Ulu Öndər Heydər Əliyev - Xalqımızın sağlamlığı, səhiyyəmizin inkişafı naminə » Memur.az

Ulu Öndər Heydər Əliyev - Xalqımızın sağlamlığı, səhiyyəmizin inkişafı naminə

Ulu Öndər Heydər Əliyev - Xalqımızın sağlamlığı, səhiyyəmizin inkişafı naminə

















Azərbaycan səhiyyəsi XX əsrin ikinci yarısı və XXI əsrin əvvəllərində – 35 ilə yaxın bir dövrdə bilavasitə xalqımızın ümummili lideri Heydər Əliyevin himayəsində olub, onun rəhbərliyi altında inkişaf edərək indiki yüksək səviyyəyə çatıb. Ölkə¬mizin qüdrəti həyatımızın bütün sahələri ilə yanaşı, həm də milli səhiyyə sisteminin inkişaf səviyyəsi ilə ölçülüb. Azərbaycan səhiyyəsinin inkişafında misilsiz xidmətlər göstərən və xalqın sağlamlıq məsələlərinə qayğısını əsirgəməyən ümummilli lider Heydər Əliyev insanların sağlamlığını dövlətin və cəmiyyətin sağlamlığı hesab edirdi. 1969-1982-ci illərdə respublikamıza rəhbərlik edərkən, eləcə də 1982-1987-ci illərdə SSRİ-nin rəhbərlərindən biri olarkən ulu öndər Heydər Əliyev səhiyyəmizin misilsiz yüksəlişini, əsrlərə bərabər tərəqqisini təmin edib.
Həyatını ölkəmizin yüksəlişinə və insanların xoşbəxtliyinə həsr edən ulu öndərimiz xalqın sağlamlıq məsələlərinə daim taleyüklü məsələ kimi yanaşıb, səhiyyəni cəmiyyət və dövlət həyatında ən mühüm sahə kimi qiymətləndirərək deyib:“Səhiyyə bizim üçün, hər bir cəmiyyət və dövlət üçün çox lazımlı, həyatın bütün sahələrini əhatə edən sahədir. Onun üçün zəruri tədbirlər görülüb və gələcəkdə də görüləcəkdir”.
Əbədiyaşar liderimiz səhiyyə sisteminin inkişafı ilə bağlı tədbirlərin həyata keçirilməsinə mövcud tibbi obyektlərin abadlaşdırılması, yeni səhiyyə müəssisələrinin yaradılması, əhalinin kütləvi dispanser qeydiyyatına alınması və sahə həkimlərinin işinin fəallaşdırılması məsələlərindən başlayıb. Dahi rəhbər Heydər Əliyev ölkəmizdə sağlamlıq zonaları və istirahət evlərinin yaradılmasına, abadlaşdırma işlərinin aparılmasına, mövcud səhiyyə ocaqlarının profilinin genişləndirilməsinə ciddi əhəmiyyət verirdi. Həmin dövrdə rayonlarda, xüsusən ucqar dağlıq və dağətəyi bölgələrdə səhiyyənin inkişafına xüsusi diqqət yetirilirdi. Ötən əsrin 70-ci illərinin əvvəllərində həmin rayonlarda ixtisaslı həkimlərin, xüsusən kardioloq, onkoloq, ginekoloq, ftiziatr, nevropatoloq, sanitar həkim və epidemioloqların, orta ixtisas təhsilli tibb işçilərinin və şəfqət bacılarının çatışmazlığı kəskin hiss olunurdu. Bu problemin həlli üçün, ilk növbədə, Tibb İnstitutuna tələbə qəbulunun sayı artırıldı, ucqar yaşayış məntəqələrindən gələn abituriyentlər üçün güzəştlər tətbiq edildi. Bu, bilavasitə dahi şəxsiyyətin öz təşəbbüsü idi. Məhz bu təşəbbüs sayəsində bölgələrin səhiyyə müəssisələrində kadr çatışmazlığı aradan qaldırıldı.
Görkəmli dövlət xadimi Heydər Əliyev ölkəmizə birinci rəhbərliyi dövründə tibb üzrə xarici mütəxəssislərin diqqətini Azərbaycana cəlb etməyə, onlarla yerli mütəxəssislər arasında əlaqə yaratmağa çalışırdı. Keçən əsrin 70-ci illərinin əvvəllərindən etibarən tibb üzrə beynəlxalq qurultay, simpozium, konqres və konfransların keçirilməsini təşkil edən ulu öndər ölkəmizin səhiyyə işçilərinin, tibb alimlərinin beynəlxalq arenaya çıxmalarına şərait yaratdı. Həmin dövrdən ulu öndərin təşəbbüsü ilə hər il yüzlərlə gənc keçmiş Sovetlər İttifaqının ən mötəbər ali məktəblərində müxtəlif peşələr və ixtisaslar üzrə təhsil almağa göndərildi. Bu, gələcəyin kadr hazırlığının təmininə istiqamətlənmiş uzaqgörən siyasətin həyata keçirilməsi demək idi. İndi Azərbaycanın milli tibbi kadrları nəinki ölkəmizdə, hətta dünyanın bir sıra inkişaf etmiş dövlətlərinin məşhur səhiyyə müəssisələrində uğurla fəaliyyət göstərirlər.
Ulu Öndər Heydər Əliyev - Xalqımızın sağlamlığı, səhiyyəmizin inkişafı naminə


















