Novruz Məmmədov: ''Bizə deyirlər daha 25 il də danışıqlar aparın'' » Memur.az

Novruz Məmmədov: ''Bizə deyirlər daha 25 il də danışıqlar aparın''

Novruz Məmmədov: ''Bizə deyirlər daha 25 il də danışıqlar aparın''''Dağlıq Qarabağın ətrafındakı 7 rayona Ermənistanın heç bir iddiası ola bilməz, orada 760 min azərbaycanlı yaşayıb''

“Düşünməliyik ki, hansı səbəblərdən terror qrupları yaranır? Biz bunu yaxşı anlamasaq, başa düşməsək, uğur əldə edə bilmərik”.
Bu açıqlamanı Prezidenti Administrasiyası (PA) rəhbərinin müavini, PA-nın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Birləşmiş Millətlər Təşkilatının (BMT) Sivilizasiyalar Alyansının VII Qlobal Bakı Forumu çərçivəsində “Sülhün bərqərar edilməsi və terrorun aradan qaldırılması” mövzusunda panel iclasında deyib.
O, bildirib ki, Sovet İttifaqının süqutundan sonrakı vəziyyət analiz edilməlidir: “Dünyada 50 ölkənin çətin vəziyyətdə olduğunu görürük. Bunun səbəbləri nədir? Düşünürəm ki, burada ədalət prinsipləri pozulub. İŞİD məsələsinə müxtəlif prizmalardan yanaşırıq. Baxın, 220 gənc qız bu terror qrupu tərəfindən girov götürülüb. Beynəlxalq təşkilatlar isə bu məsələdə real addım atmır. Dünya ölkələri beynəlxalq hüquq normaları ilə bağlı məsuliyyət daşıyırlar”.
N. Məmmədov Dağlıq Qarabağ münaqişəsinin həllinin tapılmaması ilə bağlı sualların ATƏT-in Minsk Qrupunun həmsədrləri olan ABŞ, Rusiya və Fransaya, eləcə də BMT-yə ünvanlanmalı olduğunu bildirib: “Amma BMT bir dəfə də olsun, Dağlıq Qarabağ münaqişəsinə münasibət bildirməyib, bu məsələni ATƏT-ə tapşırıb. ATƏT də bu məsələni 3 həmsədr dövlətə tapşırıb. O həmsədr dövlətlər isə dünyaya elan edirlər ki, bu məsələ barədə heç kim danışa bilməz. Ay yarım əvvəl Azərbaycan Avropa Şurası Parlament Assambleyasında münaqişə ilə bağlı bir məsələ qaldırılmışdı. Ancaq həmsədr dövlətlər bu məsələnin müzakirə edilməməsi ilə bağlı tapşırıq verdilər. Görürsünüz ki, 3 nəfərdən ibarət qrup AŞPA-ya göstəriş verdi, onlar da yerinə yetirdilər. Bizim ərazilərimiz olan Dağlıq Qarabağın ətrafındakı 7 rayona Ermənistanın heç bir iddiası ola bilməz, orada 760 min azərbaycanlı yaşayıb. Ancaq bununla bağlı nə BMT-də, nə də digər qurumlarda beynəlxalq hüququ yada salan yoxdur. Buna görə də bugünkü vəziyyət yaranıb. Bu gün dövlətlər deyirlər ki, başqa dövlət bunu edir, mən də edəcəyəm. Ümid edək ki, axırı yaxşı olacaq”.
N.Məmmədov Dağlıq Qarabağ mövzusuna da toxunub: “Ermənistan Qarabağı və ətraf yeddi rayonu işğal edib. Amma beynəlxalq təşkilatlar bu məsələdə susur. Bizə deyirlər, danışıqları davam etdirin. Yəni, 25 il danışıqlar aparmısınız, daha 25 il də danışıqlar aparın. Bu vəziyyət nə qədər davam edə bilər? Hələ də deyirlər ki, problemi özünüz həll edin. Bu məsələ beynəlxalq hüquq normaları çərçivəsində həll edilməlidir”.