Mehriban Əliyeva ISESCO baş direktoru ilə görüşüb » Memur.az

Mehriban Əliyeva ISESCO baş direktoru ilə görüşüb

Mehriban Əliyeva ISESCO baş direktoru ilə görüşüb

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva V Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdə olan UNESCO-nun baş direktorunun müavini Qetaçyu Enqida ilə görüşüb.

Fonddan APA-ya verilən məlumata görə, Azərbaycanın birinci xanımı Foruma dəvəti qəbul etdiyinə görə qonağa təşəkkürünü bildirib.

M. Əliyeva Forumun nəticələrinin həyata keçirilməsinin qarşıda duran mühüm məsələlərdən olduğunu vurğulayıb. Heydər Əliyev Fondunun prezidenti Bakı Beynəlxalq Humanitar Forumunu millətlərarası əməkdaşlıq üçün gözəl format adlandırıb. Görüşdə Azərbaycanla UNESCO arasında mövcud əlaqələr müzakirə olunub.

M. Əliyeva həmçinin ISESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycri ilə görüşüb. Qonağı ölkəmizdə yenidən görməkdən şad olduğunu bildirən M. Əliyeva Forumda iştirakına görə ona təşəkkür edib. ISESCO-Azərbaycan əməkdaşlığının uğurlarından danışan qurumun xoşməramlı səfiri birgə layihələrin, təhsil və mədəniyyət sahələrində əlaqələrin vacibliyini vurğulayıb, müxtəlif ölkələrin mədəni irsinin qorunmasına Azərbaycanın verdiyi töhfələrdən danışıb.

ISESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycri Foruma dəvətə görə təşəkkür edərək bu tədbirin dünya üçün mühüm məsələlərin müzakirə olunduğu platformaya çevrildiyini bildirib. O, dünya mədəni irsinin qorunması sahəsində birgə əməkdaşlıqdan şad olacağını vurğulayıb.