Bu gün milli televiziya və radio günüdür » Memur.az

Bu gün milli televiziya və radio günüdür

Bu gün milli televiziya və radio günüdürBu gün Azərbaycan televiziyasının 62 və radiosunun 92 yaşı tamam olur.

Oxu.Az-ın məlumatına görə, 1926-cı il noyabrın 6-da Azərbaycanda ilk dəfə radio verilişlərinin yayımına başlanıb.

Həmin gün ölkə paytaxtının küçələri və meydanlarında qurulmuş reproduktorlardan ilk dəfə “Danışır Bakı!” ifadəsi ətrafa yayılıb. Radioya təkcə Bakıda deyil, ətraf yaşayış məntəqələrində də maneəsiz qulaq asa bilmə imkanı yaradılmışdı.

Azərbaycan televiziyası yaranandan sonra bu tarix təkcə radionun deyil, həm də teleradionun yaranma günü kimi qeyd olunmağa başlanıb.

Bakı Televiziya Studiyası ilk dəfə 1956-cı il fevralın 14-də efirə çıxıb. İlk veriliş günü ekranda mərhum sənətkarımız Nəcibə Məlikova görünüb və çıxışına “Göstərir Bakı” kəlməsi ilə başlayıb. Həmin gün ekranda “Bəxtiyar” bədii filmi göstərilib.

Hazırda Azərbaycanda 11 ümumrespublika, 13 regional, 17 kabel, 27 internet, dörd peyk televiziyası, 13 ümumrespublika və üç regional radio fəaliyyət göstərir. Həmçinin Azərbaycan ərazisində rəqəmsal yayımın tətbiqinə başlanıb.

Ümumrespublika radio və televiziya proqramları yerüstü yayımla yanaşı, peyklərdən də (məsələn, “Azerspace” peyki) yayımlanır.