İlham Əliyev siyasi kursu əvəzedilməzdir » Memur.az

İlham Əliyev siyasi kursu əvəzedilməzdir

İlham Əliyev siyasi kursu əvəzedilməzdir




















Prezident İlham Əliyev şəxsiyyəti modern cəmiyyətdə lider obrazının ən mühüm xüsusiyyətlərini özündə birləşdirir

Bu gün Azərbaycan dünya miqyasında ən sürətlə inkişaf edən ölkələr sırasında ən öncül yerlərdən birini tutur. Bu inkişafın əsasında isə uğurla, uzaqgörənliklə reallaşdırılan daxili və xarici siyasət kursu dayanır. Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strateji kursun Prezident İlham Əliyev tərəfindən müasir dövrün reallıqlarına, tələblərinə və qanunauyğunluqlarına müvafiq surətdə uğurla və qətiyyətlə davam etdirilməsi bugünkü milli inkişafın fundamental əsaslarını təşkil edir. Müxtəlif inkişaf modellərinin uğurla tətbiqi və hədəflənən nəticələrin əldə olunması, sosial-siyasi islahatların mütəmadi qaydada həyata keçirilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, vətəndaş cəmiyyəti və hüquqi dövlətin inkişafına maksimum əlverişli şəraitin yaradılması, möhkəm təməllərə söykənən ictimai-siyasi sabitliyin təmin və mühafizə olunması, ölkəmizin beynəlxalq münasibətlər sisteminin nüfuz və güc iyerarxiyasında sürətli şəkildə irəliləməsi müasir Azərbaycanın gerçəkliklərini təşkil edir. Heç şübhəsiz, bütün bu nailiyyətlərin əsasında güclü lider fenomeni dayanır.

Güclü Azərbaycan və güclü lider fenomeni

Mövcud tarixi-siyasi, coğrafi şəraitdən, siyasi sistemin xüsusiyyətindən asılı olmayaraq liderlik fenomeni milli dövlətin formalaşmasında və inkişafında həlledici rola malikdir. Bu, bir həqiqətdir ki, bu gün Azərbaycanın bir dövlət kimi mövcudluğu, stabil və inamlı inkişafı liderlik amili ilə birbaşa bağlıdır. Lider öz ağlı, iradəsi, qərar qəbul etmək səriştəsi, insanlara doğru yolu göstərmək bacarığı ilə xalqı vahid amal uğrunda səfərbər edən, arxasınca apara bilən şəxsdir.

Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən bu vaxtadək olan müddət Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub. Şübhəsiz, sosial-siyasi sabitliyin qorunmasının, mövcud iqtisadi inkişafın, hərtərəfli tərəqqinin təməlində Ümummilli liderin inkişaf strategiyası, Onun müəyyənləşdirdiyi daxili və xarici siyasət xətti dayanır. O da həqiqətdir ki, Ulu öndərin əsasını qoyduğu daxili və xarici siyasət kursunun uğurla davam etdirilməsi sayəsində Azərbaycan bugünkü yüksəlişə və inkişafa nail olub. Gənc dövlətin əsaslarının möhkəmliyi və həyata keçirilən strategiyanın səmərəliliyi məhz Prezident İlham Əliyevin liderlik keyfiyyətləri, zəkası, siyasi iradəsi və uzaqgörənliyi sayəsində mümkün olub. Prezident İlham Əliyev şəxsiyyəti modern cəmiyyətdə lider obrazının ən mühüm cəhətlərini özündə birləşdirir.

