Böyük Britaniya Azərbaycanla hərbi əlaqələri möhkəmləndirməkdə maraqlıdır » Memur.az

Böyük Britaniya Azərbaycanla hərbi əlaqələri möhkəmləndirməkdə maraqlıdır

Böyük Britaniya Azərbaycanla hərbi əlaqələri möhkəmləndirməkdə maraqlıdırMüdafiə naziri, general-polkovnik Zakir Həsənov martın 6-da Azərbaycanda səfərdə olan Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı Müdafiə Nazirliyinin beynəlxalq təhlükəsizlik siyasəti üzrə direktoru Nik Qurrun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan və Böyük Britaniya Müdafiə nazirlikləri arasında növbəti qərargah danışıqlarının keçirilməsinə dair məsələlərin əsas müzakirə mövzusu olduğu görüşdə iki ölkə arasında hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində əməkdaşlığa dair geniş fikir mübadiləsi aparılıb.

Bölgədəki hərbi-siyasi vəziyyətə toxunan general-polkovnik Z.Həsənov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin regional sabitliyə ciddi təhdid təşkil etdiyini, münaqişənin Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq hüquq normaları çərçivəsində həllinə nail olunmasının vacibliyini qonaqların diqqətinə çatdırıb.

Azərbaycanın NATO-nun Əfqanıstanda həyata keçirdiyi missiyada iştirakını yüksək qiymətləndirən qonaq vurğulayıb ki, Böyük Britaniya ölkəmiz ilə hərbi əlaqələrin daha da möhkəmləndirilməsində maraqlıdır.

N.Qurr xüsusi qeyd edib ki, Böyük Britaniya Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanımaqla yanaşı, Dağlıq Qarabağ münaqişəsinin BMT-nin Təhlükəsizlik Şurasının məlum qətnamələri əsasında, beynəlxalq hüququn normaları və prinsipləri çərçivəsində həllinin tərəfdarıdır.

Görüşdə həmçinin regional, dəniz, enerji resurslarının təhlükəsizliyi, terrorizmə qarşı birgə mübarizə və digər məsələlər müzakirə edilib.Böyük Britaniya Azərbaycanla hərbi əlaqələri möhkəmləndirməkdə maraqlıdır