Prezident Maltanın baş nazirini qəbul edib » Memur.az

Prezident Maltanın baş nazirini qəbul edib

Prezident Maltanın baş nazirini qəbul edib

Prezidenti İlham Əliyev aprelin 27-də Malta Respublikasının baş naziri Cozef Muskatı qəbul edib. Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, Azərbaycan ilə Malta arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini vurğulayan dövlət başçısı ölkələrimiz arasında əməkdaşlığın davam etdiriləcəyinə ümidvar olduğunu bildirib. Prezident İlham Əliyev baş nazir Cozef Muskatın ölkəmizə son səfərindən sonra əlaqələrimizin müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi, sərmayə qoyuluşu, turizm və digər sahələrdə inkişaf etdirilməsi üçün yaxşı potensialın yarandığını deyib.

Malta Respublikasının baş naziri Cozef Muskat ölkəsinin Azərbaycan ilə əlaqələrin inkişaf etdirilməsində maraqlı olduğunu deyib. Ölkəmizdə sürətli inkişaf proseslərinin şahidi olduğunu vurğulayan baş nazir Azərbaycanda gedən bu müsbət proseslərə Avropa tərəfindən obyektiv qiymət verilməsinə tərəfdar olduğunu bildirib.

Görüşdə Bakıda keçirilən III Qlobal Açıq Cəmiyyətlər Forumunun önəmi qeyd olunub, ölkələrimiz arasında əməkdaşlığın müxtəlif sahələrdə inkişafı, regionda baş verən proseslər və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Həmçinin, prezident bu gün Fransanın Yəhudi İnstitutlarının Təmsilçilik Şurasının prezidenti Rocer Çukermanın başçılıq etdiyi nümayəndə heyətini də qəbul edib.

Dövlət başçısı Rocer Çukermanın ölkəmizə səfərinin məhsuldar və keçirilən görüşlərin uğurlu olacağına ümid etdiyini bildirib. Prezident İlham Əliyev səfərin Azərbaycan-Fransa əlaqələrinin daha da genişləndirilməsi baxımından əhəmiyyətini qeyd edib.

Ölkəmizə Yerevandan gəldiklərini vurğulayan Fransanın Yəhudi İnstitutlarının Təmsilçilik Şurasının prezidenti Rocer Çukerman ilk gündən Bakıda böyük inkişafın və müasirliyin şahidi olduqlarını deyib. O, ölkəmizdə ilk dəfə keçiriləcək birinci Avropa Oyunları ilə əlaqədar görülən yüksək hazırlıq işləri ilə bağlı Azərbaycan tərəfinə təbriklərini çatdırıb. Ölkəmizdə gedən böyük inkişaf proseslərinə toxunan Rocer Çukerman Azərbaycanın əldə etdiyi bu uğurlara Avropa tərəfindən obyektiv qiymət verilməsinin vacibliyini də vurğulayıb.