Politoloq: Paşinyan Sarkisyanın vəziyyətindən dərs çıxarmalıdır » Memur.az

Politoloq: Paşinyan Sarkisyanın vəziyyətindən dərs çıxarmalıdır

Politoloq: Paşinyan Sarkisyanın vəziyyətindən dərs çıxarmalıdırİşğalçı Ermənistanın yeni hakimiyyəti Sarkisyanın vəziyyətindən dərs çıxarmalıdır.

Bunu Oxu.Az-a açıqlamasında millət vəkili, politoloq Elman Nəsirov deyib.

O, qeyd edib ki, Ermənistanın baş naziri Nikol Paşinyan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı fikirləri, onun işğal olunmuş ərazilərimizə səfəri münaqişənin sülh yolu ilə həllinə xidmət etmir.

Onun sözlərinə görə, Paşinyan həmçinin aparılan danışıqlarda Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin tərəf kimi iştirakını təklif etməklə özünə dividend qazanmaq istəyir:

“Əslində, Paşinyan bu sərsəm və absurd fikirləri ilə münaqişənin nizamlanması ilə bağlı danışıqları yubatmaq istəyir. Ermənistan iflas vəziyyətindədir, ölkə onsuz da kifayət qədər zəifləyib, etirazlar dalğasından sonra isə tam çıxılmaz hala düşüb. Belə vəziyyətdə olan Ermənistanla inkişaf etmiş Azərbaycanın danışıqlara getməsi bu ölkə üçün faciəli ola bilər.

Ona görə də Paşinyan vaxt udmaq istəyir.

Amma başa düşməlidir ki, Ermənistanın gələcəyi işğal siyasətinə son qoyulmasından keçir. Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını azad etməyincə, heç bir perspektivə nail ola bilməyəcək”.

Millət vəkili həmçinin deyib ki, Ermənistan təcavüzkar siyasəti nəticəsində Azərbaycanın təşəbbüskarı olduğu Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərlərindən və indi də Bakı-Tbilisi-Qars dəmir yolu xətti layihəsindən kənarda qaldı.

“Ermənistanın iqtisadi blokadası güclənəcək və bu ölkədən miqrant axını, eləcə də yerli əhalinin yoxsulluq səviyyəsi daha da artacaq.

Təsadüfi deyil ki, Ermənistanda həm enerji, həm də Bakı-Tbilisi-Qars layihəsinin reallaşmasına bir faciə kimi yanaşırlar.

Amma əslində bu faciəni özləri yaradırlar. İşğala son qoysunlar, onun nəticələrini aradan qaldırsınlar və bundan sonra Ermənistanın bu layihələrdə iştirakı məsələsinə baxıla bilər.

Prezident İlham Əliyevin dediyi kimi, nə qədər ki bu təcavüzə son qoymayıb, Ermənistanın təcrid siyasəti daha da gücləndiriləcək…”-deyə, millət vəkili sözlərinə əlavə edib.

Memur.az