Prezident İlham Əliyev: “Azərbaycanda bütün fundamental azadlıqlar təmin olunur” » Memur.az

Prezident İlham Əliyev: “Azərbaycanda bütün fundamental azadlıqlar təmin olunur”

Prezident İlham Əliyev: “Azərbaycanda bütün fundamental azadlıqlar təmin olunur”

"Azərbaycan siyasi və iqtisadi islahatlara sadiqdir"


“Azərbaycan Avropanın enerji təhlükəsizliyi sahəsində mühüm rol oynayır. Biz əslində tarixi İpək Yolunu bərpa edir, mühüm dəmir yolunu tikirik. Tarixi İpək Yolu məhz Azərbaycan ərazisindən keçirdi”.

APA-nın məlumatına görə, bunu Bakıda keçirilən III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışında Azərbaycan prezidenti İlham Əliyev deyib.

Dövlət başçısı bildirib ki, Azərbaycanın bütün layihələri sosial inkişafa, xalqlar arasında əməkdaşlığın inkişafına yönəlib: "Bizim səylərimiz beynəlxalq ictimaiyyət tərəfindən də dəyərləndirilir. Sevindirici haldır ki, Azərbaycan 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilib. Həmin 155 dövlətin hamısı ilə fəal əlaqəmiz olmasa da, müstəqillik dövründə gördüyümüz işlər ölkəmizə müsbət münasibəti əsaslandırdı”.

Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan siyasi və iqtisadi islahatlara sadiqdir: "Anladıq ki, enerji resursları davamlı inkişaf üçün yetərli olmayacaq. Ona görə də azadlıqlar diqqət mərkəzimizdədir. Bu gün Azərbaycanda bütün fundamental azadlıqlar təmin olunur, din azadlığı var. Bu, bizim inkişafımız üçün əsasdır”.

Dövlət başçısı Azərbaycanın iqtisadi müstəqilliyinin olduğunu da diqqətə çatdırıb: "Donorlardan asılı deyilik, ianələr, yardımlar gözləmirik. Azərbaycanın enerji təhlükəsizliyini təmin etmişik, indi də başqa ölkələrin enerji təhlükəsizliyinə töhfə veririk”.

Prezident bildirib ki, Azərbaycanda işsizlik və yoxsulluq 5 faiz civarındadır: "Ölkəmiz rəqabətə davamlılıq baxımından 38-ci yerdədir. Biz müxtəlif layihələrə başlamışıq. Humanitar sahə də diqqət mərkəzindədir. Hər il Bakıda humanitar forum, dini liderlərin sammitini keçiririk".


Dövlət başçısı deyib ki, Azərbaycan mədəniyyətlərarası dialoqda mühüm rol oynayır və ölkələri, xalqları bir araya gətirməyə çalışır: “Çox şadam ki, bu gün III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Bakıda öz işinə başlayır. Bu, yaxşı ənənədir, üçüncü dəfədir ki, bu dialoqu keçiririk. Yüzdən artıq ölkənin təmsilçisi buradadır. Bu, müzakirələrin əhəmiyyətini göstərir”.

Prezident İlham Əliyevin sözlərinə görə, etnik və müxtəlif dinlərin təmsilçiləri həmişə Azərbaycanda tolerant şəkildə yaşayıb: “Tarixi irsimiz mədəni müxtəlifliyə yanaşmanı ortaya qoyur. Şamaxıda ən qədim məscidlərdən biri, Şəkidə alban kilsəsi, Abşeronda atəşpərəstlərin məbədi yerləşir. Bu gün Azərbaycanda müxtəlif etnik qrupların nümayəndələri yaşayır və inkişafımıza töhfə verir. Biz beynəlxalq tədbirləri ona görə keçiririk ki, multikulturalizm ənənələrini təbliğ edək”.

Prezident bu gün dünyada baş verən hadisələrin narahatlıq doğurduğunu söyləyib: “Azərbaycanda Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması bu sahədə bir addım oldu. Multikulturalizmin alternativi yoxdur. Bu baxımdan vətəndaş cəmiyyəti qurumlarının, qeyri-hökumət təşkilatlarının rolu artır. Bəzi hallarda dini ədavət bilərəkdən inkişaf etdirilir və yayılır. İctimai rəyə təsir göstərən insanların öhdəliyi artır, biz multikulturalizm ənənələrini inkişaf etdirməliyik. Multikulturalizmin müsbət ənənələri var və Azərbaycan onlardan biridir. Bizim bu səylərimiz olmasa, dünyada vəziyyət daha pis olacaq. Azərbaycan kimi ölkələrin dünyada oynadığı rol müsbətdir. Bunun alternativi islamofobiya, antisemitizm ola bilər və bunlar tarixdə insanlar üçün böyük faciələrlə nəticələnib. Multikulturalizm Bakı prosesinin əsasını təşkil edir. 100-dən çox ölkənin təmsilçisinin iştirakı göstərir ki, biz mədəni müxtəlifliyi təmin edəcəyik”.