Yaxın Şərqdə tarixi dönüş: Rusiya, Türkiyə, ABŞ... » Memur.az

Yaxın Şərqdə tarixi dönüş: Rusiya, Türkiyə, ABŞ...

Yaxın Şərqdə tarixi dönüş: Rusiya, Türkiyə, ABŞ...Rusiya hərbi qüvvələrinin İncirlik bazasından uçuşuna icazə verilməsi o deməkdir ki, Yaxın Şərqdə çox ciddi hadisələr baş verəcək.

Bu barədə Türkiyənin Rusiyaya İncirlik hərbi bazasından istifadəyə dair icazəsini şərh edən politoloq Qabil Hüseynli deyib. Sabiq dövlət müşaviri bu məsələnin təkcə Rusiya-Türkiyə münasibətləri ilə məhdudlaşmayacağını deyib:

“İncirlik hərbi hava bazası Amerika tərəfindən inşa edilib və sırf NATO-nun strateji məqsədlərinə xidmət edir. Rusiya İncirlik bazasına hər zaman təhlükə mənbəyi kimi baxıb. Rusiyanın İncirlikdən yararlanması tarixdə görünməmiş bir hadisədir. Əgər baş tutarasa, bu münasibətlər tarixə düşəcək. Görünür, İŞİD-ə qarşı mübarizə həlledici fazaya daxil olub. Bu, o anlama gəlir ki, Amerika, Türkiyə, Rusiya, Səudiyyə, Almaniya koalisiya şəklində son dərəcə həlledici döyüşlərə hazırlaşır. Bundan öncə Kerri və Lavrov İŞİD-ə qarşı Amerika və Rusiyanın birgə mübarizəsi barədə razılığa gəliblər. İncirlik hərbi bazasından istifadə isə daha strateji əhəmiyyətə malikdir. Bazada istənilən tipli təyyarələrin enməsi və texniki xidmət göstərilməsi mümkündür. Bu mənada Suriyadakı rus hərbi bazası Xmeymimdən fərqli olaraq İncirlikdə gecə uçuşlarının həyata keçirilməsi də mümkündür”.(axar.az)

Politoloq hesab edir ki, sözügedən məsələdə Amerika ilə razılaşma əldə olunub:

“Əks təqdirdə Türkiyə-NATO münasibətlərində çox ciddi problemlər yarana bilər. Görünür, bölgədə çox ciddi, indiyə qədər görünməmiş hərbi əməliyyatlar başlayacaq. Yəqin ki, hərbi əməliyyatlarda Türkiyə, Suriyadakı müxalif qüvvələrin müəyyən hissələri, Səudiyyənin başçılığı altındakı müsəlman ittifaqının 20 minlik quru qoşunları ilə hərbi aviasiyanın birgə iştirakı nəzərdə tutulur. Bu isə terrorun kökünün böyük miqyasda kəsilməsinə şərait yaradacaq”.

Qeyd edək ki, Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu dünən Rusiyanın İncirlik hərbi bazasından istifadə etməsinə imkan tanına biləcəyini demişdi. Bugünkü açıqlamasında isə İncirliklə bağlı fikir işlətmədiyini, ancaq terrora və İŞİD-ə qarşı mübarizədə Moskva ilə əməkdaşlığa hazır olduqlarını vurğulayıb.

Memur.az