Ağdamın inkişafı hamını sevindirir » Memur.az

Ağdamın inkişafı hamını sevindirir

Ağdamın inkişafı hamını sevindirir

Hər dəfə üzü Qarabağa səfər edəndə şair dili ilə desək, könlüm qübar eləyir və bu da səbəbsiz deyil. Çünki insan yaşa dolduqca onun həmsöhbəti daha çox xatirələri və bir də ömrünə iz salmış müəyyən anlar olub. Bax, bu mənada Bakıdan üzü Qarabağa uzanan yolun demək olar ki, mahiyyəti mənim üçün indi bir az da dəyişib. Yəni artıq ötən illərdən fərqli olaraq ölkənin baş yolunda qoyulmuş nişanlar üzərində Qarabağın da, konkret desəm, Ağdamın, Xankəndinin, Şuşanın, Laçının, Qubadlının, Füzulinin, Zəngilanın, Kəlbəcərin, Xocalının, Xocavəndin, Cəbrayılın adları da iri hərflərlə yazılıb, məsafələri göstərilibdi. Zənnimcə, göz yaddaşımı və onun sayəsində də bütövlükdə yaddaşımızı oyaq saxlamaq üçün bu çox düzgün bir addımdı. Bu işi gerçəkləşdirənlər gec də olsa bu yollardan ötüb gedənlərə işğal altında olan torpaqlarımızın bizdən nə qədər uzaqda olduğunu və onun üçün günün birində döyüşməli olacağımızı yəqin ki, düşünür və yaxud da düşünməyə məcbur olur.
Bəli, həmin gün də Ağdama gedirdik. Bəzən irad tuturlar ki, Ağdam yox, Quzanlı demək, yazmaq lazımdı. Çünki hələlik biz Quzanlıya gedirik. Amma neyləyim ki, abadlaşan, demək olar ki, bütünlüklə görkəmini dəyişmiş və bir vaxtlar Ağdamın sıradan bir kəndi olan Quzanlı indi əməlli-başlı şəhərə çevrilib. Lakin onun bu sürətli inkişafı, bu təmtərağı ona hələ ki, Ağdamın bütün özəlliklərini verməyib. Konkret desəm, Quzanlı müəyyən mənada o torpaq, kənd ab-havası ilə yaşayır. Ağdam isə şəhər idi. Özü də oturuşmuş, haqqını sübut etmiş bir şəhər. Təəssüf ki, biz bu gün ona uzaqdan baxırıq. Ancaq ovcumuzun içində olan bu məsafə mütləq qət ediləcək və biz ağdamlı günlərə qayıdıb onu öz ritminə qaytaracağıq. O günə qədər isə necə deyərlər, yaşamaq. işləmək, qurub-yaratmaq lazımdı.
Bu gün regionların inkişafına dair Dövlət Proqramına uyğun olaraq Ağdam rayonu da özünün inkişaf perspetivlərini günbəgün sürətləndirir və onun coğrafiyasını genişləndirir. Belə ki, artıq rayonda ötən il ehtiyata keçirilmiş planlı tədbirlər nəticəsində sakinlərin fasiləsiz enerji ilə təmin olunması istiqamətində kifayət qədər diqqəti çəkən işlər görülmüş, problemlər ortadan qaldırılmışdı. Məhz həmin işlərin nəticəsində rayonun demək olar ki, bütün ərazisini əhatə edən transformatorların quraşdırılması, təmir edilməsi, eləcə də yarımstansiyaların istismara verilməsi düşmənlə üz-üzə dayanan bu bölgənin al-əlvan işıqlara qərq olmasına kömək etmişdi. Rayon icra hakimiyyəti başçısının yaxından iştirakı və köməyi ilə arıtq rayonda kifayət qədər böyük tutumlu transformatorlardan istifadə olunub.
Elektrik enerjisi ilə yanaşı, rayonun qazlaşdırılması istiqamətində də xeyli işlər görülüb. Artıq 16 km uzunluğunda Quzanlı-Baharlı yeni qaz xəttinin istismara verilməsi həmin yol üzərində olan Əfətli, Qaradağlı, Zəngişalı, Çəmənli inzibati dairələrində də qaz təminatını xeyli yaxşılaşdırmışdı. Ümumiyyətlə, sakinlərin qazla təminatı, abonentlərin istehlak olunmuş enerji, qaz, su pullarının vaxtında ödənilməsi kimi hallar da rayonda birbaşa icra hakimiyyəti başçısının şəxsi nəzarəti ilə davamlı olaraq həyata keçirilir və prosesin uğurlu nəticələri rayonun nüfuzunu bir az da artırır. Bir məsələni də xatırlatmaq lazımdır ki, bu gün Ağdam rayonu