İlham Əliyev Sankt Peterburq görüşünün detallarını açıqlayıb » Memur.az

İlham Əliyev Sankt Peterburq görüşünün detallarını açıqlayıb

İlham Əliyev Sankt Peterburq görüşünün detallarını açıqlayıb“Müsbət hal ondan ibarətdir ki, Vyana görüşündən bir ay keçəndən sonra artıq Rusiya tərəfinin təşəbbüsü ilə Sankt-Peterburq şəhərində növbəti görüş keçirilmişdir. Bu görüşü biz müsbət qiymətləndiririk. Xarici İşlər Nazirliyi Azərbaycanın rəsmi mövqeyini bildirmişdir və bu mövqe, təbii ki, ictimaiyyət üçün də açıqdır”.

APA-nın məlumatına görə, bunu bu gün Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Bakının Xətai rayonunda hərbçilər üçün inşa edilmiş binanın açılışında hərbçilərlə görüşdə söyləyib.

Dövlət başçısı deyib ki, Sankt-Peterburq görüşünün müsbət nəticələri var: “Ümid edirəm ki, bu proses sürətlə davam etdiriləcək. Yenə də heç bir şərt qəbul etmədən biz bu danışıqlara gedirik. Danışıqlar mənalı, predmetli olmalıdır, sadəcə olaraq görüntü, imitasiya naminə aparılmamalıdır. Sankt-Peterburq görüşünün nəticəsi olaraq birgə bəyannamə qəbul edilib. O da ictimaiyyət üçün təqdim edildi. O bəyannamədə hər şey, xüsusilə, məsələnin həlli yolları göstərilir. Bununla bərabər, ATƏT sədrinin şəxsi nümayəndəsinin ofisinin işçilərinin say tərkibinin artırılması məsələsi də müzakirə edilib. Düzdür, orada say göstərilmir, ancaq mən deyə bilərəm ki, əgər bu gün o ofisdə 6 nəfər işləyirsə, bu, maksimum 2 dəfə, 2,5 dəfə artırıla bilər. Yəni, burada böyük missiyadan söhbət getmir. Nəzərə alsaq ki, təmas xətti on kilometrlərlə ölçülür, bu işlərin başqa mənasını axtarmaq lazım deyil. Ofisin mandatı da yerindədir, heç bir dəyişiklik yoxdur. Sadəcə olaraq, 6 nəfərin əvəzinə 12, ya 13, ya 14 nəfər olacaq, vəssalam. O ki qaldı ermənilərin şərt kimi ortaya qoyduqları insidentlərin araşdırılması mexanizminin tətbiqinə, hesab edirəm ki, buna indiki mərhələdə ehtiyac yoxdur. Birincisi, bu mexanizmlər yoxdur. Bizə heç kim konkret demir ki, bu, nədən ibarət olacaq. Belə olan halda, bu məsələyə bu gün baxmaq düzgün olmazdı. İkincisi, bunun mənası nədən ibarətdir? Əgər bunun mənası ondan ibarətdir ki, münaqişə dondurulsun və təmas xəttində hansısa əlavə tədbirlər görülsün, əlbəttə, Azərbaycan buna getməyəcək. Bu, o vaxt ola bilər ki, danışıqlar prosesində müsbət dinamika davam etdirilsin, biz konkret nəticələri görək, bilək ki, nə vaxt bizim torpaqlarımız işğaldan azad olunacaq, onda əlbəttə, müxtəlif mexanizmlər işlənə və o vaxt bu məsələyə baxıla bilər”.

