“Etimadı doğrultmayan məmurlar bundan sonra da cəzalandırılacaqlar” » Memur.az

“Etimadı doğrultmayan məmurlar bundan sonra da cəzalandırılacaqlar”

“Etimadı doğrultmayan məmurlar bundan sonra da cəzalandırılacaqlar”

APA-nın xəbərinə görə, bunu Azərbaycan prezidenti İlham Əliyev regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda deyib.

Prezident qeyd edib ki, məmurlar, dövlət qurumlarının nümayəndələri xalqla bir yerdə olmalıdırlar, onların qayğıları ilə yaşamalıdırlar, kobudluğa, yekəxanalığa yol verilməməlidir: “Bəzi hallarda yekəxanalıq müşahidə olunur, bəzi hallarda məmurlar özlərini çox təkəbbürlü aparırlar. Buna yol vermək olmaz. Siyasi mədəniyyət olmalıdır və insanlara hörmətlə yanaşmaq lazımdır”.

Ölkə başçısı deyib ki, əksər hallarda məmurlarla bağlı müsbət mənzərə müşahidə olunur: “Ancaq mənfi mənzərə ilə üzləşəndə tədbir də görülür, məmurlar cəzalandırılır. Etimadı doğrultmayan məmurlar bundan sonra da cəzalandırılacaqlar. Hər dəfə icra başçılarını işə təyin edərkən mən onlara öz sözlərimi deyirəm: Gedin təmiz işləyin, xalqla bir yerdə olun, rüşvətxorluqla məşğul olmayın, dövlətə, müstəqilliyə sadiq olun. Budur mənim tələblərim, əsas tələblərim”.


***
18:14
“Ötən il iqtisadiyyatımız 3 faiz, qeyri-neft sektoru 7 faiz artıb. Görülən işlər zamanı israfçılığa yol verilməməlidir”. Lent.az-ın AzTV-yə istinadən verdiyi məlumata görə, bunu prezident İlham Əliyev 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda çıxışında bildirib.
Prezident investisiya proqramına ancaq prioritet məsələləri salındığını qeyd edib. Dövlət başçısı bu il məktəblərin, səhiyyə ocaqlarının, uşaq bağçalarının tikintisinin, zəruri infrastruktur layihələrinin icrasının davam etdiriləcəyini, yeni iş yerlərinin yaradılması istiqamətində tədbirlər görüləcəyini diqqətə çatdırıb: “Qeyri-neft sektorunun inkişafı, sahibkarlığa dəstəyin göstərilməsi də prioritet sahələr sırasındadır. Hər bir rayonda sənaye zonalarının yaradılması, ölkədə istehsal olunan məhsulların xaricə çıxışının təmin edilməsi, dünyadakı qabaqcıl təcrübələrin Azərbaycanda tətbiqi, həmçinin, istifadəsiz torpaqlara nəzarət mexanizmi gücləndirilməlidir”.
Ölkə prezidenti torpaqların elektron uçotunun aparılması ilə bağlı tapşırıqlarını verib. Prezident İlham Əliyev ekoloji vəziyyət və turizmin inkişafından danışıb, korrupsiya və rüşvətxorluğa qarşı mübarizədə əldə olunan uğurları qeyd edib. Vətəndaş-məmur münasibətləri məsələsində də Azərbaycanın nümunəvi ölkə olmasının vacibliyinə diqqət çəkib.