Lider, həmçinin mənəvi birliyi təmin edən, cəmiyyətdə müəyyən əhval-ruhiyyənin, ideya və dəyərlər sisteminin formalaşmasına təsir göstərən mühüm qüvvədir. Xalqın lideri ilk növbədə insanları ümumi ideya, prinsip, məqsəd ətrafında birləşdirməyi bacarmalıdır. Heydər Əliyevin yetkin bir məfkurə kimi xalqımıza təqdim etdiyi azərbaycançılıq ideologiyasının əsasını təşkil edən dövlətçilik, vətənpərvərlik, ənənələrə bağlılıq prinsipləri bu gün milli birliyin əsas təminatçısı kimi çıxış edir. Bu prinsiplərə sadiqliyini qoruyub saxlayan Prezident İlham Əliyev isə öz fəaliyyəti ilə Heydər Əliyev ideyalarının layiqli davamçısı olduğunu göstərməklə yanaşı, innovasiyalara tez uyğunlaşmaq bacarığı, dəyişən qlobal və regional reallıqlar şəraitində ölkənin stabil milli maraqlarını qoruya bilmək qabiliyyəti ilə özünün əsl siyasi lider olduğunu isbatlayıb.

Liderin gücü, nüfuzu həm də onun təsir imkanlarının coğrafi əhatə dairəsi ilə ölçülür. Güclü siyasi liderin fəaliyyətinin təsir dairəsi bir ölkə ilə məhdudlaşmır, bütövlükdə regional, hətta qlobal əhəmiyyət daşıya bilir. Bu baxımdan, bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət regionda gedən siyasi, iqtisadi proseslərin axarına həlledici təsir göstərir. Məhz dövlət başçısının liderlik keyfiyyətləri əsasında bu gün Azərbaycan beynəlxalq aləmdə böyük nüfuz qazanıb, fəal aktorlardan birinə çevrilib. Azərbaycan Avropa ilə Asiya qitələrini siyasi, iqtisadi, mədəni nöqteyi-nəzərdən birləşdirən regional güc mərkəzidir. Azərbaycanın lideri, Prezident İlham Əliyev ölkəni lider dövlətlər sırasına yüksəldib.

Azərbaycanın dinamik inkişafını şərtləndirən strateji faktorlar

Sadalananlar onu deməyə əsas verir ki, Azərbaycanın sürətli inkişafı və əldə edilmiş nailiyyətlər Prezident İlham Əliyevin liderliyi ilə həyata keçirilən siyasi və iqtisadi kursun qanunauyğun nəticəsidir. Dövlətimizin başçısının qeyd etdiyi kimi: "Düşünülmüş siyasət, siyasi və iqtisadi islahatlar, xalqla iqtidar arasında birlik, xalq tərəfindən ölkədə aparılan iqtisadi islahatlara dəstəyin verilməsi, liberal iqtisadiyyat, eyni zamanda, güclü hakimiyyət, sabitlik - budur bizim uğurlarımızı şərtləndirən əsas amillər".

Bu gün xalq-iqtidar birliyi islahatların, daxili və xarici siyasət kursunun səmərəliliyini təminedən əhəmiyyətli strateji faktor kimi çıxış edir. Eyni zamanda, mütəmadi surətdə həyata keçirilən islahatlar mövcud inkişafı sürətləndirməklə yanaşı, yeni inkişaf perspektivlərinin müəyyənləşdirilməsini şərtləndirir. İlk növbədə, rasional iqtisadi islahatlar Azərbaycan iqtisadiyyatının dinamik inkişafını təmin edən mühüm amill qismində çıxış edir. Ölkə iqtisadiyyatının inkişafı üçün mütəmadi surətdə reallaşdırılan praqmatik islahatlar modeli formalaşdırılıb ki, bu, bütövlükdə milli inkişafa təkan verən əhəmiyyətli amil səciyyəsi daşıyır. Eyni zamanda, güclü iqtisadi inkişafa əsaslanan bir sıra tədbirlərin görülməsi Azərbaycanın milli tərəqqəsini sürətləndirən, milli gücünü artıran başlıca strateji komponent qismində çıxış edir. Məsələn, milli gücün mühüm strateji komponentlərindən biri kimi çıxış edən ərzaq təhlükəsizliyinin yüksək səviyyədə təmin edilməsi bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Sirr deyil ki, etibarlı ərzaq təminatı hər bir ölkənin iqtisadi sabitliyinin və sosial dayanıqlılığının başlıca şərtidir. Məhz bu amil cəmiyyətin hər bir üzvünün əsas ərzaq məhsullarına olan tələbatının tam ödənilməsi üçün davamlı olaraq müvafiq tədbirlərin həyata keçirilməsini zəruri edir. Məsələn, son bir neçə ildə enerji daşıyıcılarının qiymətinin kəskin artması, aparıcı ölkələrin maliyyə bazarında baş verən neqativ meyillər, habelə əhalinin sayının çoxalması nəticəsində ərzaq məhsullarına olan tələbatın yüksəlməsi, iqlim dəyişkənliyi, su ehtiyatlarının məhdudluğu və digər səbəblərə görə əsas ərzaq məhsullarının dünya bazarlarında qiymətləri artmağa başlayıb, bəzi ölkələrdə ərzaq qıtlığı real təhlükəyə çevrilib. Belə bir dövrdə Azərbaycanda əhalinin etibarlı ərzaq təminatı dövlətin iqtisadi siyasətinin başlıca istiqamətlərindən birini təşkil edir.

