Mehriban Əliyeva xarici qonaqlarla görüşüb - FOTO » Memur.az

Mehriban Əliyeva xarici qonaqlarla görüşüb - FOTO

Mehriban Əliyeva xarici qonaqlarla görüşüb - FOTO


Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva V Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün Bakıda səfərdə olan Qazaxıstanın dövlət katibi Gülşar Abdıkalikova ilə görüşüb.

APA-nın xəbərinə görə, Mehriban Əliyeva V Bakı Beynəlxalq Humanitar Forumunda müzakirə olunan mövzuların əhəmiyyətinə toxunub, bütün dünya üçün aktual olduğunu vurğulayıb. Mehriban Əliyeva Qazaxıstan ilə Azərbaycan arasında münasibətlərin yüksək səviyyədə olduğunu deyib.

Qazaxıstanın dövlət katibi Gülşar Abdıkalikova sentyabrın 26-da Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı keçirilən referendumun nəticələrini böyük qələbə kimi dəyərləndirib. Qonaq Azərbaycan-Qazaxıstan münasibətlərindən danışaraq ölkələrin beynəlxalq təşkilatlarda yaxşı əməkdaşlıq qurduqlarını və bir-birlərini hər zaman dəstəklədiklərini diqqətə çatdırıb.


Mehriban Əliyeva V Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün Azərbaycanda səfərdə olan Bolqarıstanın vitse-prezidenti Marqarita Popova ilə də görüşüb.

Görüşdə birinci xanım M. Əliyeva rəhbərlik etdiyi Fond tərəfindən həyata keçirilən layihələrdən danışıb, bu layihələrin ölkələrarası əlaqələrin möhkəmləndirilməsi üçün ən gözəl vasitə olduğunu bildirib. Mehriban Əliyeva bu yaxınlarda Bolqarıstanın Veliko Tırnova şəhərinə səfərini xatırlayaraq ona şəhərin fəxri vətəndaşı adının verilməsi ilə əlaqədar bir daha minnətdarlığını çatdırıb.


Bolqarıstanın vitse-prezidenti Marqarita Popova V Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etməkdən məmnunluğunu bildirərək, Azərbaycan-Bolqarıstan münasibətlərinin yüksək səviyyədə olduğunu, ölkələr arasında həyata keçirilən layihələrin bu münasibətlərin inkişafına töhfə verdiyini qeyd edib.