Azərbaycan polisi öz peşə fəaliyyətini layiqincə yerinə yetirir » Memur.az

Azərbaycan polisi öz peşə fəaliyyətini layiqincə yerinə yetirir

Azərbaycan polisi öz peşə fəaliyyətini layiqincə yerinə yetirir
“Azərbaycanın iqtisadi, elmi, mədəni, intellektual potensialı ilə yanaşı, daxili işlər orqanları sistemində də böyük potensial vardır. Qeyd edim ki, müstəqilliyi təmin etmək üçün bir neçə dövlət atributu mövcüddur. Əgər onların biri ordudursa, digəri müstəqil xarici siyasətdirsə, o birisi də Daxili İşlər Nazirliyi, polis orqanlarıdır ”
Ulu öndər Heydər Əliyev

Azərbaycanda mövcud olan ictimai-siyasi sabitlik respublikamızın müstəqillik tarixinin ən mühüm nailiyyətlərindən biridir. Təbii ki, sabitliyin əldə olunması o qədər də asan başa gəlməmişdir. Ölkəmiz öz dövlət müstəqilliyini əldə etdikdən sonra çox böyük çətinliklərlə üzləşmişdi. Həmin dövrün çətinliklərinin əsas hissəsi, məhz Azərbaycan polisinin üzərinə düşürdü. Qarabağ müharibəsinin ilk illərində Azərbaycanın nizami ordusu yox idi, ona görə də ön cəbhədə torpaq uğrunda polis vuruşurdu, şəhidlər verirdi. Qanunsuz silahlı dəstələrlə polis mübarizə aparırdı.
Ulu öndər Azərbaycan polisinin bu dövrdəki xidmətlərini çox yüksək qiymətləndirmişdir: “Azərbaycan polisi şanlı bir tarix keçibdir. Xüsusən, 1988-ci il hadisələri başlanandan sonra, Qarabağ müharibəsində Azərbaycan polisinin 932 nəfər əməkdaşı şəhid, 681 nəfəri isə əlil olubdur. Eyni zamanda, 67 nəfər polis əməkdaşı Milli Qəhrəman adına layiq görülübdür. Bu, böyük rəşadət, qəhrəmanlıq və dövlətçiliyə sədaqət nümunəsidir.”
Ölkə daxilində hakimiyyət uğrunda gedən mübarizənin yaratdığı vətəndaş qarşıdurması, xarici qüvvələrin dəstəklədiyi Ermənistanın Azərbaycana qarşı təcavüzü yeni yaranmış respublikanı uçuruma doğru sürükləyirdi. Belə bir zamanda, dövlətçilik, müstəqillik təhlükə altında qalanda ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından, yəni 1993-cü ilin iyun ayının 15-dən sonra xaosdan qurtuluşa keçidin əsası qoyuldu, ölkənin ictimai-siyasi həyatında və kriminogen durumda köklü müsbət dəyişikliklər baş verdi. İntensiv surətdə həyata keçirilən tədbirlərdən biri də hüquq-mühafizə, o cümlədən daxili işlər orqanlarının sıralarının saflaşdırılması, dövlətə, xalqa sədaqətli şəxsi heyətin formalaşdırılması, peşə borcunu, qanunun aliliyini hər şeydən üstün tutan əməkdaşların xidmətə cəlb edilməsi idi.
Azərbaycan polisi öz peşə fəaliyyətini layiqincə yerinə yetirir
Ulu öndər 1994-cü il aprelin 29-da nazirliyin rəhbər heyətinin iştirakı ilə keçirilən müşavirədə xidməti fəaliyyətdə yol verilmiş nöqsan və çatışmazlıqları açıq şəkildə qeyd edərək, onların tez bir zamanda aradan qaldırılması üçün dəyərli tapşırıq və tövsiyələrini verdi. Onun şəxsi nəzarəti ilə qısa müddətdə bu vəzifələr reallığa çevrildi. Ümummilli liderin 1994-cü ilin avqust ayında imzaladığı “Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi tədbirləri haqqında” fərman isə bu sahədə fəaliyyətin təşkilati-hüquqi bazasının və gələcək uğurların möhkəm təməlini qoydu. Eyni zamanda, mötəbər beynəlxalq təşkilatların, Avropa ekspertlərinin rəyləri nəzərə alınmaqla 28.10.1999-cu il tarixdə “Polis haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” qanunlar, 30.06.2001-ci il tarixdə “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi haqqında” və 18.07.2001-ci il tarixdə “Daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamələr qəbul edildi.
Ümummilli lider Heydər Əliyev tərəfindən daxili işlər orqanlarının fəaliyyəti ilə bilavasitə bağlı olan, o cümlədən insan hüquq və azadlıqlarının həyata keçirilməsi mexanizmlərini tənzimləyən 34 qanun, 100-dən çox fərman və sərəncam imzalandı. Nazirlik sistemində islahatlar aparılaraq yeni qurumlar yaradıldı.
Məhz Heydər Əliyevin rəhbərliyi altında hüquq-mühafizə orqanları respublikada tüğyan edən mütəşəkkil cinayətkarlığa, sabitlik üçün təhlükə doğuran zərərli meyillərə qarşı uğurlu mübarizəyə, qanunsuz silahlı birləşmələrin zərərsizləşdirilməsinə başladılar. Vətəndaşlarımızın dinc, rahat yaşamaları üçün lazım olan şərait yarandı, onların dövlətə, hüquq-mühafizə orqanlarına inamı daha da artdı, ictimai-siyasi, həmçinin kriminogen durum nəzarətə götürüldü.
Bu gün Heydər Əliyev siyasəti uğurla davam etdirilir. Ulu Öndərin qoyduğu təməllər üzərində güclü dövlət qurulmuşdur. Hazırda Azərbaycan polisi güclü nizam-intizama, yüksək peşəkarlığa malik, müasir maddi-texniki imkanlarla təchiz edilmiş, dövlətçiliyimizin qorunması işində önəmli xidmətləri olan mühüm dövlət təsisatıdır.
Azərbaycan Polisinin 100 illik yubileyi ilə əlaqədar fərqlənmiş polis işçiləri müxtəlif dərəcəli Dövlət mükəfatlarına layiq görülmüşlər. Daxili İşlər Naziri Ramil Usubov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordenlə təltif olunmuşdur.
Biz Daxili İşlər Nazirliyinin əməkdaşları olaraq öz növbəmizdə cənab Prezidentimiz İlham Əliyevin bizə göstərdiyi etimad və qayğını ürəkdən bəyənir və alqışlayırıq.
Yaşasın Müstəqil Azərbaycan Respublikası!

Nofəl Məhərrəmov
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Xaçmaz Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki