POLİS XALQIMIZA, MÜSTƏQİL AZƏRBAYCAN DÖVLƏTİNƏ, ONUN HƏR BİR VƏTƏNDAŞINA XİDMƏT EDİR » Memur.az

POLİS XALQIMIZA, MÜSTƏQİL AZƏRBAYCAN DÖVLƏTİNƏ, ONUN HƏR BİR VƏTƏNDAŞINA XİDMƏT EDİR

POLİS XALQIMIZA, MÜSTƏQİL AZƏRBAYCAN DÖVLƏTİNƏ, ONUN HƏR BİR VƏTƏNDAŞINA XİDMƏT EDİR


Son illər Daxili İşlər Nazirliyində, polis orqanlarında böyük islahatlar həyata keçirilir. Bu islahatlar Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət quruculuğunun bir hissəsidir. Biz müstəqilliyimizi əldə edən kimi bəyan etmişik ki, yolumuz müstəqil, demokratik dövlət qurmaqdır, hüquqi dövlət qurmaqdır, dünyəvi dövlət qurmaqdır. Biz bu yol ilə gedirik. Bu, bizim Konstitusiyamızda təsbit olunubdur. Son illər qəbul etdiyimiz yüzlərlə, bəlkə də minlərlə qanunlarda, fərmanlarda təsbit olunubdur. Bu yol ilə gedirik. Bu halda gərək, Azərbaycanın dövlət strukturlarının hamısı demokratik, hüquqi dövlət prinsiplərinə uyğun olsunlar.
Polis cinayətkarlıqla mübarizə aparır. Dövlətin hüquqlarını qoruyur. Amma, eyni zamanda, polis hər bir vətəndaşın hüququnu qoruyur. Cinayətkar təkcə dövlətə qarşı cinayət etmir ki. Dövlətə qarşı cinayət edənlər, Allaha şükürlər olsun ki, tamamilə azalıbdır. Cinayət edən başqa bir vətəndaşın hüququnu pozur. Nəinki hüququnu pozur, ağır cinayətlər edir. Ona görə polisin vəzifəsi, borcu həm dövlətin mənafelərini qorumaq, dövlətin siyasətini həyata keçirmək, həm də bizim Konstitusiyada göstərildiyi kimi, vətəndaşların hüquqlarını qorumaqdır, vətəndaşın təhlükəsizliyini təmin etməkdir ki, vətəndaş rahat yaşaya bilsin.
İctimai-siyasi sabitlik hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu yolu seçmiş hər bir dövlətin mövcudluğunun mühüm şərtlərindən biridir. Müstəqil Azərbaycanın son illərdə bütün sahələrdə sürətlə inkişaf edən, beynəlxalq miqyasda böyük nüfuz sahibi olan dövlətlərdən birinə çevrilməsi də əsası dünya şöhrətli siyasətçi, ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş ictimai-siyasi sabitlik amilinə söykənir. Məhz bu sabitlik nəticəsində mürəkkəb geosiyasi-coğrafi məkanda yerləşən Azərbaycanın dünya miqyasında sivil, demokratik yolla irəliləyən, beynəlxalq hüquq normalarına və prinsip-lərinə hörmətlə yanaşan dövlət imici daha da möhkəmlənmişdir.
Respublikamızda ictimai asayişin, qanunçuluğun və hüquq qaydalarının etibarlı təminatı, vətəndaşların konstitusion mənafelərinin yüksək səviyyədə qorunması, kriminogen durumun sabitliyi Azərbaycanın ötən müddətdə qazandığı ən mühüm nailiyyətlər sırasındadır. Danılmaz həqiqətdir ki, respublikamızın ictimai-siyasi sabitlik şəraitində inkişafında, ictimai asayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizənin səmərəli təşkilində, dövlətçiliyin hər cür cinayətkar qəsdlərdən müdafiəsində, vətəndaşların təhlükəsiz yaşamaq kimi fundamental hüququnun təminatında Daxili İşlər Nazirliyinin və onun ayrı-ayrı strukturlarının müstəsna rolu vardır. Cinayətkarlığın bütün forma və təzahürlərinə qarşı amansız mövqe tutan daxili işlər orqanları qanunla üzərinə düşən vəzifələri yerinə yetirməklə, iqtisadi inkişafın mühüm şərti olan sabitliyin təminatı üçün bütün zəruri tədbirləri həyata keçirməklə xalqın və dövlətin sadiq keşikçisinə çevrilmiş, ictimai etimad qazanmışlar.
Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında respublikamızda möhkəm əsaslarla formalaşmış ictimai-siyasi sabitliyin xalqın bugünkü və gələcək taleyi baxımından necə böyük əhəmiyyət kəsb etdiyi ən azı bu tarixi reallıqlara nəzərən əyani təsdiqini tapır. 1993-cü il sentyabrın 20-də Ali Sovetin Sədri vəzifəsində çalışan Heydər Əliyev Daxili İşlər Nazirliyində keçirilmiş geniş müşavirədə bu orqanda əvvəllər hökm sürən dözülməz vəziyyətin səbəblərini olduqca dəqiq izah etmişdi: "Yadınıza salın, bu binanın divarları içərisində nə kimi çirkin əhvali-ruhiyyə, neqativ hallar meydana çıxdı. Ümummilli liderin hakimiyyətə qayıdışından sonrakı ilk illərdə ictimai-siyasi sabitlik müəyyən mənada kövrək səciyyə daşıdığından, hüquq-mühafizə orqanlarının, xüsusilə DİN-in qanunauyğun fəaliyyətini təmin etmək, peşəkar kadrları bu orqanda irəliyə çəkməklə onu xalqın və dövlətin layiqli müdafiəçisinə çevirmək qarşıda duran başlıca vəzifələrdən idi. Dövlətin hüquqi-siyasi sütunlarının möhkəmlənməsində, ictimai-siyasi sabitliyin bərqərar olmasında müstəsna rola malik daxili işlər orqanlarının fəaliyyətinin hələ də qənaətbəxş səviyyədə qurulmaması, dövrün tələblərinə cavab verməməsi Heydər Əliyevi ilk gündən ciddi şəkildə qayğılandırırdı.
Azərbaycan uzun illərdir ki, əmin-amanlığın yüksək səviyyədə qorunduğu ən təhlükəsiz ölkələrdən olmaqla asayişin təmininə, cinayətkarlıqla mübarizənin nəticələrinə görə MDB, habelə Şərqi Avropa məkanında ön sıralardadır. Ötən illərdə daxili işlər orqanları tərəfindən cinayətlərin açılması istiqamətində aparılan məqsədyönlü, intensiv və uğurlu əməliyyat-axtarış tədbirləri sayəsində müsbət göstəricilərə nail olunmuşdur. DİN-in cinayətkarlığa qarşı səmərəli mübarizə aparmasını təmin edən başlıca məqamlardan biri də daxili işlər orqanlarının fəaliyyətini tənzimləyən milli qanunvericilik aktlarının beynəlxalq tələblərə maksimum dərəcədə uyğunlaşdırılmasıdır.
Dövlətçiliyin möhkəmlənməsində, müstəqilliyin əbədiliyinin təmin edilməsində, ictimai asayişin qorunmasında müstəsna rolu olan daxili işlər orqanlarının şəxsi heyətinin sosial müdafiəsi tədbirləri də daim ulu öndər Heydər Əliyevin xüsusi diqqət yetirdiyi məsələlərdən olmuşdur. Azərbaycan Respublikası Prezidentinin fərmanları ilə Daxili İşlər Nazirliyi sistemində vəzifə və rütbə maaşları, həmçinin Daxili Qoşunların hərbi qulluqçularının vəzifə maaşları dəfələrlə artırılmışdır. DİN əməkdaşlarının peşəkarlığını və fədakarlıqlarını daim yüksək qiymətləndirən ümummilli lider onların orden və medallarla təltif edilməsi barədə çoxsaylı sərəncamlar imzalamışdır.
Dövlət başçısı İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, bu gün DİN-in və onun ayrı-ayrı strukturlarının qarşısında duran ən başlıca vəzifə, şübhəsiz, ölkədəki dinamik inkişafa yol açan ictimai-siyasi sabitliyi qorumaq, dövlətçiliyə qarşı yönələn cinayətkar qəsdlərə qarşı barışmaz mövqe tutmaqdır.
Azərbaycan Prezidentinin siyasi iradə və qətiyyəti, daxili işlər orqanlarının dövlətçiliyə və qanunçuluğa bağlılığı nəticəsində bu gün heç bir qüvvə ölkədə qarşıdurma yaratmağa, asayişi pozmağa, ölkəmizi 1990-cı illərin əvvəllərindəki xaos və anarxiya mərhələsinə qaytarmağa qadir deyildir. Buna cəhd edənlər, həmişə olduğu kimi, qarşılarında yenə də Azərbaycan xalqını, onun ayrılmaz hissəsi olan Azərbaycan polisini görəcəklər.
Ümumilikdə daxili işlər orqanlarının şəxsi heyəti ölkədə aparılan quruculuq prosesində fəal iştirak edərək dövlətin, hüquqi, fiziki şəxslərin qanuni mənafelərinin, mülkiyyətinin hüquqazidd əməllərdən qorunması, insanların azad, sərbəst yaşaması üçün üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışır. Bu gün hər bir vətəndaş əmin ola bilər ki, Azərbaycan polisi onun həyat və sağlamlığının, hüquq və azadlıqlarının, qanuni mənafelərinin, ictimai asayişinin keşiyindədir. Azərbaycan polisi hər zaman dövlətimizin diqqət və etimadını hiss edir, fəaliyyətinə verilən yüksək qiyməti böyük minnətdarlıqla qarşılayır, habelə xalqımıza ən müxtəlif sahələrdə xidmət göstərməkdən böyük qürur duyur.

Həmid Həsənov
Xaçmaz Rayon Polis Şöbəsinin rəisi