Zaur Hüseynovun köşk oyunu » Memur.az

Zaur Hüseynovun köşk oyunu

Zaur Hüseynovun köşk oyunu

Bakı Metropoliteninin rəisi çıxarılandan sonra metroda təkcə rəhbər deyil, digər məsələlərdə də dəyişiklik oldu. "Bakı Metropoliteni" QSC-yə sədr təyin olunduqdan qısa müddət sonra Zaur Hüseynov stansiyaların giriş-çıxışlarında və platformalarda ticarət obyektlərini yığışdırdı. Köşkləri də sökdürdü. İndi isə yenidən metro keçidlərində ticarət obyektlərinin bərpasına başlanılıb.

Zaur Hüseynov vəzifəyə gələr-gəlməz sərnişinlərin rahatlığı, gediş-gəlişi asanlaşdırmaq üçün ləğv etdiyi ticarət obyektlərini yenidən bərpa etməkdə məqsədi nə ola bilər. Əlbəttə ki, əlavə gəlir əldə etmək. Bəs yeni ticarət obyektlərinin fəaliyyətinə icazə vermək sərnişinlərin gediş-gəlişini çətinləşdirməyəcək? Maraqlısı budur ki, bir halda ki, yenidən istifadəsinə imkan veriləcəkdisə, niyə sökülürdü? Bu da onu göstərir ki, Zaur Hüseynov əlavə qazanc yeri istəyir. Əslində, əvvəlki ticarət obyektlərini sökdürməkdə məqsəd də yenidən sahibkarlarla pul sövdələşməsinə girərək çoxlu vəsait əldə etmək idi. Hüseynov vəzifəyə gələn kimi metro keçidlərindəki ticarət köşklərini sökdürməklə bir tərəfdən özünü göstərməyə çalışırdı, digər tərəfdən isə öz mənafeyini güdürdü. Ziyan çəkən yenə vətəndaşlar oldu. Çörək yerləri əllərindən alınan vətəndaşların əksəriyyəti bu gün işsiz qalıb. Yeni sədr həmin şəxslərin çörəyinə bais oldu.

Ticarətin bərpa olunmasının əsas səbəblərindən biri isə bu yolla, Metropolitenə vəsait cəlb etməkdir. Hələ keçmiş rəis Tağı Əhmədov deyirdi ki, metro dotasiya ilə işləsə də, metronun xərclərini bağlamaq üçün ya gediş haqları qaldırılmalıdır, yaxud da kənardan bu cür vəsaitlər cəlb olunmalıdır. Görünür, yeni rəis Zaur Hüseynov üçün də artıq bu məsələ aktuallaşıb. Metronun xərclərini qarşılamaq üçün müəyyən vəsaitlərin cəlb edilməsi zərurəti yarandığından ticarət obyektlərinin bərpa olunması gündəmə gəlib. Qeyd olunur ki, ticarət köşklərinin fərqli dizaynı hazırda müzakirə edilir. İlk növbədə, ticarət obyektlərinin profilinin müəyyənləşdirilməsi üzərində iş gedir. Bunun eksperiment kimi ilk növbədə, "Koroğlu" stansiyasından başladılar.

"Bakı Metropoliteni" QSC-nin Mətbuat katibliyi və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib ki, bir neçə metro stansiyasında məhdud sayda ticarət obyektinin açılması nəzərdə tutulur: "Lakin bunlar əvvəllər olduğu kimi, keçidlərdə ticarət obyektinin işləyəcəyi anlamına gəlməməlidir. Hazırda "Koroğlu" və eləcə də digər stansiyalarda bir neçə ticarət obyektinin fəaliyyət göstərməsinə icazə verilməsi məsələsi nəzərdən keçirilir. Lakin bu ticarət obyektlərində ancaq gül, kitab və ya aptek fəaliyyət göstərə bilər. Əsas məqsəd bu obyektlərin heç bir şəkildə sərnişinlərin təhlükəsizliyinə və hərəkətinə mane yaratmamasıdır. Biz sərnişindaşıma işinin icra edirik".

Qurum rəsmisi əlavə edib ki, "Koroğlu" metro stansiyasının çıxışında da bir ticarət obyektinin fəaliyyətə başlaması nəzərdə tutulub. İlkin versiyaya görə, burada kitab ticarəti ilə məşğul olmağa icazə veriləcək.

Mətbuat katibliyinin rəisi qeyd edib ki, metro keçidlərində ticarət obyektlərinin fəaliyyətinə icazə verilərsə, bununla bağlı müqavilələr Əmlak Məsələləri üzrə Dövlət Komitəsi ilə bağlanacaq.

Xatırladaq ki, "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında" Azərbaycan Respublikası prezidentinin 27 fevral, 2014-cü il tarixli 289 saylı sərəncamına əsasən Bakı Metropoliteninin və "Azərtunelmetrotikinti" Səhmdar Cəmiyyətinin yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus "Bakı Metropoliteni" QSC yaradıldı. Zaur Hüseynov onun sədri təyin edilib.

Z.Hüseynovun ilk səs-küylü qərarı isə bütün metro keçidlərində ticarət obyektlərinin sökülməsi olub. "20 yanvar" metrosundakı ticarət obyektləri istisna olmaqla bütün metro keçidlərindəki obyektlər sökülüb.

Həmin vaxt "Koroğlu" metrosu yenidən təmir olunmuşdu və ticarət obyektləri də yeni tikilmişdi. Söküntü işləri zamanı da "Koroğlu"da bir dənə də olsun obyekt qalmadı. İndi isə həmin obyektlərin boş qalan yerləri istifadəyə verilir.

Qeyd edək ki, "Bakı Metropoliteni" QSC təhlükəsizlik tədbirlərinin görülməsi məqsədi ilə ticarət obyektlərinin bağlanması qərarı vermişdi. Qarşıya qoyulan məqsəd Metropolitenin müasir tələblər çərçivəsində yenidən qurulması, beynəlxalq standartlara uyğunlaşdırılması, sərnişinlərin sərbəst və təhlükəsiz hərəkətinin təmin edilməsi, sərnişindaşıma xidmətinin keyfiyyətinin yüksəldilməsi idi.
Nuray KAZIMOVA