Dövlət başçısı Sankt-Peterburqda qəbul edilən bəyanatdakı bir mühüm məsələyə də toxunmaq istədiyini bildirib: “Orada qeyd edildi ki, son vaxtlar təmas xəttində vəziyyət sabitdir, atəşkəs bərpa edilib və bu, müsbət hal kimi qiymətləndirilir. Belə olan halda, heç bir insidentlərin araşdırılması mexanizminin tətbiqinə ehtiyac qalmır. Yəni, o şərt də qəbul edilmədi. Bir daha demək istəyirəm ki, biz məsələnin mahiyyəti əsasında danışıqlar aparmalıyıq. Ermənistanın işğalçı siyasətinə son qoyulmalıdır. Biz bilməliyik ki, torpaqlarımızın azad edilməsi prosesi nə vaxt başlanacaq. Əlbəttə ki, bu proses olacaq. Azərbaycan tərəfi və mən şəxsən dəfələrlə qeyd etmişdim ki, biz bu münaqişəni ancaq mərhələli yolla həll edə bilərik. Çünki başqa cür mümkün deyil. Ermənistan həmişə çalışırdı ki, vəziyyəti daha da mürəkkəbləşdirsin, danışıqlar prosesini və mərhələli həll variantını pozsun. Ancaq bizdə olan fikirlərə görə, bu yol ən məqbul yoldur. Bu, tezliklə məsələnin həllinə gətirib çıxara bilər. Azərbaycan dövlətinin məsələnin həlli ilə bağlı prinsipial mövqeyi ortadadır. Bu mövqedə heç bir dəyişiklik olmamışdır və olmayacaq. Məsələ Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Heç vaxt Dağlıq Qarabağa müstəqillik verilməyəcək, heç vaxt Azərbaycanın tarixi torpaqlarında ikinci erməni dövləti yaranmayacaq. Bu, əsas məsələdir. O ki qaldı Dağlıq Qarabağın statusuna, bu, sonranın işidir. Əlbəttə ki, müəyyən status ola bilər. Azərbaycanın tərkibində Naxçıvan Muxtar Respublikası mövcuddur. Bunun muxtariyyət statusu var. Avropada, digər ölkələrdə mütərəqqi təcrübə və müxtəlif statuslar var. Ancaq bu status ölkəmizin ərazi bütövlüyünü pozmamalıdır”.

Dövlət başçısı deyib ki, Azərbaycanın ərazi bütövlüyü bütün dünya tərəfindən tanınır: “BMT Təhlükəsizlik Şurası bu məsələ ilə bağlı 4 qətnamə qəbul edib. BMT Təhlükəsizlik Şurasından daha ali beynəlxalq orqan yoxdur və bu qətnamələrdə göstərilir ki, erməni silahlı birləşmələri dərhal və qeyd-şərtsiz bizim torpaqlarımızdan çıxarılmalıdır və çıxarılacaq. Ona görə, budur məsələnin həll yolları. Heç vaxt Azərbaycan dövləti öz tarixi torpaqlarında ikinci erməni dövlətinin yaranmasına imkan verməyəcək və bu, danışıqlar mövzusu deyil, heç vaxt olmayıb. Məsələ mərhələli yolla öz həllini tapa bilər və əminəm ki, biz məsələni bu yolla həll edə bilərik. Ancaq əlbəttə ki, burada işğalçı Ermənistana beynəlxalq vasitəçilər və geniş mənada beynəlxalq birlik tərəfindən daha da ciddi təzyiq göstərilməlidi.”.

Prezident İlham Əliyev bildirib ki “aprel hadisələrindən sonra Ermənistan rəhbərliyi danışıqları davam etdirmək üçün bir neçə şərt irəli sürüb: “Təbii ki, onların heç biri qəbul oluna bilməz. Çünki bizə heç kim şərt qoya bilməz. Danışıqları aparmaq bizə göstərilən minnət deyil. Ermənistan tərəfi yaxşı başa düşür ki, əgər danışıqlar dondurulsa, ya pozulsa onları nələr gözləyir. Ona görə, təbii ki, Azərbaycan tərəfi danışıqlara heç bir şərt qəbul etmədən qoşulub. Vyana görüşü Amerika Birləşmiş Ştatlarının təşəbbüsü ilə keçirilib. Hesab edirəm ki, Vyana görüşünün müsbət nəticələri olub. Yəni, Ermənistan tərəfinin qoyduğu şərtlər qəbul edilmədi. Azərbaycan tərəfi Vyanada hər hansı bir sənədə imza atmadı. Sadəcə olaraq, həmsədr ölkələr öz bəyanatını verdilər, bu, onların bəyanatıdır”.


