Professor: Səfirlik və xarici şirkətlərdə dilimizin işlənməsi yarıtmaz vəziyyətdədir » Memur.az

Professor: Səfirlik və xarici şirkətlərdə dilimizin işlənməsi yarıtmaz vəziyyətdədir

Professor: Səfirlik və xarici şirkətlərdə dilimizin işlənməsi yarıtmaz vəziyyətdədirAzərbaycan dilinin reklam işində istifadə edilməsində ciddi qüsurlar müşahidə olunur, əcnəbi dilli lövhələr gənc nəslin azərbaycançılıq ruhunda tərbiyəsinə mənfi psixoloji təsir göstərir, televiziya ekranlarında bəzən filmlər dublyaj edilmədən göstərilir, Azərbaycan dilinin tətbiq dairəsi süni olaraq məhdudlaşdırılır, səfirlik, xarici nümayəndəlik və şirkətlərdə Azərbaycan dilinin işlənməsi yarıtmaz vəziyyətdədir. Göstərilən qüsurları aradan qaldırmaq üçün qəbul edilmiş dil sənədlərində mühüm tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub və həmin proses hazırda davam etməkdədir.

Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini, professor Sayalı Sadıqova “Xalq qəzeti”ndə dərc olunan məqaləsində yazıb.

O deyib ki, dil qanunvericiliyi ictimai-mənəvi həyatın bütün sahələrində Azərbaycan dilinin tam tətbiqinə rəvac verir:“Azərbaycan Respublikasının prezidenti İlham Əliyev bugünlərdə daha bir sənəd – “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” fərman imzalayıb. Fərmanda Azərbaycan dilinin saflığının qorunmasını və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsini təmin etmək məqsədilə, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq “Azərbaycan Respublikasının dövlət dilinin tətbiqinə nəzarət edən, kütləvi informasiya vasitələrində, internet resurslarında və reklam daşıyıcılarında ədəbi dil normalarının qorunmasını təmin edən, dövlət büdcəsindən maliyyələşən “Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi”nin yaradılması qərara alınıb”.

Professorun sözlərinə görə, dünya azərbaycanlılarının ümumi ünsiyyət vasitəsi, Azərbaycan Respublikasının dövlət dili olan Azərbaycan dilinin lokal tarixi və müasir nüfuzunun qorunub-saxlanması milli-ictimai ehtiyac, mənəvi-mədəni borcumuzdur.

Sadıqovanın fikrincə, internetin cəmiyyətə nüfuzunun sürətlənməsinin ədəbi dil normalarının qorunmasını çətinləşdirib.