Qeyd etmək lazımdır ki, bu istiqamətdə həyata keçirilən sosial-iqtisadi inkişaf proqramları, habelə icra olunan "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"ndan irəli gələn vəzifələrin yerinə yetirilməsi, fermerlərə maliyyə və texniki dəstəyin göstərilməsi, sahibkarlığın inkişafı, regionlarda infrastruktur layihələrinin həyata keçirilməsi nəticəsində kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalına müsbət təsir edib. Xüsusən də, "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı" çərçivəsində görülən işlər bu sahənin inkişafında mühüm rol oynayıb. Qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi üçün ölkədə səmərəli istehsal və satış infrastrukturunun yaradılması, ərzaq məhsullarının keyfiyyətinə nəzarət sisteminin təkmilləşdirilməsi sahəsi üzrə əsaslı islahatlar reallaşdırılıb.

Qeyd etmək lazımdır ki, iqtisadi inkişaf kursunun uğurla davam etdirilməsi hazırki milli tərəqqini intensivləşdirən mühüm strateji faktorlardan biri qismində çıxış edir. Belə ki, makroiqtisadi sabitliyin qorunub saxlanması, enerji, ərzaq və ekoloji təhlükəsizliyin təmin olunması, iqtisadiyyatının diversifikasiyası, bütün sahələrdə ardıcıl inkişaf strategiyası uğurla həyata keçirilməkdədir. Ölkənin qeyri-neft sektorunda müşahidə olunan dinamizmi də iqtisadiyyatın diversifikasiyası ilə bağlı həyata keçirilən siyasətin mühüm nəticəsi hesab etmək olar. Xüsusilə Azərbaycan zəngin neft resurslarının satışından daxil olan valyuta ehtiyatlarını səmərəli şəkildə xərcləməklə, iqtisadiyyatın bütün sektorlarının dinamik inkişafı üçün əlverişli baza yaratmağa nail olub və hazırda qeyri-neft (turizm, sənayeləşmə, İKT və s.) sektoru valyuta gətirə biləcək strateji bölməyə çevrilib.

Bununla yanaşı, həyata keçirilən rasional siyasi islahatlar da milli inkiaşafa təkan verən fundamental amil kimi səciyyələndirilir. Dolayısıyla, siyasi-hüquqi islahatların milli maraqlara və dəyərlərə müvafiq surətdə reallaşdırılması, vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu prosesi istiqamətində sistematik işlərin görülməsi ictimai-siyasi sabitliyin qarantı qismində çıxış edir, eyni zamanda, milli inkişafa təkan verir.

Qeyd etmək lazımdır ki, milli inkişafın digər təminatçı komponenti qismində ictimai-siyasi sabitlik çıxış edir. Sirr deyil ki, Azərbaycan bu gün ictimai-siyasi sabitliyin yüksək səviyyədə təmin edildiyi ölkələr sırasında avanqard yerlərdən birini tutur. Eyni zamanda, sadalananlar belə bir proqnoz verməyə əsas verir ki, ölkəmizdə hökm sürən ictimai-siyasi sabitlik uzunmüddətli olacaq və perspektiv inkişafın qarantı qismində çıxış edəcək.

Cənubi Qafqazın lider dövləti olan Azərbaycan yüksək beynəlxalq nüfuza malikdir

Onu da qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxtərəfli və balanslaşdırılmış xarici siyasət nəticəsində Azərbaycan regionun ən güclü və suveren aktoruna, eləcə də yüksək beynəlxalq nüfuza malik olanaktora çevrilib. Eyni zamanda, bəhs olunan xarici siyasət strategiyası bir neçə istiqamətdə ölkəmizi nəzərə alınan lokomotiv aktorlardan birinə çevirib. Başqa sözlə, Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyi getdikcə güclənməkdədir. Həyata keçirilən praqmatik xarici siyasət strategiyası ölkəmizi beynəlxalq münasibətlər sistemində müstəqil xarici siyasət həyata keçirən milli dövlət kimi etibarlı strateji tərəfdaşa çevirib.

Hazırda rasional xarici siyasət kursu həyata keçirən müstəqil milli dövlətlər ölkəmizi etibarlı tərəfdaş, güclü, nüfuzlu milli aktor kimi qəbul edirlər. Son olaraq ötən ilin oktyabr ayının 24-də BMT Baş Məclisinin plenar iclasında gizli səsvermənin nəticələrinə əsasən, Azərbaycan 2012-2013-cü illərdə Şərqi Avropa bölgəsini Birləşmiş Millətlər Təşkilatının Təhükəsizlik Şurasında (BMT TŞ) təmsil edəcək yeni qeyri-daimi (müvəqqəti) üzv seçilməsi və quruma 1 ay müddətində Sədrlik etməsi bunun başlıca göstəricisidir.

Dolayısıyla, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli və balanslaşdırılmış xarici siyasət kursu Azərbaycan Respublikasının milli dövlət kimi müasir beynəlxalq münasibətlər sistemində gücünü və nüfuzunu artıran mexanizm qismində çıxış etməkdədir.

Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması dövlətimizin beynəlxalq imicinin artmasına xidmət edir

Prezident İlham Əliyevin Azərbaycana liderlik etdiyi dövrü səciyyələndirən cəhətlərdən biri də ölkəmizin qlobal informasiya məkanında mövqeyini möhkəmləndirməsi, erməni diasporunun, lobbisinin, Ermənistan dövlətinin və onun havadarlarının ölkəmizə qarşı apardığı informasiya müharibəsinə fəal şəkildə müqavimət göstərməsi, hətta son dövrlərdə üstünlüyü ələ almasıdır. Ölkəmizin beynəlxalq nüfuzunun artması isə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına əlavə imkanlar yaradır. Bildiyimiz kimi, Azərbaycanın xarici siyasət sahəsində qarşıya qoyduğu başlıca məsələ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair həqiqətlərin dünyaya çatdırılması, Ermənistanın işğal siyasətinin ifşa edilməsi, işğalçı dövlətə beynəlxalq təzyiqin gücləndirilməsi, son nəticədə isə zəbt olunmuş ərazilərin geri qaytarılmasıdır. Bu məqsədlə Azərbaycan beynəlxalq təşkilatlardakı mövqeyindən və ikitərəfli əlaqələrindən uğurla istifadə edir. 2011-ci ildə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilən Azərbaycan Ermənistan dövlətinin işğalçı və terrorçu siyasətini ən yüksək kürsüdən dünyaya çatdırmaq imkanını əldən vermədi, 2012-ci ilin mayında Şuranın Azərbaycan Prezidentinin sədrliyi ilə keçirilən toplantısında bu məsələlər TŞ üzvlərinin diqqətinə bir daha çatdırıldı.

