Abşeron rayonu günü-gündən inkişaf edir » Memur.az

Abşeron rayonu günü-gündən inkişaf edir

Abşeron rayonu günü-gündən inkişaf edir
Sosial-iqtisadi tərəqqi sahəsində özünəməxsus cəhətləri ilə seçilən, dayanıqlı və davamlı yüksəliş xarakterinə malik inkişafın Azərbaycan modelinə bu gün beynəlxalq miqyasda da kifayət qədər böyük maraq göstərilir. Bu modelin qısa zaman kəsiyində böyük uğurlara, möhtəşəm nailiyyətlərə, sürətli inkişafa yol açması artıq konkret nəticələrdə öz əksini tapıb və bunun ən bariz nümunəsi mövcud Azərbaycan reallıqlarıdır. Bu mənada təsadüfi deyil ki, Azərbaycanın inkişafının xarakterik xüsusiyyətləri dünyanın ən nüfuzlu araşdırma mərkəzləri və institutlarının tədqiqat predmetləri sırasında yer alır.
Hazırda iqtisadi sahədə dinamik inkişafını davam etdirən Azərbaycan üçün ən önəmli cəhətlərdən biri yaşanan tərəqqinin paytaxt və regionlar arasında proporsional qaydada paylanmasıdır. Məhz bunun nəticəsidir ki, ölkə iqtisadiyyatının inkişaf tempinin daha sürətli hala gəlməsi üçün qəbul olunan müvafiq dövlət proqramları və onlara əlavələr paytaxt və regionların tarazlı, davamlı tərəqqisini, onların potensialının bir-birinə kömək mexanizmi üzərində qurulmasını, qeyri-neft sektorunun daha da möhkəmlənməsini, iqtisadiyyatın neftdən asılılıq dərəcəsinin azaldılmasını, infrastrukturun yeniləşdirilməsini müvəffəqiyyətlə təmin edib. Azad bazar münasibətləri şəraitində sabit, sürətli inkişaf məntiqinə əsaslanan bu siyasət əhalinin sosial rifahının davamlı olaraq yaxşılaşması istiqamətində də mühüm nailiyyətlərin əldə olunması ilə müşayiət edilir. Bütün bunlar ölkəmizdə həyata keçirilən iqtisadi siyasətin nə qədər dəqiqliklə və uzaqgörənliklə düşünüldüyünü, dinamik tərəqqiyə yol açdığını bariz formada nümayiş etdirir.
Yaşanan inkişaf ölkə iqtisadiyyatında özünəməxsus çəkiyə malik olan Abşeron rayonunda da aydın müşahidə olunur. Bu rayon Azərbaycanın günü-gündən yeniləşən simasını özündə əks etdirməklə yanaşı, sosial-iqtisadi sahədə qazanılan nailiyyətlərin miqyasını davamlı olaraq genişləndirir. Rayon icra hakimiyyətinin başçısı İradə xanım Gülməmmədova bunun ən önəmli səbəbləri sırasında Prezident İlham Əliyevin bütün regionlara olduğu kimi, Abşerona da xüsusi diqqət və qayğısını qeyd edir: "Dövlət başçısının diqqət və qayğısı ilə Abşeronun siması dəyişir. Tarixi ənənələrə söykənən, ümummilli lider Heydər Əliyevin ideyalarından yararlanan və respublika Prezidenti İlham Əliyevin məqsədyönlü və ardıcıl inkişaf strategiyasından qaynaqlanan Azərbaycanın bir parçası olan Abşeron regionda liderliyini qoruyub saxlayır".
Həqiqətən də, respublikamızda həmişə seçilənlər sırasında yer almağı bacaran, iqtisadi artım göstəricilərinə görə öndə gedən rayonlarından olan Abşeron bu gün inkişafının kifayət qədər sürətli sayılan bir mərhələsini yaşayır. Ötən illərin sosial-iqtisadi yekunlarına nəzər yetirməklə də bunun real mənzərəsini aydın görmək mümkündür. Bu kontekstdə artıq tarixə çevrilmiş 2018-ci il də abşeronlular üçün uğurlu olmuşdur. İki geniş və iri sənaye şəhərinin əhatəsində yerləşən Abşeronun iqtisadiyyatı daha da inkişaf etmiş, öz yüksəliş tempini qoruyub saxlamışdır.
Dünya iqtisadiyyatına fəal inteqrasiya kursu seçmiş Azərbaycanın bu sahədə qazandığı nailiyyətlər dövlətin iqtisadi əsaslarının daha da möhkəmləndirilməsini şərtləndirərək işgüzar fəallığın yüksəldilməsinə, əhalinin məşğulluq səviyyəsinin artmasına yeni imkanlar yaradır. Konkret olaraq Abşeronun timsalında bu məqama toxunan İradə xanım Gülməmmədova bildirir: "Ölkə başçısının qəbul etdiyi, əhali tərəfindən inkişaf proqramı kimi qəbul olunan dövlət proqramları regionlara yeni həyat gətirir. Yeni fəaliyyətə başlayan müəssisələr sənaye istehsalı ilə yanaşı, orada çalışanların ailə büdcəsinin artması deməkdir. Ötən il yaradılan iş yerləri bu baxımdan çox önəmlidir. İqtisadi inkişaf regionların simasını dəyişməklə yanaşı, əhalinin sosial vəziyyətinin yaxşılaşması ilə də nəticələndi. Məqsədyönlü, davamlı və tarazlı inkişaf proqramı bu gün də uğurla irəliləməkdədir".
