yeni bir mərhələ idi. Lakin təəssüflər olsun ki, uzun illər həsrətində olduğumuz müstəqilliyin elə ilk illərindəcə çox böyük çətinliklərlə, bəlalarla üz-üzə dayandıq. Ölkəmizdə yaranmış siyasi və iqtisadi böhran, o dövrdəki hakimiyyətin siyasi səriştəsizliyi bizi nəinki müstəqilliyimizi yenidən itirmə təhlükəsi qarşısında qoymuş, hətta ölkəmizin parçalanmasına, bir dövlət kimi yox olmasına zəmin yaratmışdı. Bir tərəfdən Ermənistanın Azərbaycana qarşı təcavüzü, torpaqlarımızın bir hissəsini işğal etməsi, digər tərəfdən isə hakimiyyət daxilində siyasi çəkişmələr, “kürsü davası” ölkəmizi hər gün uçuruma sürükləyirdi. Ayrı-ayrı silahlı qruplaşmalar Ermənistanın ölkəmizə qarşı təcavüzünün qarşısını almaq əvəzinə, bəzi siyasi “lider”lərin rəhbərliyi altında hakimiyyət uğrunda bir-birilərinə qarşı mübarizə aparırdılar. Ölkədə vətəndaş müharibəsi, qardaş qırğını təhlükəsi yaranmışdı. Siyasi böhranla yanaşı, ölkədə hökm sürən iqtisadi böhran, ərzaq qıtlığı, insanların çətin sosial durumu vəziyyəti hər gün daha da gərginləşdirirdi. Ölkə dərin xaos, anarxiya, çaşqınlıq içində idi, artıq xalqın bu gündən sabaha ümidi, inamı qalmamışdı, nə edəcəyini bilmirdi.

Məhz belə bir vaxtda xalq bu acınacaqlı və olduqca təhlükəli vəziyyətdən çıxış yolunu Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsində gördü və bu tələblə küçələrə axışmağa başladı. Çünki xalq başa düşürdü ki, onu bu çətin və ağır vəziyyətdən yalnız Heydər Əliyev kimi bacarıqlı, uzaqgörən, qətiyyətli bir rəhbər çıxara bilər. 1993-cü ilin iyun ayında xalqın istəyi və tələbi ilə Heydər Əliyevin yenidən hakimiyyətə gəlişi müstəqil Azərbaycan tarixində dönüş nöqtəsi oldu.

Heydər Əliyev hakimiyyətə gəldiyi ilk günlərdən ölkədə ictimai-siyasi sabitliyin bərqərar olması, müstəqilliyin və dövlətçiliyin möhkəmlənməsi istiqamətində əməli addımlar atmağa başladı. Qısa müddət ərzində qanunsuz silahlı dəstələr və separatçı qüvvələr zərərsizləşdirildi, dövlət çevrilişi cəhdlərinin qarşısı alındı, müharibədə uzunmüddətli atəşkəsə nail olunmaqla erməni təcavüzü dayandırıldı.

Beləliklə, dahi şəxsiyyət, bütün həyatını xalqına və Azərbaycanın müstəqil dövlət quruculuğuna həsr etmiş Heydər Əliyevin hakimiyyətə qayıdışı xalqımızın itirilmiş inamını özünə qaytarmaqla, müstəqilliyin möhkəmlənməsinin və ölkənin yeni inkişaf dövrünün əsasını qoydu.

Müstəqil Azərbaycanın siyasi inkişaf dövrü

Ölkənin həyatında çox zəruri olan ictimai-siyasi sabitləşməyə nail olunduqdan sonra demokratik prinsiplərin və təsisatların yaradılması və təkmilləşdirilməsi, dövlət aparatının möhkəmləndirilməsi və iş qabiliyyətli dövlət idarəçilik təsisatlarının formalaşdırılması, cəmiyyətdə yeni davranış norma və stereotiplərinin yaradılması, yeni - açıq və demokratik vətəndaşlığın formalaşdırılması, qanunvericilik bazasının təkmilləşdirilməsi, həyat qabiliyyətli tarazlı xarici siyasət modelinin yaradılması istiqamətində əməli işlərə başlanıldı. Azərbaycanın demokratik dəyərlər əsasında dayanıqlı inkişafını təmin etmək istiqamətində ümummilli lider tərəfindən atılan ən mühüm addımlardan biri də müstəqil Azərbaycanın yeni Konstitusiyanın qəbulu oldu.

