İran işğal olunmuş 5 rayonun Azərbaycana qaytarılması ilə bağlı plandan niyə narahatdır? - AÇIQLAMA » Memur.az

İran işğal olunmuş 5 rayonun Azərbaycana qaytarılması ilə bağlı plandan niyə narahatdır? - AÇIQLAMA

İran işğal olunmuş 5 rayonun Azərbaycana qaytarılması ilə bağlı plandan niyə narahatdır? - AÇIQLAMA
“Tehran Azərbaycana olan mövqeyini uzun illərdir nümayiş etdirir və mövzuyla bağlı bizim üçün heç bir yenilik yoxdur”.

Bu barədə Savash.org-a politoloq Fikrət Sadıqov bildirib. Eskpertin sözlərinə görə, cənub qonşumuzun xarici siyasətinin prioriteteləri Ermənistanla Azərbaycan arasında müəyyən balans yaratmaqdır:

"Dildə “Azərbaycanın ərazi bütövlüyünü tanıyıq” deyirlər, amma əməldə təcavüzkara müxtəlif sahələrdə köməklik göstərirlər. Bu Tehranın çoxdankı oyundur. Səbəbləri isə fərqlidir. İran Azərbaycanın inkişafına həmişə çox qısqanclıqla yanaşıb. Onlar istəmirlər ki, regionda Azərbaycanın mövqeyi güclənsin. Azərbaycan güclü bir dövlətə çevrilsin. Əlbəttə bu, İranın müəyyən dairələrinin maraqlarına ziddir. Ona görə də onlar belə mövqedən çıxış edərək separatçını müdafiə edirlər. Təbii ki, bu, bizi narahat edir. Dəfələrlə müxtəlif məsələlərlə bağlı etirazımızı açıq şəkildə ifadə etmişik. Bunu rəsmi Tehrana çatdırmışıq. Eyni zamanda onu da anlayırıq ki, İran qonşu dövlətdir. Biz bir sıra layihələrdə iştirak edirik. Birgə sazişlər əsasında iqtisadi, sosial və ticarət sahələrində tədbirlərimiz baş tutur. Biz qonşu dövlətdən imtina edə bilmərik. Orda bizim milyonlarla soydaşımız yaşayır. Biz onu da nəzərə almalıyıq və alırıq da".

Ekspertin sözlərinə görə, Bakı İranın Dağlq Qarabağ münaqişəsində vasitəçilik etməsinə imkan verməyib: "Əlbəttə, Tehranın bu cür addımları bizi narahat etməyə bilməz. Eyni zamanda anlayırıq ki, bu, onların öz daxili işləridir. Xarici siyasət prioritetləridir. Bütün hallarda Azərbaycan çox ehtiyatlı davranmalıdır".

Qeyd edək ki, Ermənistan mətbuatı İranın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyinə dair sensasion iddia irəli sürüb. Ermənistanın “Armtimes” nəşri iddia edir ki, İran Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi tərəflərinə təqdim etdiyi sülh planından çox narahatdır: “Aprel döyüşlərindən sonra danışıqların bəzi aspektləri ictimaiyyətə bəlli olub. İran tərəfi Lavrovun planına əsasən Ermənistanın Qarabağ ətrafında yerləşən 5 rayonu Azərbaycana qaytarması variantından narahatdır. İran tərəfi onun şimal sərhədləri yaxınlığında belə bir mövqe dəyişikliyinə qarşıdır və hər hansı formada danışıqlar prosesinə müdaxilə etməyə çalışır”.