Artıq rayon iqtisadiyyatının elə bir sahəsi yoxdur ki, orada yüksəliş əldə edilməsin. Kənd təsərrüfatının rayon üçün ənənəvi sahələri olan heyvandarlığın, bağçılıq və tərəvəzçiliyin intensiv yollarla inkişafı istiqamətində uğurlu addımlar atılmışdır. Dövlət tərəfindən edilən güzəştlərdən bəhrələnən rayon istehsalçıları region üçün qiymətli ərzaq olan zeytun sahələrinin genişləndirilməsi, yeni üzümlüklər salınması, örtülü yerlərdə tərəvəz yetişdirilməsi və digər yöndə öz fəaliyyətlərini genişləndirmişlər. Rayonda əkilib-becərilən zəfəranın əkin sahəsi artırılaraq hektarlara çatmışdır. Dünyanın onlarla ölkəsinə ixrac edilən bu nadir bitkinin istehsalı növbəti ildə də artırılacaqdır. Sahibkarlığa verilən dəstək, onlara yaradılan şərait təsərrüfat subyektlərinin azad və sağlam rəqabətini yaradır ki, bu da öz növbəsində son nəticənin ürəkaçan olmasına gətirib çıxarır. "Azərbaycanın iqtisadi həyatında, doğrudan da, çox əlamətdar bir hadisədir. Demək olar ki, bu gün Azərbaycanda yeni sənaye sahəsinin təməli qoyulur...
Ölkəmizin hər yerində olduğu kimi, Abşeronda da tikinti-quruculuq işlərinə diqqət artırılmışdır. Ötən il rayonun yaşayış məntəqələrinin abadlaşdırılması, yol infrastrukturunun inkişafı və bərpası istiqamətində genişmiqyaslı layihələr həyata keçirilmişdir.
Mənzil fondunun saxlanması, yeni yaşayış evlərinin təmiri və tikintisi ötən il də davam etdirilmişdir. Şəhərin küçələrinin abadlaşdırılması, xüsusilə yeni yaradılan yaşayış məhəllələrindəki yolların salınması məqsədilə ötən il Abşeronda küçə və yollara - yüksək keyfiyyətli asfalt çəkilmişdir. Bu kontekstdə İradə xanıım Gülməmmədova xatırladır ki, ümummilli lider Heydər Əliyev yolu mədəniyyət, iqtisadiyyat adlandırmışdır: "Hara gediriksə, bizə öncə görünən yoldur. Əbəs yerə demirlər ki, yaxşı el yolundan bilinər. Bu baxımdan Abşeron rayonunda ötən il xeyli iş görülmüş, növbəti dövrdə ardıcıl olaraq davam etdiriləcəkdir".
qaldırdıqları bütün məsələlərə diqqət və qayğı ilə yanaşılmışdır.
Bütün bunlar ötən ilin Abşeron üçün uğurlu olduğunu bir daha təsdiq edir. Lakin həllini gözləyən məsələlər də var. Bu problemlərə toxunan rayon icra hakimiyyətinin başçısı qeyd edir: "Ötən il uğurlarımız çox olub. Lakin onu da etiraf etməliyik ki, rayonda içməli su təminatında, eləcə də kanalizasiya şəbəkələrinin yaradılmasında illərdən bəri yığılıb qalmış problemlər hələ də mövcuddur. Amma ildən-ilə azalan bu problemlər yaxın gələcəkdə aradan qaldırılacaqdır".
Müasir dövrdə ən vacib məsələlərdən biri təhsil və səhiyyənin inkişafıdır. Cəmiyyətin tərəqqisi aparıcı qüvvə olan insanların təhsilindən və sağlamlığından keçir. Gələcəyin aparıcı qüvvəsi olan gəncliyin təhsili dövlətin diqqət mərkəzindədir. Abşeron rayonunda da bu sahədə xeyli iş görülmüş, təhsilin inkişafı istiqamətində uğurlu addımlar atılmışdır. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə rayonda bir neçə uşaq müəssisəsinin tikintisi və əsaslı şəkildə təmir edilərək yenidən qurulması başa çatmışdır.
Səhiyyə sahəsində də rayonun göstəriciləri yüksəkdir. Təkcə ötən il onlarla gənc həkim Türkiyə, Almaniya və Rusiyanın müxtəlif tibb müəssisələrində ixtisasartırma kurslarına qatılmış, hazırda rayonun tibb ocaqlarında çalışırlar. Ekoloji sferada da görülən işlərin miqyası genişdir. İradə xanım Gülməmmədova deyir ki, "Abşeron neftlə zəngin rayondur. Burada torpağın uzun illər ekoloji baxımdan çirklənməsi böyük əraziləri yararsız hala salmışdı. Ötən il rayonun neftlə çirklənmiş ərazilərində ekologiyanın sağlamlaşdırılması istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilmişdir.
Azərbaycanın mövcud iqtisadi potensialı qarşıdakı dövr ərzində də ölkəmizin bu sahədə dinamik inkişaf tempini qoruyub saxlayacağını və daha sürətli hala gətirəcəyini qətiyyətlə deməyə əsas verir. Bu fonda respublikanın əsas iqtisadi rayonlarından olan Abşeronun da inkişaf göstəricilərinin daim yüksələn xətlə ölkə başçısı İlham Əliyev cənablarının uğurlu siyasəti nəticəsində inkişaf edəcəyi şübhəsizdir.

İradə Gülməmmədova
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı
Hazırladı: Memur.az