HEYDƏR ƏLİYEV YOLUNUN DAVAMÇISI » Memur.az

HEYDƏR ƏLİYEV YOLUNUN DAVAMÇISI

HEYDƏR ƏLİYEV YOLUNUN DAVAMÇISI




















Heydər Əliyev ideyalarına sədaqət
Prezident İlham Əliyevin siyasi keyfiyyətlərini, istinad etdiyi dəyərlər sistemini ümumi şəkildə səciyyələndirməli olsaq, vurğulanmalı başlıca cəhət Heydər Əliyev ideyalarına sədaqət hesab edilməlidir. Müasir Azərbaycan siyasətçilərinin böyük çoxluğu yuxarıda qeyd olunan siyasi dəyərləri mənimsəmiş, Heydər Əliyevin ardıcılları kimi özünü təsdiqləmişdir. Bu mənada, Heydər Əliyev ideyalarına sədaqət müasir Azərbaycan dövlətçiliyinə sədaqətin bir növ simvoluna çevrilib. Lakin Prezident İlham Əliyevin Heydər Əliyev ideyalarına sədaqəti fərqli məna və mahiyyət parametrlərinə malikdir. İlham Əliyev şəxsiyyətinin siyasətçi mahiyyəti Heydər Əliyevin ideyalarından yoğrulub, onun nüvəsindən qaynaqlanıb və onu ən saf, tam və bütün şəkildə ifadə etmək üstünlüyünə malikdir. Səbəbi isə sadə və anlaşılandır: İlham Əliyev həm şəxsiyyət, həm də siyasətçi kimi Heydər Əliyev ideyalarının, dünyagörüşünün, siyasi davranış qaydalarının mühitində formalaşıb. Dahi siyasətçi və dövlət adamının siyasi irsinin mahiyyətini və ruhunu onun qədər duya biləcək ikinci kimisə təsəvvür etmək mümkün deyil.
Qeyd olunanlar Prezident İlham Əliyevi bir yandan ən böyük Heydər Əliyevçi kimi səciyyələndirməyə imkan verir. Eyni zamanda, yeni tarixi şəraitdə, müasir çağırışlar fonunda onun Heydər Əliyev ideyalarına yaradıcı yanaşmaq, onların yeni şəraitdə təkmilləşdirilməsi hüdudlarını dəqiq müəyyənləşdirmək kimi üstünlüklərini təmin edir.
İlham Əliyev üçün Heydər Əliyev ideyaları, eyni zamanda, onun özünün siyasi baxışları və siyasi fəlsəfəsi ilə eyniyyət təşkil edir, dövlət strategiyası və cari siyasətin işlənib hazırlanmasında, obrazlı şəkildə desək, mayak rolunu oynayır. Prezidentin bu sahədə sistemli ardıcıllıq nümayiş etdirməsi xüsusi vurğulanmağa layiqdir. O, ilk dəfə prezident seçkiləri kampaniyasına qoşulduğu 2003-cü ildən bu günə qədər daim Heydər Əliyev siyasətinə sədaqətini bəyan edib və praktik fəaliyyətində bu sədaqətini təcəssüm etdirib. İlham Əliyev Heydər Əliyev siyasətini tam, bitkin sistem kimi qəbul edir və ölkəmizin uğurlarını bilavasitə həmin siyasətin həyata keçirilməsinin birbaşa nəticəsi sayır. Bu ümumi yanaşma həm daxili siyasətə, həm də xarici siyasətə, həm iqtisadi siyasətə, həm də sosial həyatda, mədəniyyət sahəsində, digər sahələrdə həyata keçirilən siyasətə şamil edilir. Heydər Əliyev siyasəti bütün sferaları əhatə etdiyi kimi, başqa sözlə ifadə olunsa, məkan məhdudiyyəti tanımadığı kimi, onun xronoloji çərçivəyə salınması da qeyri-mümkündür. Bu siyasi konsepsiyanın universallığı zaman anlayışına da şamil edilir və təsadüfi deyildir ki, artıq qeyd olunduğu kimi, Prezident İlham Əliyev ölkəmizin bugünkü uğurlarını da, heç şübhəsiz, dahi liderin siyasətinin ardıcıl surətdə həyata keçirilməsi ilə əlaqələndirir.
Prezident İlham Əliyevin yanaşmasında Heydər Əliyev ideyalarının universal xarakter daşıması onlara yaradıcı yanaşmağı mümkün və zəruri edir. Yeniləşən tarixi şərait, Azərbaycanın dinamik inkişafı, dünya birliyinə surətlə inteqrasiya etməsi, beynəlxalq aləmdə cərəyan edən proseslər və aktual çağırışlar ölkənin inkişaf konsepsiyasına yeni yanaşmaları qaçılmaz etmişdir. Sözügedən həqiqətlərin Prezident İlham Əliyev tərəfindən dərindən dərk və təhlil edilməsi hadisələrə və onların gələcək inkişaf perspektivlərinə münasibətdə yeni, orijinal yanaşmaların zəruriliyini ortaya qoymuş oldu. Məmnunluq hissi ilə qeyd etmək lazımdır ki, Prezident fəlsəfi dərinliyi və siyasi praqmatizmi ilə seçilən Heydər Əliyev ideyalarını yeni tarixi şəraitin tələblərinə uyğun şəkildə müasirləşdirmək və zənginləşdirmək vəzifəsini böyük bacarıqla həyata keçirməyə müyəssər olmuşdur.
Bu gün tam əminliklə deyə bilərik və deyirik ki, Azərbaycan Heydər Əliyev ideyaları əsasında inkişaf edir. Eyni zamanda, həqiqətin etiraf olunmalı digər tərəfi ondan ibarətdir ki, bu ideyalar müasir çağırışlara tam adekvatdır, ölkəmizin müasirləşməsi, modernləşməsi, çağdaş dünyanın inkişaf meyillərinə cavab verir. Azərbaycanın artıq bütün dünyada formalaşmış müasir, dünyəvi, demokratik, tolerant dövlət və cəmiyyət imici bu fikirləri söyləməyə möhkəm təməl yaradıb. Ölkəmizin modernləşmə vüsətinə və tempinə görə dünyada ən qabaqcıl mövqeyə malik olması hamılıqla etiraf olunur. Azərbaycanın tolerantlıq modeli, multikulturalizm mərkəzi kimi bütün dünyada tanınması da artıq heç kimə sirr deyil. Eyni fikirləri çox qısa zaman kəsiyində ölkəmizin beynəlxalq miqyaslı mədəniyyət mərkəzinə, surətlə inkişaf edən idman ölkəsinə çevrilməsi ilə əlaqədar söyləyə bilərik. Azərbaycanın yüksək səviyyəli beynəlxalq siyasi və iqtisadi diskussiyalar arenasına çevrildiyi həqiqətinin getdikcə daha geniş şəkildə etiraf olunduğunu, güman edirəm ki, unutmaq olmaz.

İsmayılov Nazim Mehdi oğlu
Saatlı rayonu İcra Hakimiyyətinin başçısı