1993-cü ildə xalqımızın Ümummilli Lideri Heydər Əliyev xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdışından sonra Azərbaycanın yeni Konstitusiyasının qəbul olunması istiqamətində fəaliyyətə başladı. Yeni müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının qəbulu sahəsində ilk tədbirlərdən biri Əsas Qanun layihəsinin hazırlanması haqqında Milli Məclisin 1993-cü il 6 dekabr tarixli qərarı oldu. Lakin bu qərar əsasında yaradılan müvəqqəti Konstitusiya ölkədə mövcud olan böhranlı vəziyyət ucbatından işini görə bilmədi. Prezident Heydər Əliyev hesab edirdi ki, Azərbaycanın müstəqilliyinin təminatı üçün müasir ruhda yazılan və xalq tərəfindən qəbul edilən yeni Konstitusiyaya ehtiyac var. Yalnız bundan sonra 1995-ci il mayın 2-də Prezident Heydər Əliyevin sədrliyi ilə 37 nəfərdən ibarət Konstitusiya Komissiyası yaradıldı. Milli Məclisin qərarı ilə bu komissiyaya Azərbaycan Respublikasının yeni Konstitusiya layihəsini hazırlamaq tapşırığı verildi. Ümummilli Lider Heydər Əliyev yeni Konstitusiyanın son dərəcə mükəmməl bir sənəd kimi hazırlanmalı olduğunu qeyd edərək deyirdi: "Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən əsas qanun, tarixi sənəd olsun. Ona görə də üzərimizə düşən vəzifə həm şərəfli, həm də çox çətindir... Konstitusiyamız Azərbaycanda məhz demokratik, hüquqi, dünyəvi, sivilizasiyalı bir dövlət qurmaq üçün əsas yaratmalıdır, onun əsas qanunu olmalıdır". Komissiyanın tərkibinə respublikamızın tanınmış ictimai-siyasi xadimləri, alimlər, peşəkar hüquqşünaslar daxil edildi. Çox qısa müddətdə inkişaf etmiş demokratik ölkələrin konstitusion quruculuq təcrübəsi öyrənildi, təhlil olundu, layihə hazırlandı və ictimai müzakirəyə təqdim olundu. Geniş ictimaiyyətin iştirakı ilə aparılan müzakirələrdən sonra Konstitusiya layihəsi 1995-ci ilin noyabrın 12-də ümumxalq səsverməsində (referendum) 91,9 faiz səslə qəbul edildi. Bu Konstitusiya 1995-ci il noyabrın 27-də qüvvəyə mindi. Azərbaycanın ilk milli Konstitusiyasının qəbul edilməsi xalqımızın dövlət müstəqilliyi tarixində konstitusionalizm məfkurəsinin qəti qələbəsi idi.
Azərbaycanda mövcud olan ictimai-siyasi sabitlik respublikamızın müstəqillik tarixinin ən mühüm nailiyyətlərindən biridir. Təbii ki, sabitliyin əldə olunması o qədər də asan başa gəlməmişdir. Ölkəmiz öz dövlət müstəqilliyini əldə etdikdən sonra çox böyük çətinliklərlə üzləşmişdi. Həmin dövrün çətinliklərinin əsas hissəsi, məhz Azərbaycan polisinin üzərinə düşürdü. Qarabağ müharibəsinin ilk illərində Azərbaycanın nizami ordusu yox idi, ona görə də ön cəbhədə torpaq uğrunda polis vuruşurdu, şəhidlər verirdi. Qanunsuz silahlı dəstələrlə polis mübarizə aparırdı.
Ulu öndər Azərbaycan polisinin bu dövrdəki xidmətlərini çox yüksək qiymətləndirmişdir: “Azərbaycan polisi şanlı bir tarix keçibdir. Xüsusən, 1988-ci il hadisələri başlanandan sonra, Qarabağ müharibəsində Azərbaycan polisinin 932 nəfər əməkdaşı şəhid, 681 nəfəri isə əlil olubdur. Eyni zamanda, 67 nəfər polis əməkdaşı Milli Qəhrəman adına layiq görülübdür. Bu, böyük rəşadət, qəhrəmanlıq və dövlətçiliyə sədaqət nümunəsidir.”
Ölkə daxilində hakimiyyət uğrunda gedən mübarizənin yaratdığı vətəndaş qarşıdurması, xarici qüvvələrin dəstəklədiyi Ermənistanın Azərbaycana qarşı təcavüzü yeni yaranmış respublikanı uçuruma doğru sürükləyirdi. Belə bir zamanda, dövlətçilik, müstəqillik təhlükə altında qalanda ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından, yəni 1993-cü ilin iyun ayının 15-dən sonra xaosdan qurtuluşa keçidin əsası qoyuldu, ölkənin ictimai-siyasi həyatında və kriminogen durumda köklü müsbət dəyişikliklər baş verdi. İntensiv surətdə həyata keçirilən tədbirlərdən biri də hüquq-mühafizə, o cümlədən daxili işlər orqanlarının sıralarının saflaşdırılması, dövlətə, xalqa sədaqətli şəxsi heyətin formalaşdırılması, peşə borcunu, qanunun aliliyini hər şeydən üstün tutan əməkdaşların xidmətə cəlb edilməsi idi.
Bütün bunlar yalnız Heydər Əliyevin polad iradəsi, fenomenal peşəkarlığı, qətiyyəti və yüksək idarəçilik bacarığı sayəsində mümkün olmuşdur. Daxili işlər orqanlarının fəaliyyətini düzgün istiqamətə yönəldən, onu xalqa və dövlətə xidmət üçün səfərbər edən ulu öndərimiz nəticədə istəyinə çatdı: daxildən saflaşan, təmizlənən daxili işlər orqanları və Daxili Qoşunlar Prezidentin inamını doğrultdu və ölkədə həyata keçirilən uğurlu islahatların təhlükəsizliyinin təminatçılarından biri oldu.

Vəfadar Orucov
Zaqatala Rayon Polis Şöbəsinin rəisi
polis polkovnik-leytenantı

Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir