Rusiyada yeni Azərbaycan diaspor təşkilatının yaradılacağı tarix məlum oldu » Memur.az

Rusiyada yeni Azərbaycan diaspor təşkilatının yaradılacağı tarix məlum oldu

Rusiyada yeni Azərbaycan diaspor təşkilatının yaradılacağı tarix məlum oldu


Azərbaycanın Rusiyadakı yeni diaspor təşkilatının təsis qurultayı gələn ilin fevral ayında keçiriləcək.

Memur.Az xəbər verir ki, bu barədə report-a Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) prezidenti, akademik Fazil Qurbanov bildirib.

Onun sözlərinə görə, yeni təşkilatın yaradılması barədə qərar artıq qəbul edilib.
"ÜAK-ın ləğv edilməsi Azərbaycan icmasına ciddi zərbə oldu. Rusiya Ali Məhkəməsi qərarını təşkilatın fəaliyyətindəki - Nizamnamə, qurultayların keçirilmə vaxtı və s. kimi kobud pozuntularla əsaslandırdı. Bu gün bu səhvləri düzəltmək və yeni, layiqli təşkilat yaratmaq imkanımız var", - F.Qurbanov deyib.

Onun sözlərinə görə, yeni təşkilatın adı və Nizamnaməsi hələ müzakirə olunur və bu barədə yekun qərar Rusiya Azərbaycanlıları Qurultayında qəbul ediləcək.

"Hesab edirəm ki, tələsməməliyik. ÜAK-ın əvvəlki rəhbərliyinin səhvlərini nəzərə almalı, Rusiyadakı bütün Azərbaycan icmalarının rəhbərlərinin həmrəyliyinə nail olmalı, qurultaya ciddi hazırlaşmalıyıq. Rusiyada dekabr və yanvar ayları Yeni il bayramları ilə əlaqədar "yarımçıq" olur.

Ona görə də yeni təşkilatın təsis qurultayı, çox güman, 2018-ci ilin fevral ayında keçiriləcək", - o vurğulayıb.

F.Qurbanov, həmçinin bildirib ki, Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi yaşananlardan xəbərdardır və bütün bu müddət ərzində ÜAK və Rusiya azərbaycanlılarını dəstəkləyib.