İlham Əliyevin erməniləri diz çökdürmə siyasəti: Ordu və diplomatiyamızın ittifaqı - təfsilat » Memur.az

İlham Əliyevin erməniləri diz çökdürmə siyasəti: Ordu və diplomatiyamızın ittifaqı - təfsilat

İlham Əliyevin erməniləri diz çökdürmə siyasəti: Ordu və diplomatiyamızın ittifaqı - təfsilat

Bir neçə həftədir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində intensiv danışıqlar gedir

Prezidentlərin Sankt-Peterburq görüşündən sonra Almaniyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Valter Ştaynmayerin regiona səfərinin ardından Rusiya xarici siyasət idarəsinin rəhbəri Sergey Lavrovun da Ermənistan və Azərbaycana səfəri həyata keçirildir.

Müşahidə olunan bu aktivlik Dağlıq Qarabağ problemi ilə bağlı digər vasitəçi dövlətlərin də fəallaşmasına gətirib çıxarıb. ABŞ dövlət katibi Con Kerri Azərbaycan və Ermənistan prezidentlərinə zəng edərək münaqişə ilə bağlı hazırkı vəziyyətlə maraqlanıb. Eləcə də Rusiya prezidenti Vladimir Putinlə Fransa prezidenti Fransua Olland, S.Lavrovla isə V.Ştaynmayer arasında Dağlıq Qarabağ münaqişəsilə bağlı telefon danışığı olub. Bununla belə prezidentlərin növbəti görüşlərinin Fransa və ABŞ-da keçirilməsi məsələsi ortadadır. Bütün bunlar onu göstərir ki, prezidentlərin Sankt-Peterburq görüşündən etibarən davam edən proseslər Dağlıq Qarabağ probleminin həlli istiqamətinə vasitəçilik missiyasını həyata keçirən dövlətlərə aktiv fazaya keçmək üçün stimul verib. Ona görə də, aparılan danışıqların hansı nəticə verəcəyi maraqla gözlənilməkdədir.

Ümumiyyətlə cari ilin aprel ayında baş verən hadisələrdən sonra Dağlıq Qarabağ problemi tək regionun deyil, dünyanın da aktual məsələlərindən birinə çevrilib. Artıq beynəlxalq ictimaiyyət Ermənistanın Azərbaycan torpaqlarının bir hissəsini işğal etməsindən sonra regionda yaranan vəziyyəti sülh və təhlükəsizliyin əldə olunmasına əngəl yaratdığının fərqinə varıb. Həmçinin, problemin həll olunmasına Azərbaycan maksimum səy göstərir. Aprel ayında baş verən hərbi toqquşmalar dövlətimizin bütün sahələrdə olduğu kimi, hərbi sahədə də üstünlüyə malik olmasını bir daha üzə çıxarıb. Bu gün problemi olduğu kimi saxlamaq əslində aprel hadisələrinin yenidən təkrar olunmasına zəmin yaradır. Bu səbəbdən də regionla bağlılığı olan ölkələr, xüsusilə Rusiya məsələnin həllinə maksimum səy göstərir. Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə keçirilən prezidentlərin Sankt-Peterburq görüşündən gələn impulsla danışıqlar prosesinin davam etdirilməsi artıq problemin həllinə müəyyən qədər yaxınlaşdığımızı göstərir.

Hər kəsə o da məlumdur bu aktivləşmə məhz aprel döyüşlərindən sonra müşahidə olunur. Çünki aprel döyüşləri bir neçə mühüm reallığı ortaya çıxardı. İndiyə qədər bəzi dairələr düşünürdülər ki, Dağlıq Qarabağ münaqişəsi dondurulmuş münaqişəyə çevrilib, artıq Azərbaycan cəmiyyəti münaqişənin həllində o qədər də həvəsli deyil, xüsusilə gənc nəsl sanki yadırğayıb. Onlar düşünürdülər ki, bu vəziyyətdən istifadə edərək münaqişəni uzatmaq və münaqişənin mövcudluğundan istifadə edərək öz maraqlarını həyata keçirməklə arzularını reallaşdıra biləcəklər.

Ancaq aprel döyüşləri onların bu ehtimallarını tamamilə alt-üst etdi. Aprel döyüşləri zamanı Azərbaycan cəmiyyətində xüsusi bir qələbə əzmi, vətənpərvərlik, döyüş ruhu yarandı, siyasi mövqeyindən asılı olmayaraq hər kəs dövlətin, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ətrafında cəmləşdi, nəinki Azərbaycan daxilindən, hətta xaricdən gənclərimiz könüllü olaraq döyüşlərə qatılmaq üçün müraciətlər etdi, bir sözlə, Azərbaycan münaqişə ilə bağlı yekdil və sərt mövqe ortaya qoydu. Şəhidlərin dəfni zamanı yaranan izdiham, şəhidlərin ruhuna olan hörmət və ehtiram cəmiyyətin vətənpərvərlik ruhunun nə qədər yüksək olduğunu ortaya çıxardı. Aprel döyüşləri göstərdi ki, Azərbaycan gəncləri nəinki münaqişəni unudub, əksinə, Qarabağ uğrunda ölümə getməyə hazırdırlar.

Digər bir rallıq isə ordumuzun gücü və vətənpərvərlik ruhudur. Aprel döyüşləri göstərdi ki, Ermənistan ordusu Azərbaycan ordusu qarşısında tab gətirmək iqtidarında deyil. Ermənistan ordusu həm insan resursları, həm də maddi-texniki baza baxımından Azərbaycan ordusundan xeyli geridədir. Bunu Ermənsitan prezidenti Serj Sarkisyan da Almaniyaya səfəri zaman aydın şəkildə etiraf etdi. Bəlli oldu ki, belə güc nisbətində müharibə Ermənistanın qısa bir müddətdə rüsvayçı məğlubiyyəti ilə başa çatar.Həmçinin aprel döyüşləri Azərbaycan ordusunun vətənpərvərlik, döyüş ruhunun nə qədər yüksək olduğunu göstərdi. Xüsusilə Azərbaycan ordusunun yüksək rütbəli zabitlərinin döyüşlərdə əsgərlərin önündə getməsi, hətta əsgərlərini qorumaq üçün özünü qumbaranın üzərinə ataraq canından keçməsi kimi cəsarətli hərəkətlər ordumuzda vətənpərvərlik ruhunun nə qədər yüksək olduğunun göstəricisidir.

Bəli, münaqişənin həllini uzatmaq istəyən dairələr bütün bu reallıqları gördülər, əmin oldular ki, hər şey onların düşündüyünün əksinədir. Azərbaycan həm mənəvi, həm də maddi-texniki baxımdan işğal altında olan torpaqlarını azad etməyə tam hazırdır və münaqişə bir az da uzanarsa, onlar üçün çox acı nəticələr verə bilər. Bir sözlə, aprel döyüşləri hər kəs üçün bir dərs oldu. Odur ki, münaqişənin həlli ilə bağlı aktivləşmə qeyd olunmaqdadır. Ümid edək, bu aktivləşmə müsbət nəticələr verəcək. Həm S.Lavrovun son Bakı səfəri, həm Vladimir Putinin Azərbaycana gözlənilən səfəri, həm də Con Kerrinin Moskvaya səfəri münaqişənin həlli ilə bağlı danışıqları daha da intensivləşdirəcək və münaqişənin həllində bir dönüş yaradacaq.