Rövnəq Abdullayev: “SOCAR Türkiyə” Azərbaycana böyük dividendlər gətirəcək » Memur.az

Rövnəq Abdullayev: “SOCAR Türkiyə” Azərbaycana böyük dividendlər gətirəcək

Rövnəq Abdullayev: “SOCAR Türkiyə” Azərbaycana böyük dividendlər gətirəcəkAzərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədə həyata keçirdiyi layihələr Azərbaycana uzun müddət böyük dividendlər gətirəcək.

Oxu.Az Report-a istinadən xəbər verir ki, bunu SOCAR-ın prezidenti Rövnəq Abdullayev İstanbulda jurnalistlərə bildirib.

Onun sözlərinə görə, SOCAR Türkiyədəki layihələrindən ildə 1,5 milyard dollarlıq EBİTDA (faiz, vergi, amortizasiya xərcləri öncəsi gəlirlər) gözləyir. SOCAR prezidenti vurğulayıb ki, bu, Azərbaycan üçün neft satışından əlavə böyük gəlirdir.

“SOCAR Türkiyədə fəaliyyət göstərməyə başlayandan bu ölkədə böyük işlər görmüşük, böyük layihələrə imza atmışıq, böyük layihələr həyata keçirmişik və keçirməkdə davam edirik.

SOCAR-ın Türkiyənin ən böyük şirkətlərindən birinə çevrilməsi üçün böyük zəhmət çəkilib. “Petkim” neft-kimya kompleksi artıq bir neçə ildir yüksək gəlirlərlə işləyir. Bu il STAR Neft Emalı Zavodu işə salınacaq”, - SOCAR-ın prezidenti deyib.

Rövnəq Abdullayev Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Cənub Qaz Dəhlizi layihəsinin əhəmiyyətindən də danışaraq bildirib ki, Cənub Qaz Dəhlizi təkcə regionda deyil, dünyada ən böyük layihələrdən biridir:

“Bu gün Cənub Qaz Dəhlizi layihəsinin ən böyük zəncirindən olan TANAP-ın Əskişəhərə qədər olan hissəsi işə salınacaq. Biz artıq bu kəmərlə Türkiyəyə qaz nəql edəcəyik. Çox şadam ki, Cənub Qaz Dəhlizi layihəsi Azərbaycanın təşəbbüsü ilə uğurla həyata keçirilir.

Mayın 29-da Azərbaycan prezidenti İlham Əliyevin iştirakı ilə Səngəçal terminalının genişləndirilmiş hissəsi işə salındı, ilk qaz Türkiyəyə göndərildi və bu gün də Eskişəhərdə TANAP-ın birinci hissəsinin açılış mərasimi keçiriləcək.

Layihə qrafikə uyğun, nəzərdə tutulan maliyyə çərçivəsində, hətta nəzərdə tutulandan da az vəsaitlə həyata keçirilib. Düşünürəm ki, Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan Trans-Adriatik Boru Kəməri (TAP) layihəsi də vaxtında həyata keçiriləcək və artıq 2020-ci ildə Azərbaycan qazı Avropaya çatdırılacaq”.

Memur.az