Tarix : 27-03-2019, 00:29 | Bölmə: siyaset

Komitə sədrinin müavini: Bu Ermənistanın sonu ola bilərBu gün Azərbaycan dünya miqyasında yüksək nüfuza malik olan bir ölkədir.

Həyata keçirilən uğurlu siyasət nəticəsində ölkəmizin beynəlxalq müstəvidə mövqeləri daha güclənməkdədir. Bütün bunların nəticəsidir ki, Azərbaycan nüfuzlu beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib.

Bunlar hamısı həm də ölkə prezidentinin son 16 il ərzində, o cümlədən, 2018-ci ilin 11 aprel seçkilərindən ötən müddət ərzində həyata keçirdiyi uzaqgörən siyasətin nəticəsidir.

Bu fikirləri Oxu.Az-a açıqlamasında Milli Məclisin (MM) Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

“Elə götürək VII Qlobal Bakı Forumunu. Bu Forumun ölkəmizdə keçirilməsi də mühüm hadisədir”-deyən, S.Fətəliyeva bildirib ki, Azərbaycan Şərqlə Qərbin, sivilizasiyaların qovuşuğunda yerləşdiyi üçün bu mötəbər tədbirin ölkəmizdə keçirilməsi tamamilə məntiqəuyğundur.

Onun sözlərinə görə, Qlobal Forum ən aktual məsələlərin müzakirə edildiyi nüfuzlu bir platformadır.

Millət vəkili xatırladıb ki, Forumun açılışında ölkə prezidenti İlham Əliyevin dərin məzmunlu çıxışı xarici onaqlar tərəfindən böyük maraqla qarşılandı:

“Dövlətimizin başçısı çıxışında ölkəmizin inkişafı, həyata keçirilən xarici siyasət, xüsusilə Ermənistan-Azərbaycan münaqişəsi haqqında fikirlərini bildirdi.

Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı cənab prezident vurğuladı ki, danışıqlar formatı dəyişdirilə bilməz və danışıqlar nəticəyönümlü olmalıdır, sadəcə, danışıqlar xatirinə olmamalıdır. Azərbaycan bu prosesi davam etdirməyə hazırdır və danışıqların nəticəsi olaraq bizim ərazi bütövlüyümüz bərpa edilməlidir.

Ərazi bütövlüyü beynəlxalq hüququn fundamental prinsipidir. Münaqişə beynəlxalq hüququn normalarına, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə əsasən və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir”.

Ümumiyyətlə, ölkə prezidentinin diplomatik səyləri nəticəsində işğalçı Ermənistanın küncə sıxışdırılmış vəziyyətdə qalmaqda davam etdiyini deyən S.Fətəliyeva bildirib ki, indi bütün beynəlxalq təşkilatların sənədlərində Dağlıq Qarabağ Azərbaycanın ərazisi kimi göstərilir.

“Dünyanın nüfuzlu ekspertlərinin hesab etdiyi kimi, Ermənistanın mövqeyi xeyli zəiflədilib.

İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, ATƏT, Avropa Şurasının Parlament Assambleyası və Avropa Parlamenti kimi beynəlxalq təşkilatların Azərbaycanın ərazi bütövlüyünü tanıyan qətnamə və qərarlarına Ermənistan tərəfindən məhəl qoyulmasa da, 2016-cı ilin aprel ayında gedən döyüşlərdə aldığı zərbə ona böyük dərs oldu.

İndi işğalçı dövlət çox yaxşı dərk edir ki, Azərbaycana qarşı növbəti belə təxribat uğursuz nəticələnəcək və bu, onların sonu ola bilər”-deyə, millət vəkili sözlərinə əlavə edib.

Oxşar xəbərlər