1974-cü ilin oktyabr ayında Naxçıvan MSSR-in 50 illik yubiley tədbirlərində iştirak etmək üçün Naxçıvana gələn dahi rəhbər Heydər Əliyev Naxçıvan Tibb Məktəbində də olub, məktəbdə tədrisin səviyyəsi və dərslərin keyfiyyəti, eyni zamanda əyani vasitələrlə təchizat və mövcud problemlərlə maraqlanıb, Naxçıvan Tibb Məktəbinin Naxçıvanda, eləcə də Azərbaycanda orta ixtisaslı tibbi kadrların hazırlanmasında müstəsna rolunu qeyd edib.
Görkəmli dövlət xadimi Heydər Əliyevin 1983-cü ildə SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini təyin edilməsi onun Azərbaycan səhiyyəsinə olan nəzarətini, diqqətini nəinki azaldıb, əksinə, daha da artırıb. Ulu öndər sonralar bu dövrü belə xatırlayırdı: “Mən Azərbaycana rəhbərlik etdiyim zaman, sonra SSRİ-nin rəhbərliyində olduğum illərdə daim səhiyyə ilə, tibb elmi ilə yaxın olmuşam, ona qayğı göstərmişəm və hesab edirəm ki, çox işlər görmüşəm. Mən o vaxt Sovetlər İttifaqının Moskvada yerləşən ən böyük, ən mötəbər tibb ocaqları, müəssisələri ilə yaxından tanış idim, onların yaranmasında, inkişaf etməsində xidmətlər göstərirdim. Mənim o vaxt həm onkoloji, həm kardioloji, həm ürək cərrahiyyəsi, həm oftalmoloji mərkəzlərin, başqalarının yaranmasında, inkişaf etməsində çox səylərim olmuşdur. Mən bu gün böyük məmnuniyyətlə xatırlayıram ki, o vaxt SSRİ dövləti tərkibində Azərbaycanın səhyyəsinə marağı, qayğını daha da artırırdım. Moskvada yerləşən o böyük tibb elmi mərkəzlərinin diqqətini Azərbaycana cəlb edirdim və Azərbaycana yardım etməyə çalışırdım”.
Ulu öndərin çoxşaxəli fəaliyyətində səhiyyənin xüsusi yer tutması əhalinin sağlamlığının qorunması istiqamətində hələ ötən əsrin 70-ci illərində başlanan islahatların məntiqi davamı idi. Yeni tarixi şəraitdə səhiyyə işçiləri təkcə səhiyyəni xilas etmək deyil, onun səmərəsini yüksəltmək, xalqın səhiyyəyə etimadını bərpa etmək vəzifələrinin öhdəsindən gəlməli idilər. Obrazlı şəkildə desək, onlar vuruşa-vuruşa irəliləməli idilər, çünki vaxt gözləmirdi; bir sıra problemləri təxirə salmadan nəzəri cəhətdən işləyib hazır¬lamaq və dərhal praktik səhiyyə müəssisələrinin işində tətbiq etmək lazım idi. Səhiyyə işçiləri olduqca çətin bir dövrdə bu vəzifələri ardıcıllıqla yerinə yetirməyə başladılar..
Ulu öndərin Ərzurum xəstəxanalarında müalicə olunan yaralılara baş çəkməsi əsgərlərimizin ruh yüksəkliyinin, qələbə əzminin daha da artmasında mühüm əhəmiyyət kəsb edirdi. O tarixi günlərdə səhiyyə işçilərimiz də müsəlləh əsgər kimi daim qaynar nöqtələrdə, səngərlərdə olub, yaralılara tibbi xidmət göstəriblər. Bu sətirləri yazarkən o vaxt Şərur şəhərində yaşayan tibb bacısı Ləzifə Qeybullayevanın çiynində tibbi yardım çantası ilə daim döyüş meydanında, səngərlərdə olmasını xatırlayıram. Nigar, Həcər qeyrətli bu qadın neçə-neçə yaralını atəş nöqtələrindən çıxarıb, ilk tibbi yardım göstərib. O zaman səngərdə Ləzifədən Naxçıvan televiziyası üçün aldığım müsahibə öz emosionallığı ilə böyük əks-səda doğurmuşdu, döyüşçülərin qələbə əzminin artmasında mühüm rol oynamışdı. Sonralar köçdü.
1993-cü ildə böyük dövlət xadimi Heydər Əliyevin ikinci dəfə ali hakimiyyətə qayıdışından sonra bütün sahələr kimi, səhiyyə də yeni inkişaf mərhələsinə qədəm qoydu, ilk növbədə, bu sahənin qanunvericilik bazası təkmilləşdirildi, əhalinin sağlamlığının qorunması işini yaxşılaşdırmaq məqsədilə geniş islahatlar proqramı hazır¬landı. Tibb müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, yeni səhiyyə ocaqlarının yaradılması əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılmasına imkan verdi. Ulu öndərimizin rəhbərliyi ilə bu sahədə 15-dən çox qanunun qəbul edilməsi, ümummilli liderimizin 2001-ci il 4 iyun tarixli Sərəncamı ilə hər il iyun ayının 17-nin ölkəmizdə tibb işçilərinin peşə bayramı kimi qeyd olunması, səhiyyə işçilərinin əməkhaqlarının dəfələrlə artırılması həm bu sahənin müasir tələblər səviyyəsində yeniləşdirilməsinə, həm də insanların sağlamlıqlarının etibarlı şəkildə qorunmasına xidmət edirdi. Ulu öndər səhiyyədə islahatlar aparılmasını vacib hesab edərək deyirdi: “Biz islahatları bütün sahələrdə keçiririk və səhiyyə sahəsində də islahatlar keçirilməsi çox zəruridir. Bu barədə mənim fərmanlarım var, lazımi göstərişlərim var, qərarlar vardır. Məmnuniyyətlə deyə bilərəm ki, son vaxtlar Azərbaycan səhiyyəsində islahatlar həyata keçirilir və onlar da öz nəticələrini verir”.
Xalqımızın böyük oğlu Heydər Əliyevin ölkəmizdə siyasi-iqtisadi vəziyyəti yaxşılaşdırmaq naminə əvəzsiz xidmətləri respublikamızın da quruculuq salnaməsinə qızıl hərflərlə həkk olundu.
Bu gün tibbi xidmətin keyfiyyətcə müasir standartlar səviyyəsinə yüksəldilməsi, vətəndaşların sağlamlığının etibarlı təminatı məsələləri dövlətin üzərinə götürdüyü sosial öhdəliklər sırasında mühüm yer tutur. Verdiyi bütün vədlərə sadiqlik göstərən, hər bir Azərbaycan vətəndaşının Prezidenti olduğunu əməli işi ilə təsdiqləyən dövlət başçısı cənab İlham Əliyev ulu öndərin xalqımız tərəfindən daim bəyənilən və dəstəklənən strateji siyasət kursunu səhiyyə sistemində də layiqincə davam etdirir.
Bu gün ulu öndər Heydər Əliyevin siyasi kursunun ölkəmizdə sədaqətlə davam etdirilməsi digər sahələr kimi, səhiyyə sistemində də uğurlara yeni vüsət verib. Həyata keçirilən genişmiqyaslı islahatlar əhalinin sağlamlığının qorunmasına, xalqımızın həyat səviyyəsinin yaxşılaşdırılmasına, orta ömür müddətinin uzanmasına xidmət edir. Tam əminliklə demək olar ki, əbədiyaşar liderimiz Heydər Əliyevin uzun illərə hesablanmış strategiyasının uğurla tətbiqi nəticəsində səhiyyə sistemini qarşıda daha böyük tərəqqi, nailiyyətlər gözləyir.

Ramiz Poluxov
Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə Klinikası
Uşaq cərrahiyyəsi kafedrasının müdiri, Dosent,
Tibb elmləri doktoru, uşaq cərrahı