ərazisində yol tikintisi istiqamətində də uğurlu işlər görülür. Yəni rayonun 46 saylı Yol-istismarı idarəsi respublika əhəmiyyətli yolun 34 kilometrini, eləcə də, yerli əhəmiyyətli yolların 97 kilometrini yüksək keyfiyyətlə təmir-bərpa etmişdi. Ümumiyyətlə Ağdamda həyat əhəmiyyətli sahələrin əvvəldə xatırlatdığımız kimi, işıq, qaz, su, yol sahələri ilə yanaşı, telekommunikasiya istiqamətində də xeyli işlər görülüb. Rəqəmlərə müraciət etsək, onda bəlli olar ki, Ağdam Telekommunikasiya Qovşağı ötən il İkinci Dördyol qəsəbəsində 128 nömrəlik, Bənövşələr qəsəbəsində 144 nömrəlik, Əfətli kəndində 86, Çəmənli kəndində 77, Birinci Dördyol qəsəbəsində 288, Qaradağlı kəndində 336, bütövlükdə rayon üzrə EATS gücü 3100 nömrəyə çatdırılmışdı. Bunlardan da 2534 ədəd artıq tam gücü ilə istismar olunur.
Döyüş bölgəsində yerləşən Ağdamda həyat səviyyəsinin durmadan yüksəlməsinin göstəricilərindən biri də təbii ki, elmi-texniki tərəqqinin son nailiyyətlərinin burada da istifadə olunması və burada da həyatın bir parçasına çevrilməsidir. Belə ki, artıq Ağdamda 300 portluq geniş zolaqlı internet şəbəkəsi istifadəyə verilmiş və hazırda burada internetin sayı artaraq 688-ə çatdırılmışdı. Sevindirici haldır ki, həmin mövcud internetin 615 ədədi demək olar ki, tam gücü ilə istismardadı. Bu da rayonun kompüterləşdirilməsi, internet şəbəkəsinin genişləndirilməsi istiqamətində görülən işlərin qısa bir mənzərəsidi. Gənc nəslin internetə, kompüterə olan marağını təmin etmək və düzgün istiqamətə yönəltmək üçün lazım olan bütün tədbirlər Ağdamda da gerçəkləşdirilib və bunun da nəticəsində bu döyüş bölgəsinin bütöv Azərbaycan internet-kompüter məkanında öz yerini genişləndirməsinə imkan verir.
Rayon sakinlərinin istər poçt xidməti sayəsində, istər içməli və suvarma sularına olan tələbatı rayon rəhbərliyinin diqqət mərkəzindədi. Ötən ilin yekunlarına dair keçirilən hesabat yığıncağında rayon icra hakimiyyətinin başçısı Nizami Sadıqov vurğulamışdı ki, bu gün Ağdam poçt filialı cair ildə proqnozlara 108 faiz əməl etmişdi. Poçt filialında poçt maliyyə xidmətlərinin həyata keçirilməsi üçün mərkəzi poçt şöbəsində Quzanlı, Qaradağlı, Xındırıstan, Mahrızlı, Üçoğlan poçt şəbəkələrində yeni şəbəkə qurularaq istifadəyə verilmiş və bunun davamı kimi cari ildə Əfətli və Çəmənli şöbələri də bütünlüklə yenidən qurulacaqdı. O ki, qaldı əhalinin içməli və suvarma sularına olan tələbatı, bu sahədə də işlər ürəkaçandı. Belə ki, ötən il rayonun su-kanal idarəsi tərəfindən sakinlərin içməli suya olan tələbatını ödəmək üçün 14918 metr, o cümlədən Birinci Dördyol qəsəbəsində 2150 metr, İnkinci Dördyol qəsəbəsində 1210 metr, Birinci Quzanlı qəsəbəsində 1076 metr, Bənövşələr qəsəbəsində 548 metr, Mahrızlı kəndində 7852 metr su xətti çəkilmişdi. Ümumiyyətlə bütün kənd və qəsəbələrin suya olan ehtiyacı müəyyən qədər ödənilmişdi. Cari ildə də bu istiqamətdə işlər davam etdirilir.
Bəli, hələ Ağdamın, daha doğrusu, Quzanlının giriş qapısına yaxınlaşanda hiss etdim ki, baharın bu çağında təkcə torpağın oyanışı deyil, həm də insanların qurub-yaratmaq əzminin coşqulu bir səviyyədə üzə gülməsi bizi böyük uğurlara doğru aparır. Mən isə bu kiçik qeydləri hələ bir müddət öncə yol dəftərimə yazmışdım. Və indi o qeydlərin bir qismini sizlərə təqdim etməklə Quzanlıdakı mənzərəni diqqətinizə çatdırmaq istədim.
XəbərlərTV