Şamaxı sakini müraciət etdi... » Memur.az

Şamaxı sakini müraciət etdi...

Şamaxı sakini müraciət etdi...

Şamaxı sakini prezidentə müraciət etdi
Dünən redaksiyamızda olan Şamaxı rayon sakini, Yeni Azərbaycan Partiyasının üzvü, Respublikanın idman ustası Salahov Toğrul Saleh oğlu Prezident İlham Əliyevə ünvanlı şikayətini təqdim etdi. Aşağıda həmin şikayəti təqdim edirik:
“Çox hörmətli cənab Prezident!
Mən Yeni Azərbaycan Partiyasının üzvü, Respublikanın idman ustasıyam. Azərbaycan Respublikasının idman şərəfini həmişə qorumuşam, bayrağımı, millətimi, xalqımı həmişə sevmişəm. Şamaxının icra başçısı Asif Ağayev rayona rəhbər təyin olunan gündən Şamaxı üçün işləmək istəyir, rayonu abadlaşdırmağa çalışır... Amma çox təəssüf ki, bizim öz yerli şamaxılılarımız, yəni icra hakiminin müavini Qasım Qasımov o işlərin düzəlməyinə həmişə mane olur. Vətəndaş gəlib dərdini rayon rəhbərinə deyəndə başçı istəyir ki, şikayəti həll etsin, amma Qasım Qasımov vətəndaşı elə tərzdə təqdim edir ki, başçıda vətəndaşa qarşı pis mövqe formalaşır. Kim şikayətçi olursa, Qasım Qasımov onu “müxalifətçi” adlandırır. Hər gün Prezident Adminstrasiyasına yüzlərlə şəxs yazılı və elektron formada şikayət göndərir. Məgər onlara “müxalifətçi” deyirlər? Biz nə vətən xainiyik, nə müxalifətçi, biz üçrəngli bayraq uğrunda həmişə ölməyə belə hazırıq. Amma Göylər kəndinin icra nümayəndəsi, vaxtı ilə cəbhəçi, indi Yeni Azərbaycan Partiyasının Göylər kəndi üzrə sədri, rayon icra başçısının birinci müavini Qasım Qasımov özü isə keçmiş ADSP partiyasının Şamaxı rayon sədri Mahmud Məmmədovun (Mahmud Ağa) sağ əli olmuşdur. Nə sirdirsə, Qasım Qasımov Şamaxıya kim İcra başçısı gəlibsə, onu işləməyə qoymayıb… Mənim yaşadığım Göylər kəndinin 12000 əhalisi var və 8 əlavə kənd də bu kəndə gedən yoldan istifadə edir. O yol ilə getmək üçün bu gün tırtıllı traktor lazımdır, yol bərbad gündədir. Rayonun icra başçısı Asif Ağayev təzə gələn vaxt göstəriş verdi, yolun çəkilişinə başladılar. 3 km. yol çəkdilər, sonra həmin yerli məmurlar nə dedilər, nə demədilərsə, yolun çəkilişi də dayandı. Nə qədər ki, yerli məmurlar Şamaxıda özləri üçün, qohum-əqrabaları üçün işləyəcəklər, eləcə də başçını iş görməyə imkan verməyəcəklər. Bizim RİH başçısından heç bir şikayətimiz yoxdur. Çünki başçı rayona gəldiyi gündən ona düz və saf insanları başqa cür qələmə verdilər. Çünki düz insanlar onların düzgün görmədikləri işləri açıb-ağartdığı üçün onlara belə insanlar sərf eləmirdi. Eləcə də mən Salahov Toğrulun bələdiyyəyə seçilməyi elə insanlara sərf etmirdi. Mən bələdiyyə üzvü seçilsəydim, onların, yəni kənd icra nümayəndəsi İxtiyar Xəlilovun qeyri-qanuni gördüyü işləri, əkin torpaqlarını özəlləşdirib satmasını üzə çıxarıb geri qaytartdıracaqdım.
Cənab Prezident!
Mən Toğrul Salahov, məsuliyyətlə deyirəm ki, İcra başçısı həqiqətən də təmiz, sadə insandır. O, rayonu yaxşı tanımadığı üçün bəzi məsələləri yerli məmurlardan soruşur, onlar da özlərinə necə sərf edirsə, insanları başçıya elə təqdim edirlər. Cənab prezident!
Sizdən xahişim odur ki, Prezident Adminstrasiyasına göndərdiyimiz şikayətlər rayon İcra hakimiyyəti başçısının müavini Qasım Qasımovun üstünə yollamasınlar. Çünki o, problemlərimizi həll etmir, əksinə, bizə problemlər yaradır”.
Redaksiyadan: Qarşı tərəf olaraq Şamaxı RİH başçısı Q.Qasımovun da mövqeyini dərc etməyə hazırıq