İlham Əliyev: Türkiyə və Azərbaycan bölgədə sülh yaradacaq » Memur.az

İlham Əliyev: Türkiyə və Azərbaycan bölgədə sülh yaradacaq

İlham Əliyev: Türkiyə və Azərbaycan bölgədə sülh yaradacaqTürkiyə-Azərbaycan dostluğu, qardaşlığı sarsılmaz və əbədidir. Bu səfər bir daha bizim birliyimizi göstərir.

Oxu.Az məlumat verir ki, bunu Azərbaycan prezidenti İlham Əliyev Bakıda rəsmi səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla geniş tərkibli görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.

“Son seçkilərdə Türkiyə xalqı yenidən Ərdoğana etimad göstərib. Sizin liderliyinizlə Türkiyə şərəfli yol keçib, dünyada gücə çevrilib, beynəlxalq aləmdə nüfuz sahibidir.

Türkiyə iqtisadi inkişafa görə dünyada ən qabaqcıl yerlərdədir. Sizin rəhbərliyinizlə Türkiyədə sabitlik bərqərar olub”-deyən, İ.Əliyevin sözlərinə görə, Türkiyənin uğurları Azərbaycan xalqını sevindirir:

“Bizim şəxsi dostluq əlaqələrimiz ölkələrimizi bir-birinə sıx bağlayır. Bu gün Türkiyə-Azərbaycan əlaqələri ən yüksək səviyyədədir. Biz beynəlxalq aləmdə daim bir-birimizi dəstəkləyirik”.

Prezident Türkiyə şirkətlərinin Azərbaycana 12 milyard dollardan çox vəsait qoyduqlarını söyləyib:

“Keçən ay Əskişəhərdə TANAP-ın açılışında bir yerdə olmuşuq. TANAP layihəsinin təməlini 2012-ci ildə İstanbulda saziş imzalamaqla qoymuşuq. Cənub Qaz Dəhlizi layihəsinin uğurla icrası başa çatır. TANAP-ın başa çatması bu istiqamətdə atılan böyük addımdır.

Türkiyə və Azərbaycan Avrasiyanın enerji xəritəsini yenidən tərtib edir.

Bizim birgə layihələrimiz nəinki region, Avrasiya üçün də böyük əhəmiyyət daşıyır, regional sabitliyə böyük töhfə verir.

Əminəm ki, Türkiyə və Azərbaycanın birgə səyi ilə bölgədə sülh yaranacaq”.

Azərbaycan prezidenti eyni zamanda qeyd edib ki, Türkiyə Dağlıq Qarabağ məsələsində daim Azərbaycana dəstək verir.

Dövlət başçısı deyib ki, Ermənistan BMT qətnamələrinə əməl etməlidir, Azərbaycan əraziləri işğaldan azad edilməlidir:

“Türkiyənin mövqeyi beynəlxalq hüquqa tam uyğundur. Azərbaycan da daim Türkiyəni dəstəkləyir”.

İ.Əliyev qeyd edib ki, Türkiyə ordusu dünyada ən güclü ordulardan biridir:

“Azərbaycan Türkiyədən yeni, müasir silahlar alır və bu silahların bir hissəsi bu günlərdə Bakıda keçirilən hərbi paradda nümayiş etdirilib.

Bu il Türkiyə ilə Azərbaycan arasında hərbçilərin iştirakı ilə 7 birgə təlim keçirilməlidir.

Bu təlimlərdən 3-ü keçirilib, dördü də keçiriləcək”.

Memur.az