Eyni zamanda, yüksək beynəlxalq nüfuza malik olan Azərbaycanın beynəlxalq miqyasda Xocalı soyqırımı həqiqətlərinin tanınması istiqamətindəki fəaliyyətini intensivləşdirməsi də mühüm nəticələrin əldə olunmasınagətirib çıxarıb. Bu işdə Azərbaycan dövləti, müxtəlif ölkələrdəki səfirliklərimiz, Diasporla İş üzrə Dövlət Komitəsi, Heydər Əliyev Fondu, ölkə daxilindəki ictimai qurumlar, dünyanın dörd bir yanındakı diaspor təşkilatlarımız, ölkədə və xaricdə yaşayan soydaşlarımız qısası, Azərbaycanı sevən və bu ölkə üçün çalışan hər bir kəs səfərbər edilərək prosesə qoşulub. 2008-ci ildən bu vaxtadək Heydər Əliyevi Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva tərəfindən 60-dək ölkədə həyata keçirilən "Xocalıya ədalət" kampaniyası olduqca səmərəlidir.

Təsadüfi deyil ki, artıq beynəlxalq ictimaiyyət erməni quldur birləşmələri tərəfindən Azərbaycan xalqının başına gətirilən bu soyqırımına münasibətini ortaya qoyur. Azərbaycan ərazilərinin işğaldan azad edilməsini tələb edən, Ermənistanı təcavüzkar dövlət kimi tanıyan çoxsaylı qətnamələr qəbul edən İslam Əməkdaşlıq Təşkilatı Xocalı soyqırımını tanıyan ilk beynəlxalq təşkilatdır. Təşkilatın Parlamentlər İttifaqının builki sessiyasında Xocalı soyqırımı ilə bağlı daha bir qətnamə qəbul olunub. Eyni zamanda, ABŞ-ın Xocalı soyqırımını tanıyan və bu cinayəti pisləyən ştatlarının sayı durmadan artmaqdadır. Belə ki, artıq Massaçusets, Texas, Nyu Cersi, Corciya və Meynin ardınca bu il Nyu-Meksiko və Arkanzas ştatları Xocalı qırğınını tanıyıblar. Bundan əlavə, ABŞ-ın Kaliforniya ştatı Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyan qətnamə və proklamasiyalar qəbul edib.

Azərbaycanın yüksək beynəlxalq nüfuzunun və beynəlxalq münasibətlər sistemində rasional iştirakçılğının qanunauyğun nəticəsidir ki, Xocalı soyqırımı ayrı-ayrı dövlətlər səviyyəsində də tanınır. Yəni 2011-ci ilin dekabr ayında Meksika, 2012-ci ilin fevral ayında Pakistan, aprelində isə Kolumbiya Xocalı soyqırımını rəsmən tanıyıb. Bir müddət öncə Çexiya Respublikası Avropa İttifaqının üzvləri arasında Ermənistanı dinc Xocalı sakinlərinin qətliamına görə rəsmən pisləyən və bu hərəkətləri insanlığa qarşı cinayət kimi tanıyan ilk dövlətə çevrilib. Fevral ayının 26-da isə Bosniya və Hersoqovina parlamenti Xocalı faciəsini tanıyan qətnamə qəbul edib.

Bu və digər faktlar beynəlxalq ictimaiyyətin Azərbaycan həqiqətlərinə verdiyi qiymətin göstəricisi olmaqla yanaşı, ölkəmizin informasiya sahəsində qələbəsi, eləcə də diaspor siyasətinin uğurudur. Müxtəlif dövlət və ştatların Xocalı soyqırımını tarixi gerçəklik kimi tanıması Azərbaycanın dövlət və ictimai qurumlar səviyyəsində illərlə bu istiqamətdə apardığı davamlı fəaliyyətin nəticəsidir. Bu, o deməkdir ki, artıq beynəlxalq ictimaiyyət ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi soyqırım və digər vəhşiliklərlə bağlı daha yaxşı məlumatlanıb və bu cinayətlərə özünün adekvat münasibətini ortaya qoyur. Beynəlxalq ictimaiyyətin həqiqətləri bilməsi və təsdiqləməsi isə tarixi təhrif edən yalan məlumatların sürətlə yayılmasının qarşısını alır.

Əlbəttə ki, Azərbaycan həqiqətlərinin yayılmasında, dövlətimizin beynəlxalq imicinin artmasında ölkəmizdə keçirilən nüfuzlu beynəlxalq tədbirlərin də rolu böyükdür. Humanitar, mədəniyyət və digər sahələrdə keçirilən tədbirlər, ənənə halını alan Qəbələ Musiqi Festivalı, Beynəlxalq Muğam müsabiqəsi böyük maraqla qarşılanır. 2011-ci ildə isə "Eurovision" mahnı müsabiqəsindəki qələbəsi ilə dünyanın diqqətini özünə yönəldən Azərbaycan milli mədəniyyətini daha geniş səviyyədə təbliğ edə bildi. Bakıda keçirilən "Eurovision-2012" müsabiqəsi özünün möhtəşəmliyi ilə müsabiqənin tarixinə daxil olub. Müsabiqənin ən yüksək səviyyədə təşkili dünyaya göstərdi ki, Azərbaycan öz milli ənənələrinə, mədəniyyətinə sahib çıxmaqla bərabər, Qərb mədəniyyətinə də sürətlə inteqrasiya edir.

Azərbaycan regionun inkişaf mənbəyi və təhlükəsizlik qarantıdır

Bir məqama da xüsusilə diqqət yetirmək lazımdır ki, dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən rasional və praqmatik xarici siyasət kursu sayəsində bu gün dünyanın aparıcı dövlətləri və təşkilatları Azərbaycanı Cənubi Qafqazın təhlükəsizlik qarantı, inkişaf mənbəyi adlandırırlar. Beləliklə, ilk növbədə, ölkəmiz tərəfindən reallaşdırılan müstəqil və balanslaşdırılmış enerji siyasəti regionun və regionətrafı coğrafiyanın enerji təhlükəsizliyini təmin etməklə yanaşı, Azərbaycanı dünyanın enerji bazarında aparıcı ixracatçılardan birinə çevirib. Belə ki, bu gün praqmatik xarici siyasəti ilə Xəzər hövzəsinin bayraqdarı hesab edilən Azərbaycan sahib olduğu zəngin enerji ehtiyatlarından səmərəli şəkildə istifadə etməklə beynəlxalq miqyasda enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan başlıca aktorlardan biri kimi çıxış edir. Ölkəmiz milli dövlətçilik prinsiplərinə müvafiq olaraq həyata keçirilən praqmatik və rasional əsaslara söykənən siyasət nəticəsində miqyasına görə regional, əhəmiyyətinə görə isə qlobal xarakterli transmilli layihələrin mərkəzi oyunçusu qismində çıxış etməkdədir. Təsadüfi deyil ki, Xəzər dənizinə xarici sərmayədarları ilk dəfə dəvət etməklə uzunmüddətli qarşılıqlı-faydalı əməkdaşlığın sağlam təməlini atan Azərbaycanın iştirakı olmadan bu gün regionda heç bir layihə gerçəkləşdirilə bilməz. Bu da Azərbaycanın dünya dövlətlərinin strateji əməkdaşlıqlar perspektivində kəsb etdiyi önəmi aydın şəkildə əks etdirir. Hazırda Azərbaycan sahib olduğu bütün bu üstünlüklərlə başlıca aktorların - dünyanın aparıcı dövlətləri və transmilli şirkətlərin uzunmüddətli perspektivdə əməkdaşlıq münasibətlərini inkişaf etdirməyə can atdığı tərəfdaş ölkələrdəndir.

Digər tərəfdən, Prezident İlham Əliyevin liderliyi ilə davam etdirilən balanslaşdırılmış xarici siyasət strategiyasının fonunda Azərbaycan Cənubi Qafqazın hərbi-siyasi və iqtisadi təhlükəsizliyinin təmin olunmasına birbaşa töhfələr verməkdədir. Regionda gerçəkləşdirilən bütün regional layihələrin mərkəzi oyunçusu qismində məhz Azərbaycan çıxış edir və sözügedən layihələr Cənubi Qafqazın təhlükəsizlik sisteminin strateji korreksiyasında əhəmiyyətli faktor kimi dəyərləndirilir. Eyni zamanda, məhz bu cür layihələr ölkəmizin milli maraqlarına adekvat olmaqla bərabər, Azərbaycanın suverenlik səviyyəsini, heç bir dövlətdən, beynəlxalq qurumdan asılı olmadığını da təsdiq edir. Bir sözlə, Azərbaycan Cənubi Qafqaz regionunun aparıcı milli aktoru – lider dövləti kimi çıxış edir.