Prezident deyib ki, aprel döyüşləri sübut etdi ki, Azərbaycanla hesablaşmaq lazımdır.



Dövlət başçısı deyib ki, Azərbaycan nəinki iqtisadi və sənaye gücünə malikdir, hərbi sahədə də artıq biz böyük nailiyyətlərə çata bilmişik: “Bu proses daim aparılacaq, döyüş qabilyyəti daim təkmilləşməlidir. Azərbaycan bundan sonra da qarşıda duran vəzifələri icra edəcək. Biz müharibə şəraitində yaşayırıq və hərbi sahəyə də böyük diqqət göstərilir. Bu, bizim gündəlik işimizdə əsas məsələdir və dövlət büdcəmizdə də bu siyasət öz əksini tapır”.

Prezident İlham Əliyev bildirib ki, uzun illərdir ki, Azərbaycan torpaqları işğal altındadır: “Əfsuslar olsun ki, beynəlxalq hüquq normaları, prinsipləri Ermənistan tərəfindən kobudcasına pozulur. Beynəlxalq təşkilatların qəbul etdikləri qərar və qətnamələr icra edilmir, kağız üzərində qalır. Beynəlxalq hüquq əslində işləmir. Belə olan halda biz hərbi gücümüzü daha da artırmalıyıq. Bununla bərabər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün öz diplomatik və siyasi səylərimizi davam etdirəcəyik”.

Dövlət başçısı qeyd edib ki, aprel ayında Ermənistan danışıqlar prosesini pozmaq və danışıqlar prosesinə zərbə vurmaq üçün Azərbaycana qarşı silahlı təxribata əl atıb, mövqelərimiz atəş altına düşüb: “Mülki vətəndaşlara qarşı silahdan istifadə edildi. Erməni təxribatı nəticəsində 6 mülki şəxs həlak oldu. Hərbçilərimiz həlak oldu, yaralı hərbçilərimiz oldu. Təbii olaraq Azərbaycan düşmənə layiqli cavab verməli idi və verdi. Aprel döyüşləri tarixdə bizim böyük hərbi qələbəmiz kimi qalacaq. Azərbaycan ordusu böyük qəhrəmanlıq göstərib işğal edilmiş torpaqların bir hissəsini, daha dəqiq desəm, Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsini işğalçılardan azad edib və strateji yüksəklikləri öz nəzarəti altına qaytarıb. Əminəm ki, bu hadisələr həm Ermənistana, həm də bu məsələlərlə məşğul olanlara cidldi siqnal olacaq. Çünki Ermənistanın istəyi bu proses sonsuz proses kimi görmək, status-kvonu saxlamaqdır. Görəndə ki, onlara qarşı beynəlxalq vasitəçilər tərəfindən təzyiqlər artır, müxtəlif təxribatlara əl atırlar. 2014-cü ilin noyabrında da bizə qarşı silahlı təxribat törətmişdilər. Biz layiqli cavab verəndən sonra Ermənistan bundan istifadə edərək, bəhanə gətirərək demək olar ki, danışıqları dondurmuşdu. 2014-cü ilin noyabrından 2015-ci ilin dekabrına qədər demək olar ki, heç bir danışıqlar aparılmırdı. 2015-ci ilin dekabrında Ermənistan və Azərbaycan prezidentlərinin görüşü formal xarakter daşıyırdı. Görəndə ki, bu il onlara vasitəçilər tərəfindən siyasi təzyiq artır, yeni silahlı təxribata əl atdılar. Amma əminəm ki, indi bunun acısını çəkirlər. Münaqişə tezliklə həll olunmalı, məsələ beynəlxalq hüquq normaları və prinsipləri çərçivəsində həllini tapmalıdır”.

Memur.az