Azərbaycan xalqı Prezident İlham Əliyevi növbəti 5 il müddətində də öz Prezidenti görmək istəyir

Göründüyü kimi, Prezident İlham Əliyevin liderliyi dövründə Azərbaycan hər bir sahədə böyük inkişaf yolu qət edib. Təxminən, son on il müddətində bütün sahələrdə görülən işlər, qazanılan uğurlar onu göstərir ki, Azərbaycan doğru yolda irəliləyir, Azərbaycan xalqı düzgün seçim edib. Bu yol Ulu öndər Heydər Əliyevin yoludur. Ümummilli liderin əsasını qoyduğu inkişaf xətti Azərbaycan Respublikasının güclü dövlətə çevrilməsinə və əbədi mövcudluğuna, Azərbaycan xalqının rifahına, firavan yaşayışına və inkişafına görə dünya xalqları içərisində ön sıralarda dayanmasına hesablanıb. Ulu öndərin müəyyənləşdirdiyi yol aydındır və xalqımız bu yolun ölkəni hansı gələcəyə apardığını yaxşı bilir.

Məhz bu səbəbdəndir ki, Azərbaycan xalqı Ümummilli liderin yolunu davam etdirməyi qarşısına məqsəd qoyan cənab İlham Əliyevi özünün Prezidenti kimi gördü və zaman göstərdi ki, xalq öz seçimində yanılmayıb. Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan qarşıya qoyduğu bir çox məqsədlərinə nail olub. Prezident İlham Əliyevin ölkəni idarə etdiyi dövrdə bir zamanlar yalnız xəyal kimi görünən nəhəng enerji layihələri, ölkənin hər yerində abadlaşma, müasirləşmə, Azərbaycanın dünyada tanınması və milli maraqlara xidmət edən çoxsaylı digər məqsədlər artıq gerçəkliyə çevrilib.

O da məlumdur ki, bu müddət ərzində Azərbaycanı yolundan döndərməyə, xalqı aldatmağa yönələn cəhdlər, ölkənin inkişafına yaradılan süni maneələr də olub. Lakin Dövlət başçısının liderlik xüsusiyyətləri, siyasi iradəsi, möhkəm dövlət-xalq birliyi, vətəndaşların Prezidentin ətrafında sıx birləşməsi və ümumi gücün vahid məqsədə yönləndirilməsi sayəsində ölkəmiz bütün sınaqlardan uğurla çıxıb. Bu səbəbdəndir ki, Azərbaycan öz yolunda sürətlə irəliləyir və ölkənin nailiyyətlərinin miqyası daha da genişlənir. Bütün uğurlarla yanaşı, qarşıda hələ görüləcək işlərin də çox olması hazırkı daxili və xarici siyasət xəttinin davam etdirilməsinə zərurət yaradır.

Beləliklə, təsadüfi deyil ki, Azərbaycan xalqı cənab İlham Əliyevi 2013-cü ildən sonra da özünün Prezidenti kimi görür. Ölkənin 2020-ci il üçün müəyyənləşdirilən inkişaf konsepsiyasında qarşıya qoyulan məqsədlər və onların həyata keçirilməsi üçün hazırda mövcud olan möhkəm təməllər doğru seçimin nədən ibarət olmasına şübhə yeri qoymur. Əminliklə demək olar ki, Prezident İlham Əliyev builki prezident seçkilərində də alternativsiz namizəddir.

Adil Əliyev
Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, Azərbaycan Respublikası Milli Məclisinin III, IV və V çağırış deputatı.